
Azərbaycan tarixinin son otuz ildən artıq dövrü xalqımızın torpaqlarının işğalı, ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda apardığı mübarizə ilə yadda qalıb. Bu uzun və mürəkkəb yolun sonunda əldə edilən Zəfər yalnız hərbi qələbə deyil, həm də milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinə çevrilib. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də məhz bu tarixi proseslərin məntiqi nəticəsi olaraq təsis edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-də bu əlamətdar gün qeyd olunur. Bu tarix Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsinin, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində dövlət atributlarının bərqərar olmasının və həmin ərazilərdə yeni həyatın başlanmasının rəmzidir.
2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi. Bunun ardınca 15 oktyabr 2023-cü ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xankəndidə Dövlət Bayrağının ucaldılması Azərbaycan xalqının onilliklər ərzində gözlədiyi tarixi anlardan biri oldu. Həmin gün Prezident İlham Əliyev çıxışında Azərbaycan Bayrağının vaxtilə işğal altında olmuş bütün ərazilərdə dalğalanmasının qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu vurğulayaraq bildirdi ki, bu müqəddəs məqsədə doğru hər gün, hər saat addımlar atılıb. Bu baxımdan 20 Sentyabr yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün Azərbaycan xalqının milli iradəsinin, dövlətin qüdrətinin və suverenliyinin təcəssümü kimi mühüm məna daşıyır.
Xankəndi şəhərinin siması son illərdə həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və inkişaf layihələri nəticəsində sürətlə dəyişir. Şəhərdə təhsil, mədəniyyət, idman, turizm, nəqliyyat və digər sahələr üzrə mühüm layihələr həyata keçirilir. Qarabağ Universitetinin yaradılması Xankəndinin yeni inkişaf mərhələsinin ən mühüm göstəricilərindən biridir. Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində “Qarabağ Universiteti” publik hüquqi şəxsin yaradılması regionda yüksək ixtisaslı kadrların hazırlanmasına, elm və təhsil mühitinin formalaşmasına mühüm imkan yaradıb.
Xankəndidə Zəfər parkının, Konqres Mərkəzinin, hotel və digər sosial obyektlərin istifadəyə verilməsi, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, dəmir yolu və avtovağzal kompleksinin təməlinin qoyulması şəhərin iqtisadi və sosial həyatının canlanmasına xidmət edir.
2023-cü ilin noyabrında Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi isə şəhərin Azərbaycanın dövlətçilik tarixindəki xüsusi yerini bir daha nümayiş etdirdi. Xankəndi artıq yalnız keçmişin mühüm şəhəri deyil, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm mərkəzlərindən birinə çevrilir.
Azərbaycan xalqının yaddaşında Xocalının xüsusi yeri var. Xocalı adı həm ağır faciə ilə bağlı tarixi yaddaşı, həm də bu torpaqda həyatın yenidən bərpa olunmasını özündə birləşdirir. Xocalı şəhərində və ətraf kəndlərdə genişmiqyaslı bərpa işləri aparılır. Yeni yaşayış binaları, fərdi evlər, sosial obyektlər və infrastruktur qurulur, sakinlərin doğma torpaqlarına qayıdışı təmin edilir.
Xocalı Soyqırımı Memorialının yaradılması xalqımızın faciə qurbanlarının xatirəsinə ehtiramının ifadəsidir. Memorialın 2026-cı ildə açılması Xocalının tarixi yaddaş məkanına çevrilməsi baxımından mühüm hadisədir. Bu gün Xocalıda yaşayış məntəqələrinin bərpası ilə yanaşı, iqtisadi fəaliyyətin genişləndirilməsi istiqamətində də addımlar atılır. Müxtəlif istehsal və kənd təsərrüfatı müəssisələrinin yaradılması bölgənin iqtisadi potensialının hərəkətə gətirilməsinə xidmət edir. Həmçinin Xocalıda qurulan hər yeni ev, açılan hər məktəb və fəaliyyətə başlayan hər bir müəssisə doğma torpaqlara qayıdışın real mənzərəsini formalaşdırır.
