
Azad və müstəqil Azərbaycanın dövlətçilik tarixində elə günlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. 3 sentyabr 1991-ci il də məhz belə tarixi günlərdəndir. Həmin gün Naxçıvanda qəbul edilən mühüm qərar və atılan qətiyyətli addımlar sonrakı illərdə Azərbaycanın dövlət müstəqilliyinə gedən yolun əsas istiqamətlərini müəyyənləşdirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi ölkəmizin müasir tarixində xüsusi yer tutur. Ulu Öndər milli dövlətçilik ideyasını real siyasi mübarizənin əsas qayəsinə çevirərək xalqın müstəqillik arzularının gerçəkləşməsi üçün mühüm addımlar atdı. Onun zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi və siyasi iradəsi ən mürəkkəb şəraitdə belə Azərbaycanın milli maraqlarının müdafiəsini təmin etdi.
1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Naxçıvanın siyasi həyatında yeni mərhələ başlandı. Ulu Öndər ilk iş olaraq sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etdi. Bu qərar muxtar respublikanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm başlanğıc oldu.
Sonrakı mərhələdə Naxçıvanda sovet qoşunlarına məxsus hərbi texnika və silahların saxlanılması təmin edildi. Bütün bunlar o dövrün mürəkkəb ictimai-siyasi və hərbi şəraitində Naxçıvanın müdafiəsinin təşkili baxımından böyük əhəmiyyət daşıyırdı.
Ümumilli Liderin Naxçıvan rəhbərliyi dövründə qəbul edilən qərarlar təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın gələcək dövlətçilik kursunun formalaşmasına ciddi təsir göstərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmin qərarların tarixi əhəmiyyətini dəfələrlə vurğulayıb. Məhz həmin dövrdə Naxçıvanın adından “sovet sosialist” ifadələri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi və bu bayrağın Azərbaycanın dövlət rəmzi kimi təsdiqlənməsi üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı.
Naxçıvanın atdığı bu addımlar Azərbaycanın dövlət müstəqilliyinə aparan yolun mühüm siyasi göstəricilərindən birinə çevrildi. 1991-ci ildə Sovet İttifaqının saxlanılması ilə bağlı keçirilən referendumda Naxçıvanın iştirak etməməsi də muxtar respublikanın müstəqillik istiqamətində nümayiş etdirdiyi qətiyyətin daha bir nümunəsi idi.
Heydər Əliyevin Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi dövr həm də milli dövlətçilik atributlarının bərpası və milli ideologiyanın möhkəmləndirilməsi ilə yadda qaldı. 1990-cı il noyabrın 17-də keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsdiqləndi. Ardınca Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi qəbul edilməsi barədə vəsatət qaldırıldı. 1991-ci il fevralın 5-də bu məsələ ilə bağlı qanun qəbul edilərək üçrəngli bayraq yenidən Azərbaycanın Dövlət bayrağı elan edildi.
Beləliklə, üçrəngli bayraq əvvəlcə Naxçıvanda – 1990-cı il noyabrın 17-də, daha sonra isə bütün Azərbaycanda – 1991-ci il fevralın 5-də dövlətçilik rəmzinə çevrildi.
Həmin illərdə Naxçıvanda Kommunist Partiyasının fəaliyyətinin dayandırılması və sovet ordusu hissələrinin muxtar respublika ərazisindən çıxarılması da milli dövlətçilik baxımından mühüm hadisələr sırasında idi.
Ulu Öndərin Naxçıvan fəaliyyətinin mühüm istiqamətlərindən biri də blokada şəraitində yaşayan muxtar respublikanın xarici əlaqələrinin genişləndirilməsi və əhalinin sosial-iqtisadi çətinliklərinin aradan qaldırılması olmuşdur. Türkiyə və İranla əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan addımlar Naxçıvanın ağır blokada şəraitində mühüm dayaq qazandırdı. 1992-ci ildə Türkiyə ilə əlaqələrin daha da inkişafına xidmət edən “Ümid” körpüsünün istifadəyə verilməsi bu siyasətin mühüm nəticələrindən biri oldu.
Naxçıvanın müdafiəsi, milli dövlətçilik atributlarının bərpası, beynəlxalq və regional əlaqələrin genişləndirilməsi ilə yanaşı, siyasi təşkilatlanma da Ulu Öndərin fəaliyyətinin mühüm istiqamətlərindən idi. Məhz Naxçıvan dövründə Yeni Azərbaycan Partiyasının yaradılmasının əsası qoyuldu və sonrakı illərdə bu siyasi təşkilat ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvələrdən birinə çevrildi.
Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri kimi fəaliyyətində milli həmrəylik ideyası da xüsusi yer tuturdu. Dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi məqsədilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 31 Dekabrın Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Bu qərar sonrakı dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin mühüm rəmzlərindən birinə çevrildi.
1993-cü ilin yayında isə Azərbaycan ağır sınaq qarşısında qaldı. Ölkədə dərin siyasi böhran, silahlı qarşıdurma və hakimiyyət böhranı hökm sürürdü. Dövlət müstəqilliyinin yenidən itirilməsi və ölkənin parçalanması təhlükəsi real xarakter almışdı. Belə bir mürəkkəb məqamda xalq öz ümidini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə bağladı.
Xalqın çağırışına cavab verən Ulu Öndər 1993-cü il iyunun 15-də Bakıya qayıdaraq siyasi hakimiyyətə yenidən gəldi. Onun rəhbərliyi ilə Azərbaycan qısa müddətdə xaos və anarxiya təhlükəsindən xilas edildi, dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu tarixi hadisə Azərbaycanın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu.
Bu gün Azərbaycanın əldə etdiyi böyük siyasi, iqtisadi və hərbi uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır. Bu siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətə çevirdi.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə yeni və şanlı səhifə yazdı. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhər və kəndlər yenidən qurulur, Böyük Qayıdış prosesi davam etdirilir.
Bu baxımdan 3 sentyabr 1991-ci il yalnız Naxçıvanın siyasi tarixində mühüm bir tarix deyil. Bu gün müstəqil Azərbaycanın dövlətçilik yolunda atılmış qətiyyətli addımların başlanğıc nöqtələrindən biri kimi tariximizdə özünəməxsus yer tutur.
Məhz Naxçıvanda nümayiş etdirilən siyasi iradə, milli qətiyyət və dövlətçilik düşüncəsi sonrakı illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə mühüm zəmin yaratdı. Bu gün dünya birliyində öz sözünü deyən, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş güclü Azərbaycan dövlətinin uğurlarına nəzər salarkən, həmin dövlətçilik yolunun mühüm mərhələlərindən birinin 3 sentyabr 1991-ci ildə Naxçıvanda başlandığını xüsusi qeyd etmək lazımdır.