1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Culfa rayonunda da qeyd edilib

Culfa Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Azad uşaqların hüquqları” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub. Ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər ölkəmizin gələcəyi olan uşaqların sağlam, hərtərəfli, yüksək mənəvi keyfiyyətlərə sahib fərd kimi böyümələri üçün həyata keçirilən dövlət siyasətindən bəhs ediblər. Qeyd olunub ki, uşaqların sağlam inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. 

Tədbirdə rayonun ictimai həyatında fərqlənən bir qrup uşağa, şəhid və Vətən müharibəsi iştirakçılarının övladlarına qiymətli hədiyyələr təqdim olunub.

Sonda uşaqlar rəqs və musiqi nömrələri ilə çıxış ediblər.