Azərbaycan təkcə regionda deyil, dünyada da sülhün və əməkdaşlığın tərəfdarıdır

 

Yanvarın 20-də İsveçrənin Davos şəhərində keçirilən iqtisadi forumda iştirakı zamanı ölkəmizin başçısı İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Cənab Prezident qeyd edib ki, ölkəmizin son illər qazandığı ən böyük uğuru 30 ildən sonra BMT-nin Nizamnaməsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyimizdir. Hansı ki, bu qətnamələrin icrasını dünyanın aparıcı ölkələri, beynəlxalq təşkilatlar həyata keçirə bilmədilər. Nəticədə özümüz milli ideyamız və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün hərəkətə keçdik və çox qısa vaxtda, 44 gündə dünyanın “istəyib” də edə bilmədiyini etdik. Ermənistan ordusu tərəfindən işğal olunmuş tarixi Azərbaycan torpaqlarını azad etdik.

 

Ölkə başçısı Azərbaycanın dünyanın siyasi xəritəsində yeri və mövqeyi haqqında danışarkən qeyd edib ki, bu gün dünyanın bütün ölkələri Azərbaycanı güclü, siyasi iradəyə sahib, müstəqil siyasət yürüdən, tolerant, etibarlı tərəfdaş kimi qəbul edir. Bunun ən bariz nümunəsi İqlim konfransına (COP29) ev sahibliyi etməyimizi təqribən 200 ölkə və beynəlxalq təşkilatın yekdilliklə dəstəkləməsidir. Bundan başqa 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir.

 

Jurnalistin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaması haqqında sualına cavab olaraq cənab Prezident bildirdi ki, uzun illərdir biz təşkilatla danışıqlar aparırıq. Prosesin yekunlaşmamasının səbəbi də Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə zidd olan ikili standartlardır. Həmçinin sənayemiz və ixrac potensialımız bunun üçün hazır olmalıdır. Çünki bizim ixracımızın əsasını qazıntı enerji növləri təşkil edir və bunun üçün təşkilata üzv olmağa ehtiyac yoxdur. Lakin, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz qəbul olunarsa, danışıqalar prosesi daha rahat keçər.

 

Ölkəmizin başçısı Çin-Azərbaycan münasibətlərinə də toxunaraq qeyd edib ki, biz artıq ötən ildən Çin Xalq Respublikası ilə rəsmi olaraq strateji tərəfdaşıq və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Həmçinin Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş ölkədir. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Bundan başqa, coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Həmçinin COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzalandı. Bu Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Bu gün Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. Biz artıq Çin vətəndaşları üçün viza tələbi aradan qaldırmışıq. İndi Çin vətəndaşları elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir. Cənab Prezident Çin-Azərbaycan münasibətlərinin bu günkü inkişaf dinamikasını çox yüksək qiymətləndirdiyini və gələcəkdə münasibətlərimizin daha da irəliləyəcəyini xanım jurnalistin diqqətinə çatdırdı.

 

Dövlət başçısı həmçinin Azərbaycanın bir sıra ölkələrlə əməkdaşlığından, tərəfdaşlığından, əlaqələrindən də bəhs edib və xüsusi olaraq ABŞ-Azərbaycan münasibətlərinə toxunub. Prezident bildirib ki, son dörd ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimiz tamamilə korlanmışdı. Bunun da səbəbi erməni lobbisinin Azərbaycana qarşı sifarişlərinin icraçısı kimi Cozef Baydenin yürütdüyü siaysət idi. Keçmiş ABŞ rəhbərliyi başa düşmürdü ki, dünya ölkələrinin Cənubi Qafqazda yürütdükləri siyasətin uğuru Azərbaycanla münasibətdən daha çox asılıdır. Bunun bir çox səbəbləri var. İlk növbədə, Azərbaycan bəzi cəhətlərinə əsasən, həm də Yaxın Şərq ölkəsidir. Bundan başqa, neft və təbii qaz istehsalçısı, habelə beynəlxalq əhəmiyyətli nəqliyyat xətlərinin keçdiyi ölkədir. Bu istiqamətdə mövcud və gələcək layihələrdə onun rolu, töhfəsi danılmazdır.

 

Prezident İlham Əliyev Donald Trampın əvvəlki hakimiyyəti zamanı birgə işləri yüksək qiymətləndirib. O, Cozef Baydenin prezidentliyi dövrünü iki ölkə arasında münasibətlərdə itirilmiş dörd il olaraq dəyərləndirib.

Cozef Bayden ABŞ siyasi elitasında anti-Azərbaycan dəstəsinin nümunəsi, simvoludur. O, "907 saylı düzəliş"in müəlliflərindəndir. Bu baxımdan, Baydenin sonrakı davranış, çıxış və açıqlamaları ilə ermənilər qarşısında götürdüyü öhdəliklərə əməl etməsi məntiqlidir. Onun prezidentliyi dövründə ABŞ Ermənistana hərbi yardımlar edib, maliyyə yardımı göstərib. Onlar öz aralarında strateji tərəfdaşlıq xartiyası imzalayıblar.

 

Azərbaycan USAID-in fəaliyyətinə Baydenin prezidentliyi dövründə xitam verib. Çünki bu agentlik onun administrasiyası ilə anti-Azərbaycan fəaliyyətini birgə həyata keçirib. Daha sonra nəyinki bütün dünya, hətta ABŞ-nin özündə belə gördülər ki, USAID Amerikanın dövlət maraqlarının əksinə fəaliyyətlə məşğuldur.

 

Dövlət başçısı Qərb liderlərinin Donald Trampa qarşı çox ədalətsiz olduqlarını deyərək bildirib ki, onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Çünki Bayden hakimiyyəti ilə müqayisədə Donald Trampın prezidentliyində dünya daha təhlükəsiz ola bilər. "Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-nin ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi". Dövlət başçısı Azərbaycanla ABŞ əlaqələrindən danışaraq deyib: "Biz əminik və nikbin fikirdəyik". Dövlət başçısı bununla beynəlxalq ictimaiyyətə, imperialist və müstəmləkə keçmişi olanlara "Azərbaycanın daxili işinə qarışanlar müqavimətlə üzləşəcəklər" ismarışını verib. Cozef Bayden və Emmanuel Makronun yürütdüyü anti-Azərbaycan siyasəti buna örnək ola bilər. Dövlət başçısı müsahibəsində Çin və ABŞ-nin bir-biri ilə münasibətini də dəyərləndirib. O bildirib ki, Çin və ABŞ rəhbərlərinin yenidən təmasda olması dünya üçün yaxşı xəbərdir: "Bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir". İlham Əliyev vurğulayıb ki, müxtəlif məsələlərdə Çin və ABŞ arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması, sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq.