9 Noyabr – Dövlət Bayrağı Günü

 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti üçrəngli bayrağı qəbul edərək gənc dövlətin müstəqilliyini, milli kimliyini dünyaya elan etdi. Lakin bu şanlı bayraq cəmi iki il dalğalandı – 1920-ci ildə Azərbaycan Sovet işğalına məruz qaldı və bayraq endirildi. Amma Əli bəy Hüseynzadənin yaratdığı “Türkçülük, İslamçılıq və Müasirlik” düsturunun parlaq ifadəsi olan üç rəngli bayrağımız xalqın yaddaşında, qəlbində daima yaşadı.  Zaman gəldi, tarix dönəmini dəyişdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayrağımız yenidən ucaldıldı. Bu hadisə təkcə bir bayrağın deyil, həm də xalqın azadlıq iradəsinin, milli qürurunun, dövlətçilik düşüncəsinin dirçəlişi idi. Naxçıvandan başlanan bu müqəddəs missiya 1991-ci ilin fevralında bütün Azərbaycanın üzərində qürurla dalğalanmağa başladı.

Ulu Öndər Heydər Əliyev bu hadisəni belə xatırlayırdı:

“90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”  

Üç rəngli şanlı bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması üçün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında rəsmi vəsatət qaldırmışdır. Həmin tarixdə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olunmuş şanlı bayrağımız eyni zamanda Azərbaycan Respublikasının da dövlət bayrağı kimi qəbul olunması üçün təşəbbüs irəli sürülmüşdür. Bu hadisə müstəqil dövlətçiliyimizin rəmzlərindən birinin bərpasında mühüm dönüş nöqtəsi olmuşdur. 1991-ci il fevral ayının 5-də məhz həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək 71 il sonra üçrəngli bayrağı yenidən Dövlət Bayrağı elan etmişdir. Bu qətiyyət və siyasi iradə xalqımızın müstəqil dövlətə çevrilməsinin yolunu açdı.

Ulu Öndər Heydər Əliyevin sözləri bu gün də hər bir azərbaycanlının qəlbində əks-səda doğurur:

“Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Kim Azərbaycanı sevirsə, bu bayraq altında birləşməlidir.”

Bu sözlər təkcə çağırış deyil, həm də milli ruhun, vətəndaş həmrəyliyinin təməlidir. Bayraq sevgisi sadəcə bir simvola bağlılıq deyil, bu sevgi xalqın keçmişinə, bu gününə və gələcəyinə olan sarsılmaz inamın təzahürüdür. Məhz bu ruhda böyüyən gənc nəsil, Vətən müharibəsində sinəsi qabağa verərək düşmənə yerini göstərdi, üç rəngli dövlət bayrağımızı işğaldan azad etdiyi tarixi torpaqlarımıza sancdı. O gənclər ki, bayrağın yalnız parça deyil, bir millətin şərəfi, kimliyi, ruhu olduğunu dərk çox gözəl edirdilər.

Bu gün isə müqəddəs bayraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycanın səmalarında daha uca, daha qürurlu dalğalanır. Dövlət başçısının dediyi kimi:

“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. O qürur mənbəyimiz, canımız, ürəyimizdir.”

Vətən müharibəsində əldə etdiyimiz Zəfər, yalnız hərbi qələbə deyildi. Həm də tarixi ədalətin, milli qürurun və dövlət iradəsinin təntənəsi idi. Məhz qələbədən sonra Ali Baş Komandan İlham Əliyevin ilk işi azad olunmuş torpaqlara səfər edib, həmin müqəddəs yerlərdə üçrəngli bayrağımızı şəxsən ucaltmaq oldu. Bu, sadəcə rəmzi bir hərəkət deyildi, həmçinin tarixə yazılan bir mesaj idi: "Azərbaycan Ordusu burada döyüşüb, bu torpaq Azərbaycanın torpağıdır."

Şuşada, Xankəndidə, Laçında, Füzulidə dalğalanan hər bir bayraq, şəhidlərin ruhuna ehtiram, xalqımıza qürur, düşmənə isə unudulmaz bir xəbərdarlıqdır. Bu torpaqlarda indi yalnız bayrağımız dalğalanmır, həm də burada inam, iradə və milli birliyin simvolu boy göstərir. Hər yerdə eyni mesaj yazılıb: “Qarabağ Azərbaycandır!”

Ümummilli Lider Heydər Əliyev üç rəngli bayrağımız haqqında deyirdi:

“Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” 

Prezident İlham Əliyev üç rəngli bayrağımız haqqında deyirdi: 

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.