
Fevralın 15-də dövlət başçısının Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində səsləndirdiyi bəyanat iki ölkə arasında münasibətlərin mahiyyətini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Prezident vurğuladı ki, Azərbaycan ilə Serbiya arasında əlaqələr təsadüfi deyil, uzun illər formalaşmış qarşılıqlı hörmətə və səmimi siyasi dialoqa əsaslanır. Prezident Serbiya dövlətinin suverenlik uğrunda apardığı mübarizəni xüsusi vurğulayaraq bildirdi ki, bu ölkə tarix boyu öz dövlətçiliyini qorumaq üçün böyük fədakarlıqlar göstərib. Bu kontekstdə Serbiyanın Prezidenti Aleksandar Vuçiç haqqında yüksək fikirlər səsləndirdi, onun liderlik keyfiyyətlərinin ölkənin beynəlxalq nüfuzunun artmasında və daxili islahatların həyata keçirilməsində mühüm rol oynadığı qeyd etdi.
Ölkə başçısı bildirdi ki, bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır.
Cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır: “Prezident Vuçiç artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə toxundu. Prezident qeyd etdiyi kimi, biz qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində mən Prezident Vuçiçin xüsusi rolunu qeyd etmək istərdim. Həmçinin bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır”.
Ölkəmizin başçısı qeyd etdi ki, hesab edirəm ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!
Dövlət başçısının çıxışı bu tərəfdaşlığın yalnız bugünün deyil, gələcəyin də sabit və perspektivli əməkdaşlıq modeli olduğunu nümayiş etdirdi.