20 Yanvar – Azərbaycan xalqına qarşı törədilmiş cinayətin 36 ili tamam olur

Tarixin elə anları var ki, xalqın taleyini dəyişir, onun gələcək yolunu müəyyənləşdirir. Azərbaycan xalqı üçün belə dönüm nöqtələrindən biri 1990-cı ilin 20 Yanvar gecəsidir. Həmin gecə əsarətə qarşı etiraz edən xalqın iradəsinin, azadlıq eşqinin və milli ləyaqətinin sınaqdan keçdiyi an idi.

1980-ci illərin sonlarında Sovet imperiyası artıq dağılmaq üzrə idi. Mərkəzi hakimiyyət öz gücünü itirdikcə, milli respublikalarda azadlıq istəyi güclənirdi. Lakin bu azadlıq dalğasının qarşısını almaq üçün imperiya köhnə, sınaqdan çıxmış üsula – qorxu və qan siyasətinə əl atdı. Ermənipərəst dairələrin təsiri altına düşmüş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsindəki bəzi yüksək vəzifəli şəxslər Azərbaycan xalqına qarşı yönəlmiş planların həyata keçirilməsinə şərait yaratdılar.

Əvvəlcə Ermənistan ərazisində yaşayan yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Onlar zorla öz doğma torpaqlarından qovuldu, yurd-yuvaları talan edildi. Ardınca isə Dağlıq Qarabağ məsələsi süni şəkildə gündəmə gətirildi. Sovet Ermənistanının parlamentində hüquqa, beynəlxalq normalara və tarixi ədalətə zidd qərar qəbul edilərək Qarabağın Ermənistanın tərkibinə keçirildiyi iddia olundu. Bu, açıq təxribat idi və Azərbaycan xalqının səbrini tükəndirdi.

Bu haqsızlıqlara qarşı Azərbaycan susa bilməzdi. Bakı başda olmaqla respublikanın müxtəlif bölgələrində insanlar meydanlara axışdı. İlk günlərdə tələblər ədalət və qanunun bərpası idi. Lakin Sovet rəhbərliyinin laqeydliyi, ikili standartları xalqın düşüncəsində ciddi dönüş yaratdı. Artıq meydanlarda azadlıq, istiqlal, müstəqillik çağırışları səslənirdi. Xalq öz taleyinin sahibi olmaq istəyirdi. Bu mənzərə mərkəzi hakimiyyəti qorxutdu. Çünki Azərbaycan xalqının ayağa qalxması imperiyanın digər guşələrində də azadlıq hərəkatını alovlandıra bilərdi. Buna görə də Kreml son dərəcə amansız qərar verərək insanlara atəş açılmasını əmr etdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa əmri ilə Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına sovet qoşunları yeridildi. Şəhərə tanklar, zirehli maşınlar, xüsusi təyinatlı qüvvələr daxil oldu. Dinc əhali avtomatlardan, pulemyotlardan, ağır texnikadan atəşə tutuldu. Küçələrdə insanlar yalnız azadlıq istədiklərinə görə qətlə yetirilirdi. Bu qanlı əməliyyat – tarixə “Bakı əməliyyatı” kimi düşən cinayət SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və DTK sədrinin müavini Filip Babkovun rəhbərliyi altında həyata keçirilirdi. Hadisələrin əvvəlcədən planlandığını sübut edən faktlardan biri də informasiya blokadası idi. Belə ki, yanvarın 19-u axşam saat 18:30-da televiziya stansiyasının enerji bloku partladıldı və ölkədə informasiya yayımının qarşısı alındı. Buna görə də fövqəladə vəziyyətin elan edilməsi barədə qərar yanvarın 20-də saat 00:00-da verilsə də, xalq bundan xəbərsiz idi. Əhali bu barədə yalnız səhər saatlarında Azadlıq Radiosu və vertolyotlardan atılan vərəqələr vasitəsilə məlumat ala bildi. Halbuki, qoşun hissələri fövqəladə vəziyyət elan olunmamışdan xeyli əvvəl – yanvarın 19-u saat 21:00-dan etibarən Türkan–Qala istiqamətindən Bakıya daxil olmuşdu.

Həmin gecə və sonrakı günlərdə Bakı və ətraf ərazilər qan gölünə döndü. 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, təcili yardım işçiləri və polis əməkdaşları vardı.

Hətta fövqəladə vəziyyət elan olunmayan bölgələrdə belə qan töküldü. Yanvarın 25-də Neftçalada, 26-da Lənkəranda dinc insanlar güllələndi. Yüzlərlə ev, onlarla avtomobil, dövlət və şəxsi əmlak məhv edildi. Maddi ziyan milyonlarla rubl həcmində ölçülürdü. Sonradan aparılan araşdırmalar göstərdi ki, bu qətliamda iştirak edən sovet hərbi hissələrinin tərkibinə məqsədli şəkildə erməni zabit və əsgərləri də cəlb olunmuşdu.

Faciədən sonra Sovet Azərbaycanının rəhbərliyi susdu. Lakin 1990-cı il yanvarın 21-də Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək 20 Yanvar hadisəsini açıq şəkildə pislədi. O, bu qətliamı hüquqa, demokratiyaya və insanlığa qarşı törədilmiş ağır cinayət adlandırdı və günahkarların məsuliyyət daşımalı olduğunu bildirdi. Heydər Əliyevin qətiyyətli mövqeyi 20 Yanvar faciəsinin unudulmamasında həlledici rol oynadı. 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində faciəyə ilk siyasi-hüquqi qiymət verildi. 1994-cü il martın 29-da isə Milli Məclisin qərarı ilə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi rəsmən tanındı. Bu qərarla şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Şəhid ailələri və əlillər dövlət qayğısı ilə əhatə olundu. Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Bu gün Prezident İlham Əliyevin təşəbbüsü sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Həmçinin 20 Yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil və 100-dək avtomobil təqdim edilib.

 

PS:  20 Yanvar hadisəsi yalnız bir gecənin faciəsi yox, həm də bir millətin oyanışıdır!