Xocavənd də işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa və quruculuq prosesinin əsas ünvanlarından birinə çevrilib. Hadrut, Tuğ, Xocavənd şəhəri, Xocavənd kəndi, Qırmızı Bazar və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr bu ərazilərin sosial-iqtisadi potensialının yenidən formalaşdırılmasına yönəlib. Hadrut qəsəbəsində yaşayış məhəllələrinin, inzibati mərkəzin, məktəbin, məscidin və digər obyektlərin bərpası, Tuğ kəndində tarixi və mədəni irsin qorunması istiqamətində görülən işlər bölgənin yeni inkişaf mərhələsinin əsas istiqamətlərindəndir. Xocavənd şəhərində və kəndlərində aparılan quruculuq işləri ilə paralel olaraq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Artıq minlərlə insan bu ərazilərdə yenidən məskunlaşıb. Bu proses təkcə yaşayış məntəqələrinin fiziki olaraq yenidən qurulması deyil, həm də uzun illər ərzində pozulmuş həyat ritminin bərpasıdır.
Ağdərə də son illərdə həyata keçirilən ardıcıl layihələrlə yeni inkişaf mərhələsinə qədəm qoyub. Suqovuşanda yeni yaşayış kompleksinin istifadəyə verilməsi, məscidin açılması, kəndlərdə fərdi evlərin və infrastrukturun bərpası, yolların yenidən qurulması və enerji layihələrinin həyata keçirilməsi Ağdərədə həyatın bərpasının mühüm göstəriciləridir. Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının istifadəyə verilməsi, “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti, kəndlərin inkişafı və yeni infrastruktur layihələri regionun iqtisadi potensialının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Ağdərə şəhərinin Baş planının təqdim edilməsi isə şəhərin gələcək inkişafının sistemli şəkildə təşkilinə hesablanmış mühüm addımlardan biridir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin ən mühüm məqsədlərindən biri insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. 2026-cı il avqustun 17-dək Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində ümumilikdə 119 ailə, 506 nəfər, Xocalı rayonunda 1 167 ailə, 4 841 nəfər, Xocavənd rayonunda 988 ailə, 4 070 nəfər, Ağdərə rayonunda isə 917 ailə, 3 587 nəfər məskunlaşıb. Beləliklə, yalnız bu dörd inzibati ərazi üzrə ümumilikdə 3 191 ailənin, 13 004 nəfərin doğma torpaqlarına qayıdışı təmin olunub. Bu rəqəmlərin arxasında isə minlərlə insan taleyi, illərlə çəkilən həsrət və doğma yurda qayıtmaq arzusu dayanır. Hər yeni köç karvanı Azərbaycan tarixinin uzun müddət davam edən bir səhifəsinin bağlanaraq yeni səhifənin açıldığını göstərir.
Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə və bu rayonların yaşayış məntəqələrinə ardıcıl səfərləri həmin ərazilərdə görülən işlərin dövlət səviyyəsində diqqətdə saxlanıldığını nümayiş etdirir. Bu səfərlər çərçivəsində yaşayış məntəqələrinin bərpası, yeni sosial obyektlərin, yolların, enerji və digər infrastrukturun yaradılması ilə bağlı layihələrlə tanışlıq keçirilib, sakinlərlə görüşlər təşkil olunub.
Xankəndidə Qarabağ Universitetinin, müxtəlif sosial və mədəni obyektlərin açılışlarından Xocalıda Soyqırımı Memorialının yaradılmasına, Xocavənddə Hadrut və digər yaşayış məntəqələrinin bərpasından Ağdərədə yeni infrastruktur və iqtisadi layihələrin həyata keçirilməsinə qədər bütün proseslər vahid məqsədə – Qarabağın dayanıqlı inkişafına və əhalinin təhlükəsiz, rahat və layiqli həyat şəraitinin təmin edilməsinə xidmət edir.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə yeni həyatın izləri hər addımda görünür. Bir vaxtlar dağıntılarla yadda qalan ərazilərdə məktəblər, xəstəxanalar, yaşayış binaları, yollar, istehsal müəssisələri və sosial obyektlər yaradılır. Bu baxımdan 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Bu gün bir tərəfdən dövlət suverenliyinin tam bərpasını və tarixi Zəfəri, digər tərəfdən isə həmin Zəfərin davamı olaraq həyata keçirilən böyük quruculuq və Böyük Qayıdış prosesini ifadə edir.
PS: 20 Sentyabr bundan sonra da Azərbaycan xalqının yaddaşında Zəfərin, dövlət suverenliyinin, doğma torpaqlara qayıdışın və Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərinin rəmzi kimi yaşayacaq.