20 oktyabr – Zəngilan şəhəri azaddır!

Zəngilan Azərbaycanın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutan, hər qarışı tarix, hər daşı şəhid qanı ilə yoğrulmuş müqəddəs Vətən torpağımızdır. Bu diyar xalqımızın əsrlərlə davam edən mübarizə iradəsinin, yenilməzliyinin və milli qürurunun təcəssümüdür.

Zəngilanın qədim kökləri Zəngəzur diyarına bağlıdır. Bu torpaq min illər boyu Azərbaycan dövlətlərinin tərkibində olmuş, türk mədəniyyətinin beşiyi sayılmışdır. Lakin XX əsrin əvvəllərində regionda baş verən siyasi oyunlar nəticəsində Zəngəzurun bir hissəsi Azərbaycandan qoparıldı. 1920-ci il noyabrın 30-da bolşevik Rusiyası tərəfindən Zəngəzurun 7,186 kvadrat kilometrlik ərazisinin 3,877 kv kilometri Ermənistana verildi. Bununla da qədim türk yurdu süni şəkildə parçalandı, Zəngəzur adı xəritədən silinərək yerində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Bu ədalətsiz qərar təkcə ərazi itkisi deyildi. Həmçinin Azərbaycan xalqının tarixi, mədəni və mənəvi bağlarına vurulan ağır zərbə idi. Bütün bu hadisələrin ardınca ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiyalar başladı. 1905–1920, 1948–1953 və 1988–1992-ci illərdə yüz minlərlə soydaşımız ata-baba yurdlarından zorla köçürüldü, Zəngəzur, Göyçə, Dərələyəz, İrəvan və digər bölgələrdə azərbaycanlıların evləri dağıdıldı, məscidlər, qəbiristanlıqlar, tarixi abidələr yerlə-yeksan edildi. Daha sonra, 1930-cu ildə Azərbaycan SSR-də Zəngilan inzibati rayon kimi yaradıldı. Rayon təbiətinin füsunkarlığı, çinar meşələrinin gözəlliyi, zəngin kənd təsərrüfatı və qədim abidələri ilə fərqlənən Zəngilan ölkəmizin özünə xas təbiətinə məxsus bölgələrindəndir. “Həmçinin Şəhri Şərifan” kimi tanınan orta əsr şəhərinin qalıqları bu torpağı Azərbaycanın qədim tarixinin canlı sübutu edir. 

1990-cı illərin əvvəllərində Ermənistan ordusunun Azərbaycana elan olunmamış müharibəsi nəticəsində digər bölgələrimiz kimi Zəngilan rayonu da işğala məruz qaldı. Belə ki, Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan şəhəri tam mühasirəyə düşdü. Şəhər əhalisi Azərbaycan əsgəri ilə birlikdə 67 gün ərzində 235 şəhid və itkin verməsinə baxmayaraq düşmənə güclü müqavimət göstərdi. Lakin qüvvələr nisbətinin düşmən tərəfində olması ucubatından zəngilanlılar məcbur qalaraq Araz çayını keçərək İran ərazisindən Azərbaycana daxil oldular və 43 rayonda müvəqqəti məskunlaşdılar. Bu 67 gün Zəngilan xalqının əyilməyən iradəsinin simvoluna çevrildi. 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun igidliyi və peşəkarlığı ilə tarixə yazıldı. Cəbhənin müxtəlif istiqamətlərində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində düşmənin müdafiə xətti yarıldı, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu qətiyyətli irəliləyiş nəticəsində 2020-ci il oktyabrın 18-də Zəngilan rayonu düşmən tapdağından xilas edildi. Zəngilanın azad olunması ilə Azərbaycan-İran sərhədinin tam bərpası təmin olundu, dövlətimizin strateji mövqeləri möhkəmləndi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Döyüşlərdə qəhrəmanlıq göstərən 6974 hərbi qulluqçumuz “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi. 

Zəngilan artıq yalnız keçmişin həsrəti ilə deyil, gələcəyin ümid və inamı ilə anılır. Zəngilan rayonu işğaldan azad edildikdən sonra dövlətimizin əsas prioritetlərindən biri bu torpaqlarda həyatın yenidən bərpa edilməsi, insanların doğma yurda qayıdışının təmin olunması oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində ilk pilot layihə məhz Zəngilan rayonunun Ağalı kəndində icra olundu. Ağalı ağıllı kənd layihəsində  yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə  dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar  tətbiq edilmişdir. 

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” konsepsiyası həm ətraf mühitin mühafizəsinə, həm də sakinlərin yüksək rifahına yönəlmiş müasir yanaşmanı əks etdirir. Burada enerji səmərəliliyi və ekoloji dayanıqlılıq əsas prioritetlərdən biri kimi nəzərə alınıb.

