1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü

24 türkdilli tayfanın ən qədimi olan Oğuz tayfalarına mənsub Azərbaycan türklərinin dili tarix boyunca müxtəlif əlifbalarla yazıya alınmışdır. Uzun illər ərəb, fars və kiril əlifbası dilimizin yazılışı üçün istifadə olunmuşdur. Tarixin sınaqlarından keçmiş xalqımız bu dövrlərdə müxtəlif imperiyaların təsiri altında yaşasa da, öz milli kimliyini və ana dilini qoruyub saxlamağı bacarmışdır.

XIX əsrdə yaşamış mütəfəkkir, ziyalı Mirzə Fətəli Axundzadə ilk dəfə latın qrafikalı Azərbaycan əlifbasını yaradaraq, dilimizin inkişafı istiqamətində mühüm addım atmışdır. 1857-ci ildə o, ərəb qrafikalı əlifbanın ləğv edilərək yeni, daha sadə əlifbanın qəbulunu təklif etsə də bu ideyanı həyata keçirə bilməmişdir. Lakin 1929-cu ildə Azərbaycanda latın qrafikasına keçid təmin olunaraq xalqımız bu əlfbadan istifadə etmişdir. Ancaq ölkəmizdə sovet hakimiyyəti qurulduqdan sonra əlifbanın yenidən dəyişdirilməsi məsələsi ortaya atıldı. 1940-cı ildə Azərbaycanda kiril əlifbasından istifadə edilməyə başlanıldı və tədris, mətbuat, rəsmi yazışmalar bu əlifba əsasında həyata keçirildi. Sovet dövründə Azərbaycanda kiril əlifbasının tətbiq olunması ilə yanaşı ana dilimiz də daima təzyiqlərlə qarşılaşmışdır. 1991-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra 1992-ci ildə Azərbaycan Respublikası yenidən latın qrafikalı əlifbaya keçmək barədə qərar verdi və bu proses 2000-ci illərin əvvəllərinə qədər mərhələli şəkildə davam etdi.

1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər.

Xalqımızın milli ruhu, ziyalıların və siyasətçilərin səyləri nəticəsində ana dilimiz daima öz mövqeyini qoruyub saxlamışdır. Xüsusilə 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndərimizin bu çıxışı və təklifi milli kimliyimizin rəsmi təsdiqi kimi tarixə düşmüşdür.

Bütün süni məhdudiyyətlərə baxmayaraq Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.

Ümummilli Liderimizin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Prezident İlham Əliyev də dil siyasətini daim diqqət mərkəzində saxlamış, bu sahədə bir sıra mühüm sərəncamlar imzalamışdır. Onun 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamla ölkədə latın əlifbasına keçid tam həyata keçirildi. 2004–2008-ci illər ərzində bu istiqamətdə çoxsaylı əsərlər çap olundu. Bundan əlavə, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar ana dilimizin tətbiq dairəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Müasir dövrdə informasiya texnologiyalarının və qloballaşmanın sürətli inkişafı bir çox xalqların ana dilini təhlükə altına salır. Bu baxımdan, ölkəmizin Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə qəbul olunan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dilimizin gələcəyinin təminatçısı olan mühüm sənədlərdən biri kimi tarixin yaddaşına həkk olunmuşdur.

 

PS: Dil yalnız bir ünsiyyət vasitəsi deyil, həm də hər bir xalqın tarixi, mədəniyyəti və milli kimliyidir. Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur.