
Bu gün Azərbaycan tarixinin qürur səhifələrindən olan Kəlbəcərin erməni işğalından azad edilməsinin beşinci ildönümüdür. 27 il işğal altında qaldığı müddətdə dağıdılan, talan edilən Kəlbəcər 2020-ci il noyabrın 25-də bir güllə belə atılmadan, Şanlı Azərbaycan Ordusunun qüdrəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəti siyasi iradəsi sayəsində öz azadlığına qovuşdu. Bu, təkcə hərbi uğur deyildi, həmçinin Azərbaycan dövlətinin döyüş meydanı ilə yanaşı, həm də diplomatik masada qazandığı tarixi qələbənin parlaq təzahürü idi.
Kəlbəcərin geri qaytarılması Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan üçtərəfli Bəyanatın şərtləri əsasında təmin olundu. Ermənistan tərəfi rayonu təhvil vermək üçün əlavə 10 gün vaxt istədikdə Prezident İlham Əliyev humanizm prinsipini üstün tutaraq bu imkanı tanıdı. Lakin bu humanist jestin qarşılığı barbarlıq oldu. İşğalçı qüvvələr Kəlbəcəri tərk edərkən vəhşiliklərinin ən acı nümunələrini sərgilədi: evləri yandırdı, meşələri qırdı, tikililəri dağıtdı, təbiəti talan etdi, elektrik dirəklərini sökdü, hətta su borularını belə çıxarıb apardılar. Ermənilər Kəlbəcərdən çıxarkən sanki yandırılmış torpaq taktikasını tətbiq etdilər. Erməni xalqının əsil siması, 27 illik işğalın bütün ağrı-acıları həmin dövürdə bir daha qabarıq şəkildə gün üzünə çıxdı. Amma bütün bunların fonunda 2020-ci il noyabrın 25-i – Kəlbəcərin öz sahibinə qayıdış günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Ölkəmizin zəngin tarixini və mədəni irsini özündə yaşadan bölgələrimizdən olan Kəlbəcərin rəsmi olaraq 1930-cu ildə inzibati rayon statusu almasına baxmayaraq, bu ərazi minilliklər boyu sivilizasiyaların iz qoyduğu qədim bir yaşayış məskəni olmuşdur. Təkcə Tərtərçayın sahilləri boyunca yerləşən mağaralar və oradakı petroqliflər Kəlbəcərin daş dövründən bəri insanların məskəni olduğunu sübut edir. Arxeoloji tədqiqatlar zamanı aşkarlanmış çöp şəkilli türk əlifbası nümunələri, atəşpərəstlik dövrünə aid mədəni izlər, sonrakı mərhələdə islam mədəniyyətinin təsirləri bu torpağın zaman-zaman müxtəlif mədəniyyətlərin, dinlərin, xalqların qovşağı olduğunu göstərir. Burada qədim türklərin yaşam tərzi, inancları və sənət izləri, eyni zamanda orta əsrlərə aid məscidlər, türbələr, körpülər və qalalar bugünkü nəsillərə tarixi irs kimi miras qalıb.
“Kəlbəcər” adının da türk mənşəli olub “çay üstündə qala” anlamı daşıması onun həm coğrafi mövqeyi, həm də tarixi əhəmiyyətini bir daha təsdiqləyir. Bu söz bir tərəfdən rayonun möhtəşəm dağlar və çaylarla əhatə olunmuş relyefinə işarədirsə, digər tərəfdən qədim türklərin dil yaddaşından gələn bir nişanədir.
1993-cü ilin yazında Kəlbəcərin işğalı xalqımızın tarixində ən faciəli səhifələrdən birinə çevrildi. 2 aprel 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Kəlbəcər rayonu tamamilə işğal olundu. Nəticədə 147 yaşayış məntəqəsi, yüzlərlə tarixi və dini abidə, min illər boyu qorunan mədəni irs obyektləri dağıdıldı, yandırıldı və talan edildi. Qədim məbədlər, müqəddəs ocaqlar, türbələr və qəbiristanlıqlar erməni vandalizminin qurbanına çevrildi. Çoxsaylı mədəniyyət və təhsil ocaqları məhv edildi. Tarixi izləri silmək məqsədilə yüz illər boyu qorunan sənədlər və daş kitabələr belə yerlə-yeksan olundu. Ən dəhşətlisi isə 60 mindən artıq dinc azərbaycanlının, qadın, uşaq və yaşlıların ata-baba yurdlarından silah gücü ilə qovulması oldu. Ağır coğrafi şəraitdə, qarlı dağ aşırımlarından keçərək qaçmağa məcbur edilən insanlar saysız-hesabsız itkilər verdilər. Kəlbəcərin işğalı həm də böyük bir humanitar faciə kimi yadda qaldı.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzü Azərbaycan Ordusunun rəşadətli əks-hücum əməliyyatı ilə cavablandırıldı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşdi, ordumuz öz qəhrəmanlığı və peşəkarlığı ilə tarix yazdı. Hərbi meydanda qazanılan qələbə həm də diplomatik masada öz bəhrəsini verdi. Ermənistan 10 noyabr Bəyanatı ilə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu sənəd əsasında Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Beləliklə, bu tarixi zəfər yalnız silahlı gücün deyil, həm də milli iradənin, siyasi qətiyyətin və dövlətçilik ənənələrinin təntənəsinə çevrildi.
