
Azərbaycanın XX əsrin sonunda keçdiyi çətin və taleyüklü yol hər birimizin yaddaşında dərin iz buraxıb. 1990-cı illərin əvvəllərində ölkə böhran içində idi. Siyasi xaos, Ermənistanın elan olunmamış müharibəsi, nizamsızlıq, iqtisadi böhran və.s. Yenicə qurulmuş Azərbaycan dövlətinin taleyi qeyri-müəyyənlik içində qaranlıq bir sabaha doğru sürüklənirdi. Məhz belə ağır bir dövrdə Azərbaycanın ziyalıları, düşünən insanları, ölkənin gələcəyinə biganə qalmayan vətəndaşları tarixi məsuliyyət hissi ilə addım atdılar. Onlar ölkəni böhrandan çıxara biləcək yeganə şəxsin Heydər Əliyevin olduğunu anlayaraq yeni bir siyasi qüvvənin labüdlüyüni hiss etdilər. Məhz ziyalıların Heydər Əliyevə ünvanladığı müraciətlə Azərbaycanın taleyində yeni bir səhifə açıldı. “91-lər”in imzası ilə başlanan bu yol Yeni Azərbaycan Partiyasının yaranmasına zəmin yaratdı, sabitlik, inkişaf və dövlətçilik naminə atılmış ən mühüm addımlardan birinə çevrildi. Bu müraciət xalqın səsinə çevrilərək Heydər Əliyevi yenidən siyasi səhnəyə gətirdi və müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulmasına yol açdı. Heydər Əliyevin həmin müraciətə verdiyi cavab isə siyasi uzaqgörənliyin və dövlətçilik məsuliyyətinin ən parlaq nümunəsi idi: "Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur… Bu partiya müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində tarixi rol oynaya bilər."
1992-ci il 21 noyabr tarixi müasir Azərbaycanın siyasi taleyində dönüş nöqtəsinə çevrildi. Həmin gün Naxçıvanda toplaşan 550 nəfərlik təşəbbüs qrupu təkcə bir partiyanın deyil, eyni zamanda Azərbaycanın sabit gələcəyinin təməlini atdı. O dövrdə ölkə ağır siyasi və sosial sınaqlardan keçir, bütün sahələrdə xaos özünü göstərirdi. Belə bir vəziyyətdə xalqın ümid yeri kimi Heydər Əliyev adı önə çıxırdı. Təsis konfransında məhz Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçilir. Partiyasının yaranması ilə ölkənin ictimai-siyasi həyatına yeni bir nəfəs gəldi. Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin əsas siyasi dayağına və aparıcı gücünə çevrildi. Çünki idarəetmədə peşəkarlıq və milli həmrəylik YAP-ın fəaliyyətinin əsas xəttini təşkil edirdi.
2005-ci ildə İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi partiyanın siyasi xəttinə yeni nəfəs, strateji baxışına isə müasir dinamika gətirdi. Onun rəhbərliyi ilə YAP yalnız bir partiya kimi deyil, milli iradəni ifadə edən güclü siyasi qüvvə kimi formalaşdı. Son 20 ildə Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində müasir və güclü ordu quruculuğu, davamlı iqtisadi inkişaf, beynəlxalq arenada artan nüfuz və milli birlik daha da möhkəmləndi. İlham Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrini qorumaqla yanaşı, müasir idarəetmə modelini də formalaşdıraraq ölkəni yeni inkişaf mərhələsinə çıxarıb.
Prezident İlham Əliyevin VII qurultaydakı fikirləri bu uğurların mahiyyətini dəqiq ifadə edir:"Xalq 2003-cü ildə Heydər Əliyev siyasətinə səs verdi… Son 17 il ərzində tarixi uğurlara imza atdıq. Bu, gənc dövlətimizin yeni dövrüdür."
Bu gün Yeni Azərbaycan Partiyası 730 mindən çox üzvü ilə təkcə ölkənin deyil, bütün Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Bu rəqəmlər yalnız statistika deyil, həmçinin xalqın partiyaya inamının, dövlət siyasətinə dəstəyinin, milli həmrəyliyin göstəricisidir.
2021-ci ildə keçirilən VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi oldu və partiyanın yenilənmə mərhələsinin rəsmi başlanğıcı kimi tarixə düşdü. Qurultayda qəbul edilən yeni Nizamnamə və daha çevik idarəetmə modeli YAP-ın müasir siyasi çağırışlara uyğunlaşmaq istəyini ortaya qoydu. Burada qəbul edilən yeni Proqram partiyanın strateji istiqamətlərini zamanın çağırışlarına uyğun şəkildə müəyyənləşdirdi. Heydər Əliyev yoluna sədaqət, dövlətçiliyin qorunması, azərbaycançılıq ideologiyası, sosial ədalət, multikultural dəyərlərə hörmət və insan amilinin ön plana çəkilməsi partiyanın ideoloji dayaqları kimi bir daha təsbit olundu. Həmçinin Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin olunması YAP-ın idarəçiliyində yeni mərhələsinin başlandığını göstərdi.
Son illərdə keçirilən bütün seçkilər Yeni Azərbaycan Partiyasının ölkədəki möhkəm siyasi nüfuzunu və xalq arasında qazandığı etibarı bir daha təsdiqlədi. 2024-cü il prezident seçkilərində İlham Əliyevin 92,12 faiz səslə qalib gəlməsi, həmçinin parlament və bələdiyyə seçkilərində partiyanın qələbəsi göstərdi ki, YAP təkcə keçmişin deyil, həm də gələcəyin partiyasıdır. Bu qələbələr xalqın inamının, etimadının və YAP-ın həyata keçirdiyi siyasətin real nəticələrinin göstəricisidir. Partiya öz liderliyi ilə ölkəni sabitliyə, inkişafa və güclü gələcəyə aparan əsas siyasi qüvvə olaraq çıxış edir.
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin modernləşmə prosesinin, Böyük Qayıdışın, güclü dövlət quruculuğunun və milli birliyin mərkəzində dayanır. Çünki Yeni Azərbaycan Partiyası artıq öz sözünü demiş, xalqın etimadını qazanmış və dövlətçiliyin keşiyində duran qüdrətli bir siyasi qüvvədir.