
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında diplomatik əlaqələrin tarixində mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində dövlət başçısının mətbuata verdiyi bəyanat Slovakiya–Azərbaycan tərəfdaşlığının real məzmununu ortaya qoydu və qarşıdakı illər üçün əməkdaşlığın sahələrini daha da dəqiqləşdirdi.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Slovakiya və Azərbaycan münasibətləri artıq sıradan ikitərəfli əlaqələr deyil, qarşılıqlı etimada söykənən səmimi dostluq örnəyidir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətləri ən yüksək səviyyəyə yüksəldib. Bu sənəddən sonra bütün sahələr üzrə birgə komissiyalar, işçi qrupları daha intensiv fəaliyyət göstərməyə başlayıb, iqtisadi əlaqələrdə yeni dinamika yaranıb. Energetika sahəsi isə bu əməkdaşlığın təbii olaraq önündə gedir. Dövlət başçısı bildirdi ki, ötən il Azərbaycan qazının ilk dəfə Slovakiyaya nəqli iki ölkə arasında enerji körpüsünün başlanğıcı oldu. Bu addım həm Slovakiyanın enerji təhlükəsizliyinə töhfə verir, həm də Azərbaycan üçün mühüm bazar genişlənməsini təmin edir.
Cənab İlham Əliyev Azərbaycanın zəngin qaz ehtiyatlarından söz açaraq qeyd etdi ki, ixrac etdiyimiz təbii qazı alan dövlətlərin sayı artıq 14-ə çatıb və onların 8-i Avropa İttifaqı ölkələridir. Bu gün Azərbaycanın ümumi qaz ixracının yarısı Avropaya yönəlir və Azərbaycan boru kəmərləri ilə təbii qaz ixrac edən dövlətlər arasında ilk sıradadır. Yeni qaz yataqlarının işə salınması gələcəkdə ixrac həcmlərinin daha da artmasına imkan verəcək və bütün bunlar həm Slovakiya, həm də regionundakı digər ölkələr üçün əlavə enerji təminatı deməkdir.
Ölkəmizin başçısı bəyan etdi ki, əməkdaşlığımızın diqqət çəkən istiqamətlərindən biri də müdafiə sənayesidir. Burada müharibə yönümlü yanaşma deyil, sənaye və texnoloji inkişaf prioritet götürülüb. Slovakiyanın qabaqcıl texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi dünya bazarlarında rəqabət apara biləcək yeni məhsulların istehsalına yol aça bilər.
Dövlət başçısı Slovakiya nümayəndə heyətinin ötən ay Azərbaycanda Qələbənin beşinci ildönümündə iştirakı ilə bağlı minnətdarlığını da xüsusi qeyd etdi. Bu jestin iki ölkə arasında səmimi dostluğun bariz nümunəsi olduğu vurğulandı.
Prezident bəyanatında Slovakiyanın sabit inkişaf modelini yüksək dəyərləndirdi. O bildirdi ki, ölkənin güclü sənaye potensialı və müstəqil xarici siyasəti Slovakiyanı Avropada özünəməxsus mövqe sahibi edir. Bu müstəqil mövqe bəzən çətinliklərlə üzləşsə də, Slovakiyanın prinsipial xəttindən dönməməsi ona geniş hörmət qazandırır.
Dövlət başçısı Azərbaycanın uzun illərdir Şərq-Qərb nəqliyyat dəhlizinin əsas mərkəzlərindən biri kimi formalaşdığını vurğuladı. Orta Dəhliz adlanan bu marşrut Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz və ən sabit yol kimi qəbul edilir. Azərbaycan öz növbəsində bu dəhlizin əsas halqalarından biri olmaqla geniş logistika layihələrinə imza atır.
CənabPrezident vurğuladı ki, Azərbaycanın böyük enerji potensialı informasiya texnologiyaları və data mərkəzləri üçün yeni imkanlar açır. Hazırda istifadəsiz qalan 2 giqavatlıq enerji potensialının yaxın 5 ildə 8 giqavata çatdırılması ölkəmizi bu sahədə regional liderə çevirmək iqtidarındadır. Bu rəqəmlər təkcə enerji imkanlarının artımını deyil, həm də rəqəmsal texnologiyalar üçün zəruri olan sabit, dayanıqlı və təmiz enerji mənbələrinin mövcudluğunu göstərir. Belə bir şərait beynəlxalq data mərkəzləri üçün olduqca cəlbedicidir, çünki bu cür obyektlər fasiləsiz enerji təminatına, etibarlı infrastruktur və ekoloji standartlara əsaslanan fəaliyyət modelinə üstünlük verirlər. Azərbaycanın yaşıl enerji strategiyası, coğrafi mövqeyi və müasir texnoloji infrastrukturu ilə birlikdə bu potensial, ölkəmizi beynəlxalq texnologiya və rəqəmsal xidmətlər bazarında mühüm oyunçuya çevirməkdədir. Eyni zamanda, Azərbaycanın yüksək dağlıq və soyuq bölgələri data mərkəzlərinin yerləşdirilməsi üçün əlverişli təbii mühit yaradır. Prezident bu sahədə Slovakiya şirkətləri ilə əməkdaşlıq perspektivlərinin geniş olduğunu vurğuladı.
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Azərbaycanla Slovakiya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu səfər yalnız protokol xarakteri daşımır, əksinə, həm siyasi, həm iqtisadi, həm də texnoloji sahələrdə əməkdaşlığın məzmun və miqyas baxımından əhəmiyyətli dərəcədə genişləndiyini açıq şəkildə ortaya qoyur. Tərəflər arasında aparılan danışıqlarda energetika sahəsi xüsusi yer tutdu. Azərbaycanın zəngin enerji ehtiyatları və yaşıl enerji strategiyası, Slovakiyanın isə bu sahədəki texnoloji imkanları iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın əsas dayaqlarından biri kimi ön plana çıxır. Müdafiə sənayesi və nəqliyyat sektorunda da birgə layihələrin reallaşdırılması üçün güclü siyasi iradənin olduğu bəyan edildi. İri infrastruktur layihələri və yüksək texnologiyalar sahəsində verilən konkret mesajlar isə göstərdi ki, bu əməkdaşlıq təkcə cari maraqlarla məhdudlaşmır, strateji xarakter daşıyır.
Slovakiyanın Azərbaycanın Avropa ilə daha sıx iqtisadi inteqrasiyasında, xüsusilə nəqliyyat-tranzit və rəqəmsal əlaqələrin qurulmasında mühüm rol oynaya biləcəyi vurğulandı. Hər iki tərəf siyasi dialoqun daha da intensivləşdirilməsi, parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin gücləndirilməsi barədə razılığa gəldi.