İsidilmə sistemi kimi kombinə edilmiş qurğular – odun və briketlə işləyən mətbəx sobası, elektrod boyler və günəş kollektorları – istifadə olunur. Bu texnologiyalar təkcə yanacaq sərfiyyatını deyil, istixana qazlarının emissiyasını da xeyli azaldır. Su ehtiyacları üçün isə günəş enerjisi hesabına isidilən sistemlərdən istifadə edilir. Bioloji üsulla təmizlənən çirkab sular nəticəsində ildə 41.000 m³ texniki suyun əldə olunması isə kənddə su resurslarının təkrar istifadəsini təmin edir.

Rəqəmsal infrastruktur da yüksək səviyyədə qurulub. GPON texnologiyası ilə təmin edilən kənddə sakinlər sürətli internet, İP TV və telefon xidmətlərindən rahatlıqla faydalanırlar. Ağıllı müşahidə kameraları, LCD məlumat lövhələri, səsli anons sistemi, Wi-Fi və avtomatik hava məlumatı təqdim edən çox funksiyalı işıq dirəkləri kəndin təhlükəsizliyini və rahatlığını artırır. Əlavə olaraq, Tele-səhiyyə, E-təhsil və digər e-xidmətlərin tətbiqi Ağalı kəndini müasir və innovativ idarəetmənin mərkəzinə çevirir. Bu kənd modeli gələcəyin yaşayış məkanı kimi həm texnoloji inkişafı, həm də ekoloji məsuliyyəti özündə birləşdirir.

Zəngilan rayonu təkcə coğrafi gözəlliyi ilə deyil, həm də strateji mövqeyi ilə ölkəmizin yeni inkişaf mərhələsində mühüm rol oynayır. Bölgənin nəqliyyat dəhlizləri üzərində yerləşməsi burada iri infrastruktur layihələrinin reallaşmasını zəruri edib. Bu baxımdan, Zəngilan Beynəlxalq Hava Limanının inşası bölgənin gələcək inkişafı üçün açar rolunu oynayır.

2023-cü ildə istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı istənilən növ təyyarəni, o cümlədən genişgövdəli və ağır yük təyyarələrini qəbul etmək imkanına malikdir. ICAO və IATA standartlarına uyğun inşa edilən bu hava limanı, həm də Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturuna inteqrasiya baxımından böyük strateji əhəmiyyət daşıyır. Buradan həm sərnişin, həm də yük daşımaları regional və beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcək.

Zəngilanın nəqliyyat qovşağına çevrilməsində digər bir vacib layihə Horadiz–Zəngilan–Ağbənd dəmir yoludur. Bu yol yalnız azad olunmuş ərazilərin inteqrasiyasına yox, həm də Naxçıvanla birbaşa bağlantının təmin olunmasına xidmət edəcək. Burada paralel şəkildə inşa edilən Zəngilan–Horadiz avtomobil yolu isə 124 km uzunluğunda olmaqla, illik 15 milyon ton yük buraxılış qabiliyyəti ilə bölgənin iqtisadi yükdaşıma potensialını ciddi şəkildə artıracaq.

Artıq yol boyunca onlarla mühüm texniki qurğular – 259 suötürücü boru, 39 körpü, 7 alt keçid və digər elementlərin inşası başa çatdırılıb. Davam edən tunel və körpü tikintiləri bu nəqliyyat arteriyasının yaxın gələcəkdə tam funksional istifadəyə verilməsini təmin edəcək.

Zəngilan şəhərindəki tarixi məscidin taleyi işğalın və vandalizmin acı izlərini özündə daşıyır. XIX əsrdə inşa olunmuş, memarlıq abidəsi kimi dövlət tərəfindən qeydiyyata alınmış bu məscid işğal dövründə mənəvi təhqirə məruz qalmış, dini məkan olma funksiyası itib, düşmən tərəfindən tövlə kimi istifadə olunmuşdur. Məscidin divarları dağıdılmış, strukturu ciddi zərər görmüş, tarixi görkəmini 70 faizədək itirmişdi. Lakin 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması ilə bu müqəddəs məkana da həyat qayıtdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən bərpa və dirçəliş siyasətinin tərkib hissəsi olaraq, Zəngilan məscidində də bərpa-tikinti və konservasiya işlərinə başlanıldı. Bu yenidənqurma təkcə bir məscidin deyil, milli kimliyimizin, mənəvi mirasımızın, tarixi ləyaqətimizin bərpasıdır.