
Tarixin bütün mərhələlərində qadın yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin mənəvi dayağı olmuşdur. Zərifliyi ilə dünyanı gözəlləşdirən, müdrikliyi və iradəsi ilə həyatın ən çətin sınaqlarından alnıaçıq çıxan qadınlar bəşər tarixinin inkişafında silinməz iz qoymuşlar.
8 Mart – Beynəlxalq Qadınlar Günü də məhz qadınların hüquq və azadlıqları uğrunda apardıqları mübarizənin rəmzi kimi yaranmışdır. 1910-cu ildə danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən Beynəlxalq Sosialist Qadınlar Konfransında alman ictimai xadimi Klara Setkin tərəfindən 8 mart gününün qadınların həmrəyliyi günü kimi qeyd olunması təklif edilmiş və bu təşəbbüs geniş dəstək qazanmışdır. O gündən etibarən 8 Mart qadınların iqtisadi, sosial və siyasi hüquqları uğrunda mübarizəsinin, eyni zamanda onlara göstərilən sevgi və ehtiramın təcəssümünə çevrilmişdir.
Azərbaycan qadını isə tarix boyu özünün mərdliyi, uzaqgörənliyi və dövlətçilik mövqeyi ilə seçilmişdir. Qədim və orta əsrlərdən başlayaraq ictimai-siyasi həyatda fəal mövqe sərgiləyən Azərbaycan xanımları milli-mənəvi dəyərlərimizin qoruyucusu olmuşlar. Şairə Məhsəti Gəncəvi, dövlət xadimi Sara Xatun, xeyriyyəçi və maarifçi Xurşudbanu Natəvan kimi görkəmli qadınlarımız milli tariximizin parlaq səhifələrində öz layiqli yerlərini tutmuşlar. XX əsrdə isə Nigar Şıxlinskaya, Züleyxa Seyidməmmədova, Şəfiqə Axundova, Zərifə Əliyeva kimi ziyalı xanımlar elm, səhiyyə, mədəniyyət və hərb sahəsində mühüm uğurlara imza ataraq Azərbaycan qadınının intellektual potensialını dünyaya nümayiş etdirmişlər.
Azərbaycan dünyada qadınlara seçib-seçilmək hüququ verən ilk ölkələrdən biri olmuşdur. Bu fakt qadınların ictimai-siyasi həyatda fəal iştirakının və cəmiyyətin inkişafına verdiyi töhfənin bariz göstəricisidir.
Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-qadın siyasəti qadınların ictimai-siyasi həyata daha sıx inteqrasiyasına geniş imkanlar açmışdır. 1995-ci ildə Pekin şəhərində keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul olunmuş Pekin Bəyannaməsi və Fəaliyyət Platformasına qoşulması gender bərabərliyi sahəsində mühüm addım olmuşdur. Bu sənəd qadınların hüquqlarının qorunmasını, onların inkişaf proseslərində maneəsiz iştirakını əsas prioritet kimi müəyyən etmişdir.
Qadınların ölkənin ictimai-siyasi həytaında daha yaxından iştirak etməsinə bu gün Prezident İlham Əliyev tərəfindən böyük diqqət göstərilir. Gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının müdafiəsi və onların həyatın bütün sahələrində fəallığının artırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Qəbul edilmiş qanunlar və həyata keçirilən proqramlar cəmiyyətdə yeni düşüncə tərzinin formalaşmasına, stereotiplərin aradan qaldırılmasına mühüm töhfə vermişdir.
Azərbaycan qadınları bu gün yalnız elm, təhsil və mədəniyyətdə deyil, həm də ordu quruculuğunda, dövlət idarəçiliyində və beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər. Onların fədakarlığı, peşəkarlığı və Vətənə sədaqəti hər birimiz üçün qürur mənbəyidir.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının humanizm və mərhəmət missiyasının bariz nümunəsidir. Onun təşəbbüsləri nəticəsində mədəniyyətimizin dünyada təbliği, sosial layihələrin həyata keçirilməsi və humanitar dəyərlərin təşviqi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.
Qadın – həyatın özüdür. Onun sevgisi dünyanı isidir, mərhəməti cəmiyyətə nur bəxş edir, iradəsi isə gələcəyə inam yaradır. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə dünyanın bəzəyi olan bütün xanımları səmimi-qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı və xoşbəxtlik uğurlar arzulayırıq!