Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib.

Görüş zamanı dövlət başçısı qarşıya qoyulan vəzifələr, məmur məsuliyyəti, ictimai etimad və regionların davamlı inkişafı ilə bağlı mühüm istiqamətlər üzrə öz tapşırıqlarını verib.

 Prezident İlham Əliyev vurğulayıb ki, təyin olunan hər bir rəhbərə dövlət tərəfindən böyük etimad göstərilir və bu etimadı doğrultmaq onların borcudur. Cənab Prezident qəbul zamanı qeyd edib: “Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməməlisiniz. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Hər bir rəhbər xalqa xidmət etməyi, xalqla bir yerdə olmağı əsas prinsip kimi götürməlidir. Hətta bəzi hallarda məmurlar cəmiyyətdə təkəbbürlülük göstərir, özlərini hamıdan üstün tuturlar. Belə hallar dövlətin siyasətinə kölgə salır. Korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mövqe sərgilənməlidir. Qanunsuz hərəkət edən hər bir məmur məhkəmə qarşısında cavab verir və verəcək.”

 Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən genişmiqyaslı işlərdən danışaraq bildirib ki, ölkənin bütün bölgələrində əsas infrastruktur layihələri başa çatdırılıb. Əsasən də elektrik enerjisi ilə təminat, yolların tikintisi, içməli su və suvarma layihələri, məktəb, xəstəxana və digər sosial obyektlərin inşası dövlət proqramları çərçivəsində uğurla icra olunub. Bütün bu işlər dövlətin diqqət və qayğısının nəticəsidir. O, həmçinin sosial ədalətin təmin edilməsini hər bir rəhbərin əsas vəzifələrindən biri kimi səciyyələndirib və qeyd edib ki, bütün bölgələrdə insanlar bilməlidirlər ki, ədalət üstünlük təşkil edir. Artıq ölkəmizdə qanunsuz göstərişlər verən, varlanmanı məqsəd bilən məmurlar vəzifədən uzaqlaşdırılıb və cəzalandırılıb.

 Prezident məşğulluğun artırılması və sahibkarlığın dəstəklənməsi məsələlərinə də toxunaraq qeyd edib ki, regionlarda iş yerlərinin yaradılması əsas prioritetlərdəndir. Bunun üçün dövlət müxtəlif mexanizmlərlə yeni müəssisələrin yaradılmasına dəstək verir. İcra başçıları da sahibkarlara yardım etməli, yeni iş yerlərinin açılmasına çalışmalıdırlar. Yerli istehsalın və kənd təsərrüfatının inkişafı bölgələrin gələcəyidir.

 Görüşdə ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi məsələsinə də diqqət çəkən Prezident vurğulayıb ki, Bakıda və digər şəhərlərdə ekoloji problemlərin həlli istiqamətində böyük işlər görülüb, “Qara şəhər”in “Ağ şəhərə” çevrilməsi bu siyasətin bariz nümunəsidir. Həmçinin bölgələrdə ekoloji sabitlik qorunmalı, qanunsuz fəaliyyətə, çayların məcralarının dəyişdirilməsinə, təbiətə ziyan vuran hallara yol verilməməlidir. Azərbaycanın hər bir bölgəsi yüksək standartlara cavab verməlidir.

 Prezident İlham Əliyev çıxışının sonunda yeni təyin olunan rəhbərlərə bildirib ki, “Sizin üzərinizə böyük vəzifə düşür. Bəziləriniz təcrübəli, bəziləriniz yeni təyin olunmusunuz. Əminəm ki, öz işinizlə bu etimadı doğruldacaq, xalqın rəğbətini qazanacaqsınız. Mənim tələblərim sadədir – xalqa xidmət etmək, ədalətli, dürüst və məsuliyyətli olmaq.”