İşğaldan azad edildikdən sonra Kəlbəcər üçün yeni bir inkişaf mərhələsi başlandı. Uzun illər düşmən işğalı altında qalan bu gözəl diyar, azadlığa qovuşduğu gündən etibarən ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə bərpa olunmağa başlaylb. Həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcər yenidən qurulur, illərdir susmuş torpaqlar nəfəs almağa başlayıb.
2024-cü il 1 may tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” rayonun gələcək inkişafına dair geniş və strateji yol xəritəsidir. Yeni plana əsasən, şəhərin ərazisi 130 hektardan 290 hektara, əhali sayı isə 7500-dən 17 minə qədər artırılacaq. Şəhər ortamərtəbəli yaşayış binaları və inzibati mərkəzlərdən ibarət olacaq, ətraf ərazilərdə isə fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulub. Ümumi yaşayış sahəsi 488 min m² təşkil edəcək ki, bunun da 421 min m²-i fərdi evlərə, 46 min m²-i isə ortamərtəbəli binalara ayrılıb. Baş Plan çərçivəsində Kəlbəcərdə 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, reabilitasiya mərkəzi, muzeylər, ictimai-iaşə obyektləri və idman meydançaları da inşa ediləcək. Şəhər ərazisinin 22 faizi, yəni 60 hektarı yaşıllıq zonalarına çevriləcək, bu isə adambaşına 33 m² yaşıllıq sahəsi deməkdir. Bundan başqa, şəhərin yol infrastrukturu da müasirləşdiriləcək — 27 km avtomobil və 22 km velosiped yolları salınacaq. Yeni Baş Plan Kəlbəcərin dayanıqlı, ekoloji və funksional şəhər kimi inkişafına zəmin yaradacaq.
Kəlbəcərin bərpası çərçivəsində salınan yeni yaşayış kompleksi rayonda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin əsas nümunələrindəndir. Ümumi sahəsi 19,5 hektar olan ərazidə ilk mərhələdə 201 ailənin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 6 dördmərtəbəli binada ümumilikdə 162 mənzil və 39 ədəd ikimərtəbəli “townhouse” tipli ev inşa olunub. Mənzillər iki, üç və dördotaqlı olmaqla müxtəlif planlarda hazırlanıb. Hazırda indiyədək 81 ailə – 338 nəfər doğma yurduna qayıdıb. Bu, qayıdışın reallığa çevrildiyini və Kəlbəcərin sürətlə dirçəldiyini göstərir.
İşğaldan azad edilmiş Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması planlaşdırılıb. Bu çərçivədə Yanşaqda 421, Zallarda 487, Zar kəndində isə 855 ailənin yerləşdirilməsi nəzərdə tutulur. Hər üç kənd müasir infrastrukturla təmin olunacaq, sakinlər üçün rahat və təhlükəsiz yaşayış şəraiti yaradılacaq. Rayonun əsas nəqliyyat arteriyası sayılan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu da yüksək keyfiyyətlə yenidən tikilir. Bu yol regionun iqtisadi və sosial inkişafında mühüm rol oynayacaq.
Kəlbəcərin təbii sərvətlərindən olan İstisu bulaqları əsasında “İstisu” Müalicə-İstirahət Kompleksi və mineral su zavodunun yenidən fəaliyyətə başlaması planlaşdırılır. Bu layihələr həm turizm sektorunun inkişafına, həm də bölgənin məşğulluq imkanlarının genişlənməsinə töhfə verəcək.
Bu gün Kəlbəcər təkcə coğrafi baxımdan deyil, həm də ruhən dirçəlir. İşğal dövrünün izləri silinir, dağıdılmış abidələr bərpa edilir, mədəni mirasın qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ciddi işlər aparılır. Dövlətimizin iradəsi, xalqımızın dözümü və birlik ruhu sayəsində Kəlbəcər öz tarixi möhtəşəmliyinə qayıdır — daha güclü, daha abad və daha ümidverici bir gələcəklə.
Prezident İlham Əliyevin Kəlbəcərə 2021-ci ildə etdiyi tarixi səfəri zamanı söylədiyi sözlər bu gün də böyük qürurla xatırlanır:
“Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə qayıtmışıq. Artıq inkişafla bağlı planlarımızı da reallaşdırırıq.”
Bu sözlər Kəlbəcərin gələcəyinə verilən böyük dəyərin, böyük ümidin, böyük sevginin ifadəsidir.