
Zərifə xanım Əliyeva öz ömrünü elmə, insan sağlamlığına və cəmiyyətin rifahına həsr etmiş nadir şəxsiyyətlərdəndir. Onun həyatı ziyalılığın, zəngin mənəviyyatın və fədakar əməyin parlaq nümunəsi kimi yadda qalıb. Azərbaycanda oftalmologiya sahəsinin inkişafında mühüm mərhələ məhz onun adı ilə bağlıdır. O, yalnız elmi yeniliklərə imza atan alim deyil, həm də bu sahədə yeni düşüncə tərzinin formalaşmasına töhfə verən böyük bir məktəbin banisi idi.
Zərifə xanımın apardığı fundamental tədqiqatlar oftalmologiyanın ən aktual problemlərinə həsr olunmuş, praktik tibbdə geniş tətbiq olunan yeni müalicə və profilaktika üsullarının yaranmasına səbəb olmuşdur. Onun təşəbbüsü ilə yaradılan ixtisaslaşmış elmi-tədqiqat laboratoriyası ölkədə oftalmologiya sahəsində sistemli və məqsədyönlü araşdırmaların əsasını qoydu.
Zərifə Əliyeva həkimlik etikasını həyat amalına çevirmişdi. Onun üçün elm yalnız nəzəri biliklər toplusu deyildi, insanlara xidmət vasitəsi idi. O, hər bir xəstəyə xüsusi həssaslıqla yanaşır, həkim peşəsinin humanist mahiyyətini daim ön planda saxlayırdı. Zərifə xanım elmi və pedaqoji fəaliyyəti boyunca yüzlərlə gənc həkimin formalaşmasına, peşəkar və vicdanlı kadr kimi yetişməsinə töhfə verdi.
Onun qələmə aldığı monoqrafiyalar və elmi əsərlər bu gün də öz aktuallığını qoruyur. Görmə orqanının peşə patologiyası, virus mənşəli xəstəliklər, gözün fiziologiyası və cərrahiyyəsi sahəsində apardığı araşdırmalar beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir. Zərifə Əliyevanın elmi irsi yalnız keçmişin deyil, həm də bu günün və gələcəyin tibb elmi üçün qiymətli mənbədir.
Zərifə xanımın həyat yolu həm də Azərbaycan qadınının gücünü, zəhmətkeşliyini və intellektual potensialını nümayiş etdirir. O, öz fəaliyyəti ilə sübut etdi ki, elm və insanlıq bir arada olduqda böyük nailiyyətlər əldə etmək mümkündür.
1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişən akademik Zərifə xanım Əliyevanın xatirəsi bu gün də hörmət və ehtiramla yad olunur. Onun adı yalnız elmi nailiyyətləri ilə deyil, həm də yüksək insani keyfiyyətləri ilə yaddaşlarda yaşayır.
Bu gün Zərifə Əliyevanın timsalında bir daha anlayırıq ki, əsl alimlər zamanla unudulmurlar. Onlar yaratdıqları dəyərlərlə, yetişdirdikləri insanlarla və qoyduqları irslə daim yaşayırlar.