2026-2035-ci illər Dövlət Proqramı dayanıqlı su təminatını möhkəmləndirəcək

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə ölkənin gələcək su təhlükəsizliyi strategiyasını aydın şəkildə ortaya qoydu. Belə ki, müşavirədə səsləndirilən fikirlər bir daha göstərdi ki, dövlətin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan artıq əsas infrastruktur problemlərini arxada qoymuş, daha mürəkkəb və strateji mərhələyə qədəm qoymuşdur.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, son 20 il ərzində qəbul edilmiş regional inkişaf proqramları ölkənin həm paytaxtında, həm də regionlarda əsas infrastruktur məsələlərinin həllinə imkan yaradıb. Elektrik enerjisi ilə təchizat bu gün artıq təkcə daxili tələbatı ödəməklə kifayətlənmir, Azərbaycan eyni zamanda enerji ixracatçısına çevrilib.

Vaxtilə enerji qıtlığı yaşayan, hətta elektrik enerjisini idxal edən ölkə bu gün təqribən 10 min meqavatlıq generasiya gücünə malikdir. Yarımstansiyalar, ötürücü xətlər və paylayıcı şəbəkələr vahid sistem şəklində qurulub.

Cənab Prezident bidirdi ki, infrastruktur siyasətinin mühüm istiqamətlərindən biri də qazlaşmadır. Bu gün əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Çünki vaxtilə bizim qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi. Biz qazı da xaricdən idxal edirdik və böyük çətinliklərlə üzləşirdik. Bu gün isə dünyanın 10-dan çox ölkəsi, - bu ölkələrin sayı ildən-ilə artır və bu il də yeni ölkələr bu siyahıya daxil ediləcək, - Azərbaycan təbii qazını alıb öz enerji təhlükəsizliyini gücləndirir. Eyni zamanda artıq avtomobil yollarının inşası geniş vüsət alıb. Magistral yollar, kənd yolları, şəhərlərarası əlaqələr və işğaldan azad edilmiş ərazilərdə qurulan yeni yol infrastrukturu ölkənin vahid iqtisadi və sosial məkan kimi formalaşmasına xidmət edir.

Ölkə başçısı bildirdi ki, “İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir. Həmçinin bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq”.

Cənab İlham Əliyev qeyd etdi ki, “Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Son 20 il ərzində ancaq sadaladığım, - halbuki görülən işlər qat-qat çoxdur, - layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək.

 Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır. Bu proqramın əsas məqsədi, qeyd etdiyim kimi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Son illər ərzində burada da aparılan islahatlar imkan verdi ki, biz xarici borcumuzu böyük dərəcədə aşağı salaq və salmışıq da. Bu gün dünya miqyasında xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünyada aparıcı yerlərdədir, bu, cəmi 6 faizdən bir qədər çox təşkil edir. Yəni bu, deməyə əsas verir ki, bu gün biz daha çox xarici kreditlərə müraciət edə bilərik, xüsusilə nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə təsisatları bizə müraciətlər edirlər”.

Prezident çıxışında bildirdi ki, 30-a yaxın yeni su anbarı tikilməli, sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Biz bu proqramı daxili vəsait hesabına da icra edə bilərdik. Ancaq ölkə qarşısında duran bir çox məsələlər var. Həm Qarabağın, Şərqi Zəngəzurun bərpası, ölkəmizin hərbi gücünün artırılması və həm də digər layihələr, sosial layihələr. Ona görə qeyd etdiyim kimi, biz iki mənbədən istifadə edəcəyik. Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.

Bu gün problemlərdən biri həm də itkilərlə bağlıdır. Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi. Halbuki biz baxmalıyıq, gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir və qeyd etdiyim kimi, proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır”.

Yağış sularının idarə olunması ilə bağlı ölkə Başçısı bildirdi ki bunun üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq. “Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.

Cənab Prezident qeyd etdi ki, ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. “Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.

Vaxtilə biz Samur-Abşeron kanalını yenidən inşa etmişik. Bu, tam beton kanaldır və orada itkilər kifayət qədər azdır. Ancaq yenə də bu kanalın infrastrukturunun inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur ki, “Ceyranbatan” su anbarı dayanıqlı su ilə təmin edilsin. Bu gün Bakıya beş mənbədən su daxil olur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq və əlbəttə ki, bu axın tam təmin edilməlidir. Son 20 il ərzində həyata keçirilən layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş olardı”.