Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev çıxış edib

Azərbaycan Elmlər Akademiyası respublikamızın elminin inkişafında aparıcı rol oynayan ali elmi qurumdur. Onun yaradılması milli elmin təşəkkülü və ölkənin intellektual potensialının formalaşması baxımından əhəmiyyətli hadisə olmuşdur.   

Azərbaycan Elmlər Akademiyasının əsası 1945-ci il noyabrın 23-də qoyulmuşdur. Bu tarix elm ictimaiyyəti və dövlət üçün xüsusi əhəmiyyət kəsb edir, çünki həmin gün Azərbaycan elminin sistemləşdirilmiş inkişafı üçün möhkəm təməl qoyulmuşdur. Akademiyanın yaradılmasında məqsəd ölkədə elmi-tədqiqat işlərinin mərkəzləşdirilməsi, müxtəlif elmi sahələrin inkişaf etdirilməsi, milli kadr potensialının yetişdirilməsi və Azərbaycan elminin beynəlxalq aləmdə tanıdılması olmuşdur. 

Bu gün Azərbaycan Elmlər Akademiyasının yaradılmasının 80 ili tamam olur. Bu əlamətdar gün münasibəti ilə Akademiyada keçirilən tədbirdə ölkəmizin Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycan elminin keçdiyi tarixi yol, onun dövlət müstəqilliyimizin möhkəmlənməsində və cəmiyyətin intellektual inkişafında oynadığı rol barədə fikirlərini bölüşüb. Dövlətimizin başçısı vurğulayıb ki, müasir Azərbaycan elmi, xüsusən də Akademiya sisteminin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. “Ulu Öndər Heydər Əliyev elmi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi görür, onun inkişafı üçün böyük diqqət və qayğı göstərirdi. Məhz onun rəhbərliyi dövründə elmi müəssisələrin maddi-texniki bazası gücləndirildi, yeni institutlar yaradıldı, gənc alimlərin xarici təhsili üçün şərait yaradıldı.”

Prezident İlham Əliyev bildirib ki, XXI əsr bilik əsridir və müasir dünyada dövlətlərin qüdrəti təkcə təbii sərvətlərlə deyil, elmi potensial, texnoloji inkişaf və intellektual kapital ilə ölçülür. “Bizim qarşıdakı illərdə əsas hədəfimiz – Azərbaycanı süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, kosmos və müdafiə sənayesi kimi sahələrdə regionun liderinə çevirməkdir. Elm və sənaye bir-birini tamamlamalıdır, elmi ideyalar iqtisadi həyata tətbiq olunmalıdır.”   

Cənab Prezident qeyd edib ki, “İllər keçdikcə, Azərbaycan inkişaf etdikcə vəsait daha böyük həcmdə ayrılır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” və Dövlət Proqramı qəbul edilmişdir. Yəni, görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir.”

Ölkə başçısı tarixə nəzər salaraq qeyd edib ki, “Mən 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim. Bu gün bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.”

Prezident vurğulayıb ki, “Deyə bilərəm ki, hələlik bu proses icra mərhələsindədir, amma yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər. Eyni zamanda, dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Çünki bu, çox gəlirli sahədir və nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq. Ona görə bu istiqamətdə bu gün biz çox fəal işləyirik. Yenə də deyirəm, biz təbii ki, dövlət və özəl şirkətlərimizi, eyni zamanda, Azərbaycan alimlərini bu istiqamətə dəvət edirik.”

Cənab İlham Əliyev bildirib ki, “Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.”

Prezident İlham Əliyev son illərdə elmin inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından, yeni qanunvericilik bazasından, elmi tədqiqatların stimullaşdırılması mexanizmlərindən danışaraq qeyd edib ki, “Son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artıb. Akademiyanın binaları əsaslı şəkildə yenilənib, laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub, gənc alimlər üçün yeni imkanlar yaradılıb. ‘Elm haqqında’ Qanunun qəbulu, Elmi Fondun fəaliyyətə başlaması elmi fəaliyyətin dayanıqlılığını təmin edir.”

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan elminin inkişafında gənc tədqiqatçıların rolu əvəzsizdir.  “Elm yalnız nəzəriyyə deyil, həm də praktik fayda gətirməlidir. Gənc tədqiqatçılarımız müasir dövrün çağırışlarına cavab verməli, ölkəmizin iqtisadi və texnoloji tərəqqisinə öz töhfələrini verməlidirlər. Azərbaycan dövləti gənc alimləri hər zaman dəstəkləyəcək.” 

Prezident qeyd edib ki, “Bu gün bildiyiniz kimi, Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Eyni zamanda, bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb etmişik. Eyni zamanda, mənim tərəfimdən də onlara çağırış olub.”

Ölkəmizin başçısı vurğulayıb ki, “Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm.”

Ölkəmizin başçısı cənab İlahm Əliyev çıxışında qeyd etdi ki, elm Azərbaycanın gələcəyidir, intellektual inkişaf isə dövlət müstəqilliyimizin əsas təminatıdır.