
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən ictimai-siyasi gərginlik, iqtisadi çətinliklər, idarəetmədəki problemlər və dövlət müstəqilliyinə yaranan təhdidlər Azərbaycanın qarşısında ciddi sınaqlar yaratmışdı. Belə mürəkkəb bir tarixi şəraitdə xalqın böyük əksəriyyəti çıxış yolunu dövlətçilik təcrübəsinə, siyasi iradəsinə və uzaqgörənliyinə inandığı Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görürdü. Bunun üçün də xalq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi.
1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışı, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi və həmin ilin oktyabrında Prezident seçilməsi ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanan Ulu Öndər Heydər Əliyev oktyabrın 10-da Prezident kimi and içdi. Bununla da Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkədə sabitliyin bərqərar edilməsi və müstəqilliyin qorunması istiqamətində ardıcıl dövlət siyasətinin əsası qoyuldu. Ümummilli Lider həmin dövrdə özünün əsas siyasi vəzifəsini dövlətin qorunması və inkişafının təmin edilməsində görürdü. Andiçmə mərasimində söylədiyi fikirlər onun dövlətçilik fəlsəfəsini aydın şəkildə ifadə edirdi: “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Bu sözlər sonrakı illərdə onun fəaliyyətinin əsas mahiyyətinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və cəmiyyətin vahid milli məqsədlər ətrafında birləşdirilməsi idi. O, dövlətin gücünü yalnız siyasi və iqtisadi imkanlarda deyil, həm də xalqın dövlətçilik şüurunda, milli həmrəyliyində və dövlətə bağlılığında görürdü. Ulu Öndər deyirdi: “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır.” Bu yanaşma dövlətçilik anlayışını yalnız dövlət idarəçiliyinin prinsipi kimi deyil, hər bir vətəndaşın məsuliyyəti və mənəvi borcu kimi təqdim edirdi.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsasını Azərbaycanın müstəqilliyinin qorunması, suverenliyin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, milli-mənəvi dəyərlərin yaşadılması və ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması təşkil edirdi. Onun fikrincə, müstəqillik xalqın ən böyük tarixi nailiyyəti idi. Ulu Öndərin “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır” fikri bu baxışın mahiyyətini ifadə edən siyasi tezislərdən birinə çevrilmişdir.
Heydər Əliyevin siyasi irsində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu xüsusi yer tutur. Onun rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi əsaslarını müəyyənləşdirdi. Ulu Öndərin dövlət quruculuğu fəlsəfəsində insan hüquqları, qanunun aliliyi və vətəndaş azadlıqları mühüm yer tuturdu. O deyirdi: “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir.” Bu fikirlər dahi şəxsiyyətin siyasi baxışlarında demokratiya, hüquq və dünyəviliyin bir-birindən ayrılmaz prinsiplər kimi qəbul edildiyini göstərir.
Ümummilli Liderin rəhbərliyi dövründə hüquq sisteminin təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatlarının aparılması, insan hüquq və azadlıqlarının müdafiəsi üçün yeni institutların yaradılması istiqamətində mühüm addımlar atıldı. Senzuranın ləğvi, ölüm hökmünün aradan qaldırılması, Konstitusiya Məhkəməsinin və Ombudsman institutunun yaradılması həmin dövrün mühüm hüquqi-siyasi dəyişiklikləri sırasında yer aldı.
Heydər Əliyevin dövlətçilik irsinin mühüm istiqamətlərindən biri də azərbaycançılıq ideologiyasının formalaşdırılmasıdır. Azərbaycançılıq xalqın milli-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini, dilini, tarixini və mədəniyyətini vahid ideoloji məfkurə ətrafında birləşdirən konsepsiya kimi formalaşdı. Ulu Öndər bu ideyanın mahiyyətini belə ifadə edirdi: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir.” Azərbaycançılıq ideyasının mühüm xüsusiyyəti onun yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları da vahid milli ideya ətrafında birləşdirməsidir. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu istiqamətdə mühüm tarixi hadisə oldu. Ulu Öndər həmin qurultayda “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır” deyərək milli birlik və həmrəyliyin dövlətçilik baxımından əhəmiyyətini bir daha vurğuladı.
