1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Culfa rayonunda da qeyd olunub

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Culfa Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov və Culfa şəhər 3-nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Zamanlı İnci Nəsimi qızı çıxış edərək bildiriblər ki, uşaqlar cəmiyyətin ən dəyərli sərvəti, ölkənin gələcəyi və sabahın qurucularıdırlar. Qeyd olunub ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması, onların sağlam, təhlükəsiz və yüksək mənəvi dəyərlər əsasında yetişməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Tədbir çərçivəsində rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup uşağa diplomlar və hədiyyələr təqdim olunub.

Sonda uşaqların təqdimatında rəqs və musiqi nömrələri nümayiş etdirilib.