
Son bir əsrlik Azərbaycan tarixinə nəzər saldıqda 19 və 20 rəqəmlərinin xalqımızın taleyində önəmli yerinin olduğunu görərik. Belə ki, 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı ilk və irimiqyaslı silahlı hücumları, 1918-ci ilin martında daşnaklar tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı, 1918-1920-ci illərdə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və süqutu, 1948-1953-cü illərdə azərbaycanlıların dədə-baba yurdlarından zorla köçürülməsi, 1988-ci ildə soydaşlarımızın növbəti dəfə öz tarixi torpaqlarından deportasiyası, 1990-cı ilin yanvarında paytaxt Bakıda Sovet ordusunun “Qanlı yanvar” faciəsini törətməsi, 1992-ci ildə erməni cəlladları tərəfindən “Xocalı soyqırımı”nın həyata keçirilməsi və.s. Göründüyü kimi 19 və 20 rəqəmləri xaqlmızın tarixində faciələrin yaşandığı illərin və günlərin çoxluğunu özündə gizlədir. Lakin 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin öndərliyində ordumuz tərəfindən qazanılan və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan qələbə 19 və 20 rəqəmlərinin acı xatirələrinin üzərinə sərin su səpdi. Artıq dünya azərbaycanlıları beş ildir ki, sevincli, qürurlu hislər keçirirlər. Belə ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın ordu birləşmələri tərəfindən işğal altında saxlanılan tarixi yurd yerlərimizi azad etdi. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla Ermənistan kapitulyasiya aktına imza atdı.
Lakin xarici havadarlarının dəstəyinə arxalanan düşmən öz çirkin xislətindən əl çəkməyərək, 10 noyabr tarixli Bəyanata zidd olaraq üç il ərzində silahlı qüvvələrini və hərbi texnikasını Azərbaycan ərazilərindən çıxarmadı. Əksinə ordumuza qarşı təxribat xarakterli hərəkətlərini davam etdirdi.
Hətta Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq yerindədir” xəbərdarlığını ciddiyə almayaraq gərginliyi daha da artırırdılar. Ermənilərin şıltaqlığna dur deməyin zamanı gəlmişdi. Müzəffər Ordumuz Azərbaycan ərazisində yerləşən qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi təyinatlı vasitələr və canlı qüvvə daşımalarının qarşısını almaq məqsədilə mühüm addımlar atdı. Belə ki, 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən Laçın–Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində yerləşən ərazidə “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi yaradıldı. Bu mühüm addım Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində növbəti strateji uğur oldu. Daha sonra separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda etiraz aksiyası keçirildi. Çünki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqları qeyri-qanuni şəkildə istismar olunurdu və təbii sərvətlərimiz Ermənistana daşınırdı.
Təəssüf ki, Azərbaycanın sülh və humanizmə əsaslanan çağırışlarına baxmayaraq, Ermənistan tərəfi bu çağırışlara adekvat münasibət göstərmədi. Əksinə, erməni silahlı birləşmələri bölgədə vəziyyəti daha da gərginləşdirmək məqsədilə yeni silahlar əldə edərək təxribatlar törətməyə davam edirdilər. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Lakin tam tərsinə, imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri öz mövcudluğunu davam etdirirdi. Hadisələr elə bir həddə çatmışdı ki, Qarabağda yerləşən qeyri-qanuni separatçı rejim hələ də “müstəqillik” iddiasından əl çəkmir, özlərinə oyuncaq “prezident” seçir, qondarma “parlament” adından Azərbaycan dövlətinə qarşı əsassız və təxribat xarakterli bəyanatlar yayırdılar. Həmçinin, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda törədilən növbəti terror aktı nəticəsində əvvəlcədən basdırılmış minaların partlaması ilə mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid olmuş, bir neçə nəfər yaralanmışdır. Paralel olaraq, Azərbaycan Ordusunun bölmələri erməni silahlı birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulmuş, nəticədə iki hərbi qulluqçumuz yaralanmışdır. Həmin gün Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin törətdiyi digər terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində iki mülki şəxs həlak olmuşdur. Eyni zamanda, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini möhkəmləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirməsi Azərbaycan Ordusu tərəfindən müəyyən edilmişdir. Baş verən haadisələr nəinki Azərbaycanın suverenliyinə açıq hörmətsizlik idi, həm də regionda sülhə və təhlükəsizliyə ciddi təhdid təşkil edirdi.
Şəhidlərimizin qisasını almaq, bölgədə sülh və təhlükəsizliyi bərpa etmək, eləcədə 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Ordusu 19 sentyabrda lokal xarakterli antiterror tədbirlərinə start verdi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat yüksək peşəkarlıqla həyata keçirildi və bütün tapşırıqlar uğurla yerinə yetirildi. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və silahlı birləşmələrə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmiş, eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilmiş və məlumat vərəqələri paylanılımışdır.
Antiterror əməliyyatı zamanı Ermənistan silahlı qüvvələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırdı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror əməliyyatı aşağıdakı şərtlərlə dayandırıldı:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Əməliyyat nəticəsində illərdir erməni separatçılarının nəzarətində olan tarixi torpaqlarımız tamamilə azad edildi, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu.
Dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror əməliyyatından sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı.
Antiterror əməliyyatı yeni dövrün – suverenliyə əsaslanan sabitlik mərhələsinin başlanğıcı oldu. Buna qədər isə ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə və onların xaricdəki havadarlarına açıq şəkildə müraciət edərək xəbərdarlıq etmişdi ki, Ermənistan və separatçıların silahlı qüvvələrinin Azərbaycan ərazisində – Qarabağ bölgəsində qalması 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır və bu vəziyyətə dərhal son verilməlidir.
Azərbaycan dövləti bu prosesi siyasi və diplomatik yolla həll etməyə çalışsa da, qarşı tərəfin qeyri-konstruktiv mövqeyi, separatçılığı dəstəkləyən davranışları və davam edən təxribatları antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etmişdi. Azərbaycanın məqsədi bölgədə daimi sülh və sabitliyin təmin olunması, suverenlik və qanunçuluğun bərpası idi – bu da uğurla həyata keçirildi. Son nəticə olaraq, Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Bununla da həm regionda yeni geosiyasi reallıqlar formalaşdı, həm də Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsinə nail oldu. Bu tarixi uğur illərlə davam edən ədalətsizliyə, xalqımızın torpaq həsrətinə son verdi və dövlətimizin suverenliyini faktiki olaraq bərpa etdi.
Beləliklə, cəmi 24 saatdan az müddətdə həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qeyri-qanuni mövqe tutmuş Ermənistan silahlı qüvvələri tam şəkildə tərksilah olundu və ölkə ərazisini tərk etdi. Qarabağda illərlə fəaliyyət göstərən xunta rejimi ləğv edildi, separatçı qurumun əsas rəhbərləri hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olundu. Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa edildi. Bu Zəfər tarixi Azərbaycanın üçrəngli bayrağının Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəran kimi strateji şəhərlərdə ucaldılması ilə yekunlaşdı. Bu, Azərbaycanın güclü siyasi iradəsi, hərbi qüdrəti və xalq birliyinin təntənəsi oldu.
P.S 19-20 rəqəmləri bu dəfə xalqımızın tarixinə qəhrəmanlıq salnamələrinin yazılması ilə yaddaşlara həkk olundu və Azərbaycanın yeni tarixi abzasdan və böyük hərflərlə yazılmağa başlandı.