
Azərbaycan xalqının tarixində elə əlamətdar günlər vardır ki, həmin günlər milli qürurun, dövlətçilik ənənələrinin və xalqın sarsılmaz iradəsinin rəmzinə çevrilmişdir. Belə tarixi günlərdən biri də 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. 26 iyun artıq yalnız ordumuzun yaranma tarixi deyil, eyni zamanda qalib xalqın və müzəffər ordunun bayramı kimi qeyd olunur. Çünki Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla ölkəmizin ərazi bütövlüyünü təmin edərək tariximizin ən şanlı səhifələrini yazmışdır.
Milli ordumuzun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında qərarın qəbul edilməsi ilə qoyulmuşdur. Müstəqil dövlət quruculuğuna başlayan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində milli ordu yaratmağın dövlətin mövcudluğu üçün həyati əhəmiyyət daşıdığını yaxşı anlayırdı. Lakin cümhuriyyətin süqutu və Azərbaycanın bolşeviklər tərəfindən işğalı bu mühüm prosesin davam etdirilməsinə imkan vermədi.
Azərbaycan xalqı dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra güclü və peşəkar ordu quruculuğu məsələsi yenidən gündəmə gəldi. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanda müasir ordu quruculuğunun möhkəm təməli yaradıldı. Hələ Sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə Ulu Öndər milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin fəaliyyətini genişləndirərək azərbaycanlı gənclərin hərbi peşəyə marağının artmasına nail olmuşdu. Sonralar həmin məktəbin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynadılar.
1990-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nizamsız silahlı birləşmələrin mövcudluğu dövlətçiliyimiz üçün ciddi təhlükələr yaradırdı. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, parçalanmış silahlı dəstələri vahid komandanlıq altında birləşdirərək nizami ordunun formalaşdırılmasına başladı. 1994-cü ildə əldə olunan atəşkəsdən sonra isə Silahlı Qüvvələrin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə hərbi təhsil sistemi inkişaf etdirildi, zabit hazırlığına xüsusi önəm verildi, Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirildi. Hərbi Akademiyanın yaradılması, yeni hərbi məktəblərin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycan Ordusunun peşəkarlıq səviyyəsinin yüksəlməsinə mühüm töhfə verdi. Azərbaycanın NATO ilə əməkdaşlığı nəticəsində ordumuz müasir standartlara uyğun inkişaf etməyə başladı, yüzlərlə hərbi qulluqçu beynəlxalq təcrübə qazandı.
Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Son illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ordumuz ən müasir silah və texnika ilə təchiz edildi, hərbi sənaye kompleksi yaradıldı, yerli istehsal genişləndirildi, şəxsi heyətin sosial rifahı və döyüş hazırlığı daha da gücləndirildi.
Ali Baş Komandan cənab İlham Əliyevin yaratdığı müasir Azərbaycan Ordusunun qüdrəti ilk dəfə geniş şəkildə 2016-cı ilin Aprel döyüşləri zamanı özünü göstərdi. Ordumuz düşmənin təxribatlarına layiqli cavab verərək strateji yüksəklikləri azad etdi və xalqımıza böyük qələbə sevinci yaşatdı. 2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən uğurlu Günnüt əməliyyatı isə ordumuzun peşəkarlığının və yüksək döyüş qabiliyyətinin növbəti bariz nümunəsinə çevrildi. Lakin Azərbaycan Ordusunun ən böyük sınağı və ən möhtəşəm zəfəri 2020-ci ildə baş verdi. Sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Cəmi 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi, şəhərlərimizi, qəsəbələrimizi və yüzlərlə kəndimizi işğaldan azad etdi. Xüsusilə Şuşa şəhərinin azad olunması müharibənin taleyini həll edən tarixi hadisəyə çevrildi. Nəticədə noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və bununla da Azərbaycan tarixi Qələbə qazandı. Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan ölkəmizə qaytarıldı. Beləliklə, xalqımızın otuz ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.
Bu şanlı Zəfər minlərlə qəhrəman şəhidimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan xalqının milli birliyi sayəsində əldə edildi. Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də məhz ordumuzun qazandığı Qələbənin nəticəsidir.
Müharibədən sonrakı dövrdə də Azərbaycan Ordusunun inkişafı ardıcıl şəkildə davam etdirilir. Yeni komando hərbi hissələrinin yaradılması, müasir döyüş təcrübəsinin tətbiqi və hərbi texnologiyaların yenilənməsi Silahlı Qüvvələrimizin gücünü daha da artırır. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri olmaqla yanaşı, ölkəmizin təhlükəsizliyinin və müstəqilliyinin etibarlı təminatçısıdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”.
Həqiqətən də, bu gün hər bir Azərbaycan vətəndaşı öz ordusu ilə fəxr edir. Çünki Azərbaycan əsgəri təkcə torpaqlarımızı azad etmədi, həm də dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Vətənimizin keşiyində ayıq-sayıq dayanan bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Qoy Azərbaycan Ordusunun şanlı bayrağı daim yüksəklərdə dalğalansın!