
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən etibarən cəbhə xətti boyunca Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə tutuldu. Aprelin 2-dən 5-dək davam edən silahlı təxribatlar nəticəsində Ordumuz şəhidlər verdi, mülki əhali arasında da həlak olan və yaralananlar oldu.
Lakin Azərbaycan Ordusu bu təxribatlara qətiyyətlə cavab verdi. Qısa müddətdə həyata keçirilən uğurlu əks-həmlə nəticəsində 2 min hektardan artıq ərazi azad olundu, daha geniş sahələr isə əməliyyat baxımından nəzarətə götürüldü. Goranboy və Naftalan istiqamətində təhlükə yaradan Talış kəndi ətrafındakı strateji yüksəkliklər düşməndən təmizləndi. Eyni zamanda, Horadizin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan Füzuli istiqamətindəki Lələtəpə yüksəkliyi də Ordumuzun nəzarətinə keçdi.
Dörd günlük Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın sarsılmaz iradəsini və qələbə əzmini bütün dünyaya göstərdi. Bu qələbə böyük Zəfərə aparan yolun ilk parlaq addımı kimi tarixə yazıldı.