
26 avqust 2022-ci ildə Azərbaycan Ordusu Laçın şəhərinə və ətraf kəndlərə nəzarəti tam bərpa etdiyi gündür. Bu tarix yalnız ərazinin bərpası deyil, həm də Qarabağ və Şərqi Zəngəzur regionlarının bütövlüyünün təmin edildiyi gündür. Dövlətimizinn milli güc və iradəsinin nümayiş olunduğu gündür.
1991–1994-cü illərdə Ermənistan silahlı qüvvələri Sovet İttifaqının dağılmasından sonra yaranan siyasi boşluqdan istifadə edərək Azərbaycana qarşı genişmiqyaslı işğalçı müharibə həyata keçirdi. Bu dövrdə Qarabağla yanaşı, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Ağdam rayonları da işğal olundu. Nəticədə minlərlə insan şəhid oldu, bir milyondan çox soydaşımız məcburi köçkünə çevrildi.
Ermənistanın ölkəmizə qarşı başlatdığı elan olunmamış müharibə zamanı strateji əhəmiyyətə malik olan Laçın rayonu 1992-ci il may ayının 18-də düşmən tərəfindən işğal edildi və rayon əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən çox hərbi və mülki şəxs həlak oldu. Həmçinin Laçında 217 mədəniyyət, 101 təhsil və 142 səhiyyə müəssisəsi məhv edildi, 250-dən çox tarixi abidə erməni vandalizminin qurbanına çevrildi. 30 ilə yaxın müddətdə Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul oldu. Bu işğalın qarşısı yalnız 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi ilə alındı və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Laçının 30 illik işğalına 2020-ci il dekabrın 1-də son qoyuldu. Artıq 30 illik əsirlik həyatından xilas olan Laçında abadlıq, quruculuq işləri aparılır, doğma torpaqlarından zorla qovulmuş insanlar evlərinə qayıdır, yeni iş yerləri açılır. Bir sözlə Laçın şəhəri ömrünün ikinci baharını yaşayır.
Laçın- Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub.
Laçın şəhərinin yerini XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi seçmiş, yaxınlıqdakı Simurq dağın adını şəhərə verib. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. 8 avqust 1930-cu ildən isə Laçın rayonu müstəqil inzibati rayon olaraq fəaliyyət göstərib. Laçın sözü "məğrurluq" mənasını verir. Laçında dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.
İşğaldan azad olunmuş Laçın rayonuna 2023-cü ilin 28 may tarixindən etibarən laçınlıların doğma yurdlarına qayıdışına start verildi. Bu, Azərbaycanın tarixi qələbəsinin və dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işlərinin real nəticəsidir. 31 ildən sonra öz doğma kəndlərinə qayıdan laçınlılar artıq bərpa olunmuş evlərdə, müasir infrastrukturla təmin edilmiş qəsəbə və kəndlərdə yaşayırlar. Dövlət Proqramı çərçivəsində Laçın şəhərinə məcburi köçkün həyatı yaşayan 571 ailə (2091 nəfər), Zabux kəndinə 217 ailə (823 nəfər), Sus kəndinə 59 ailə (215 nəfər), Bəylik kəndinə isə 89 ailə (363 nəfər) qayıdaraq daimi məskunlaşıb.
Laçın yalnız köçkünlərin qayıdışı ilə deyil, həmçinin MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il 8 oktyabr tarixli qərarı ilə Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. 2025-ci ilin 3 iyununda keçirilən rəsmi açılış mərasimi Laçının təkcə bərpa və inkişaf yox, həm də beynəlxalq humanitar əməkdaşlıq mərkəzinə çevrildiyinin də göstəricisidir.
Hazırda Laçın rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış siyasətinin bariz nümunəsidir. Dövlətin dəstəyi ilə kəndlər və şəhərlər müasir üslubda yenidən qurulur, əhali üçün bütün sosial-məişət şəraiti yaradılır. Laçın bu gün yalnız Qarabağın deyil, bütövlükdə Azərbaycanın inkişaf və dirçəliş simvoluna çevrilib. Prezident İlham Əliyevin Laçına dəfələrlə etdiyi səfərlər bu torpağın dirçəliş mərhələlərinin canlı salnaməsidir.
PS: Laçın Azərbaycanın zəfər simvoludur.