17 Noyabr – Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycan xalqının yaddaşında milli iradənin, azadlıq mübarizəsinin başlanğıcı kimi əbədi iz qoymuş gündür. 1988-ci il noyabrın 17-də Azadlıq Meydanında başlayan kütləvi etirazlar, xalqın sovet rejiminə qarşı səsi, eyni zamanda milli kimliyə, vətənə, dövlətə bağlılığın nümayişi idi.

Bu tarixi gün təkcə Qarabağla bağlı ədalətsizliyə etiraz deyildi, həm də xalqımızın azad və müstəqil yaşamaq istəyinin açıq ifadəsi idi. O mitinqlər Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsinə çevrildi.

1992-ci ildən 17 noyabr rəsmi olaraq Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu gün bir xalqın oyanışı, milli qürurunun yenidən dirçəlişi və azadlığa doğru atdığı cəsarətli addımdır.