31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

Ermənilər Cənubi Qafqaza köçürüləndən sonra yalnız yeni həyat qurmaq üçün yox, eyni zamanda “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün addım-addım planlarını icra edirdilər. Bu mifik xülya, XIX əsrin əvvəllərindən başlayaraq Çar Rusiyasının dəstəyi, sonrakı dövrdə isə bolşeviklərin müdaxiləsi ilə reallığa çevrildi. Stepan Şaumyanın rəhbərliyi altında Bakı Soveti və Daşnaksutyun partiyası xalqımıza qarşı qanlı planları həyata keçirdi.

1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr insanlıq tarixinin ən qaranlıq səhifələrindən birinə çevrildi. Bakıda və digər bölgələrdə – Şamaxı, Quba, Lənkəran, Salyan, Zəngəzur, Naxçıvan və Qarabağda – uşaqdan qocaya, qadından kişiyə minlərlə dinc sakin amansızca qətlə yetirildi. Məscidlər yandırıldı, qəbiristanlıqlar yerlə-yeksan edildi, tarixi abidələr talan olundu. Bu həm də bir millətə qarşı sistemli və planlı qətliam idi.

Fövqəladə Tədqiqat Komissiyasının 36 cilddən ibarət, 3500 səhifəlik sənədləri, həmin hadisələrin miqyasını açıq göstərir. Bu sənədlər sübut edir ki, faciə təsadüfi deyildi, həm də xalqımıza qarşı məqsədli vəhşilik idi. Şamaxıda 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirildi; Quba qırğınlarında isə 4 min nəfərdən çox dinc sakin öldürüldü, şəhər və kəndlər yerlə-yeksan edildi. İnsanların başına mismar vurularaq öldürülməsi, xəncər və balta ilə qətlə yetirilməsi bu vəhşiliyin sərhədsiz olduğunu göstərir. İrəvanda 32 kənd, Eçimədzin qəzasında 85 kənd, Zəngəzurda isə 115 kənd erməni silahlı dəstələrinin əli ilə darmadağın edildi. Minlərlə azərbaycanlı, ləzgi, yəhudi, rus, avar və talış faciənin qurbanına çevrildi.

Bu qanlı tarixi hadisələr yalnız Azərbaycan xalqının milli yaddaşını formalaşdırmadı, həm də gələcək nəsillərə dərs oldu ki, hər bir tarixi ədalətsizlik yaddaşdan silinməz. Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayaraq martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan etdi. Bu gün hər il dövlət səviyyəsində anılır, faciə qurbanlarının xatirəsi yad edilir və dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur.

Prezident İlham Əliyev də bu tarixi həqiqətlərin qorunması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və prinsipial addımlar atır. 2009-cu ildə Quba şəhərində yaradılmış Soyqırımı Memorial Kompleksi, 2013-cü ildə rəsmi açılışını etdi. Kompleksin yaradılması yalnız Quba qırğınlarının xatirəsini əbədiləşdirmək üçün deyil, eyni zamanda 1918-ci ilin mart-aprel aylarında bütün Azərbaycan ərazisində törədilmiş faciələri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyırdı. Prezident İlham Əliyev açılış mərasimində vurğuladı: “Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur… Bu qanlı faciələr tariximizdə unudulmamalıdır.”

Eyni zamanda, 2018-ci ildə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Prezident İlham Əliyev Sərəncam imzaladı. Sərəncamla tədbirlər planı hazırlanıb həyata keçirildi, Milli Məclisdə xüsusi iclas təşkil olundu, elmi araşdırmalar və sərgilər keçirildi. Bu, yalnız tarixi sənədlərin öyrənilməsi deyil, həm də gələcək nəsillərə milli yaddaşın qorunması, həqiqətin çatdırılması missiyası idi.

Dünya tarixində çox az millət öz qan yaddaşını bu qədər qətiyyətlə qoruyub saxlayıb. Azərbaycan xalqı bu faciələrdən güc alaraq öz torpaqlarını qoruyub, milli qürurunu yaşadıb. Mart soyqırımı xalqımızın milli kimliyinin, dirənişinin və tarixindəki qan yaddaşının simvoludur. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər göstərir ki, bu yaddaş qorunacaq, şəhidlərimizin xatirəsi əbədiləşdiriləcək və gələcək nəsillər həmişə haqq-ədalətin tərəfdarı olacaq.