Müstəqil dövlətin siyasi suverenliyi ilə yanaşı, iqtisadi müstəqilliyinin təmin olunması da Heydər Əliyevin dövlətçilik siyasətinin əsas istiqamətlərindən idi. Ulu Öndər iqtisadi inkişafı ölkənin siyasi müstəqilliyinin möhkəmləndirilməsi üçün mühüm amil hesab edirdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni iqtisadi strategiyasının mühüm mərhələsinə çevrildi. Bu müqavilə ölkənin enerji potensialının beynəlxalq əməkdaşlıq müstəvisində reallaşdırılmasına, xarici investisiyaların cəlb edilməsinə və Azərbaycanın dünya enerji bazarında mövqelərinin möhkəmlənməsinə imkan yaratdı. Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin istifadəyə verilməsi, daha sonra Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi regional enerji layihələrinin gerçəkləşdirilməsi Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini artıran mühüm layihələr sırasında yer aldı. Bu strategiyanın mahiyyəti yalnız neft gəlirlərinin əldə olunmasından ibarət deyildi. Əsas məqsəd enerji resurslarını dövlətin uzunmüddətli inkişafına, iqtisadi təhlükəsizliyinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edən strateji vasitəyə çevirmək idi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xarici siyasətdə milli maraqlara əsaslanan, praqmatik və tarazlaşdırılmış yanaşma formalaşdırdı. Ölkənin beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsi xarici siyasətin əsas istiqamətlərindən oldu. Ulu Öndər Azərbaycanın dünya birliyində müstəqil və nüfuzlu dövlət kimi mövqeyinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Onun “Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur” fikri ölkənin beynəlxalq mövqeyinə verilən əhəmiyyəti əks etdirirdi. Heydər Əliyevin xarici siyasət kursunda Azərbaycanın ərazi bütövlüyünün və milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi də mühüm yer tuturdu. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq gündəlikdə saxlanılması, Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq hüquqa əsaslanan həll prinsipinin müdafiəsi bu siyasətin mühüm istiqamətlərindən idi.
Heydər Əliyev siyasi idarəetmədə hadisələrin yalnız cari nəticələrini deyil, onların uzunmüddətli perspektivlərini də nəzərə alan yanaşması ilə seçilirdi. Onun siyasi fəaliyyətində qərarların ardıcıllığı, strateji planlaşdırma, milli maraqların prioritetliyi və real vəziyyətin düzgün qiymətləndirilməsi mühüm yer tuturdu. Ulu Öndərin siyasi irsi həm də peşəkar idarəetmə məktəbi kimi qiymətləndirilir. Onun çıxışları, dövlət qurumları ilə keçirdiyi görüşlər və müxtəlif məsələlərə münasibəti idarəetmədə məsuliyyət, intizam və nəticəyönümlülüyün vacibliyini göstərirdi. Onun “Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir” fikri dövlət siyasətinin strateji məqsədlərini ifadə edirdi.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm nəticələrindən biri dövlətçilik institutlarının möhkəmləndirilməsi, Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi və ölkənin gələcək inkişafı üçün möhkəm siyasi, hüquqi və iqtisadi baza yaradılmasıdır. Onun siyasi irsində müstəqillik, dövlətçilik, azərbaycançılıq, milli-mənəvi dəyərlər, hüquqi dövlət, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Ulu Öndərin “Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir” fikri dövlət müstəqilliyinin qorunması və gələcək nəsillərə ötürülməsi məsuliyyətini aydın şəkildə ifadə edir.
Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əsas məzmununu isə onun Azərbaycan dövlətinin gələcəyinə inamı tamamlayırdı. O deyirdi: “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm.” Bu baxış Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev irsinin yalnız keçmişin siyasi salnaməsi olmadığını, dövlət quruculuğuna, milli həmrəyliyə və müstəqilliyin qorunmasına dair düşüncə sistemi kimi əhəmiyyət daşıdığını göstərir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə fəaliyyəti, dövlət quruculuğuna baxışı və siyasi irsi ölkənin müasir tarixinin öyrənilməsində mühüm mənbələrdən biri olaraq qalır. Onun həyat yolu və dövlətçilik fəaliyyəti Azərbaycan tarixində bir siyasi şəxsiyyətin deyil, bütöv bir dövlətçilik mərhələsinin salnaməsini təşkil edir.