Azərbaycanın inkişaf modelində rəqəmsal mərhələ

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkənin inkişaf strategiyasında rəqəmsallaşmanın əsas prioritetə çevrildiyini bir daha nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal islahatlar artıq ölkələrin gələcəyini müəyyən edən başlıca amillərdir və Azərbaycan bu istiqamətdə daha sürətli addımlar atmalıdır. Prezident Azərbaycanın coğrafi mövqeyini, güclü enerji potensialını, beynəlxalq tərəfdaşlıq təcrübəsini və müsbət investisiya mühitini rəqəmsal inkişaf üçün mühüm üstünlüklər kimi qiymətləndirdi. Bildirildi ki, mövcud nəqliyyat və enerji infrastrukturu gələcəkdə fiber-optik bağlantılarla tamamlanaraq ölkəni regional rəqəmsal mərkəzə çevirə bilər. Eyni zamanda dövlət xidmətlərinin vahid platforma – “mygov” üzərindən təqdim olunması və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi əsas vəzifələr kimi müəyyən edildi. Cənab Prezident qeyd etdi ki, bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var - beynəlxalq şirkətlərlə olan əlaqələr, böyük təcrübəmiz və bir çox ölkələrlə bu nəhəng layihələri icra etməyimiz. Çünki bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir. Ölkə başçısı bildirdi ki, Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub - həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir. Həmçinin son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, - istər qaz, istər hidro, istər Günəş, külək, - bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir. Cənab İlham Əliyev nəzərə çatdırdı ki, bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Yerləşdiyimiz bölgədə, geniş bölgədə bu imkanlara malik olan ölkələr ən azı çox deyil və bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır və bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır. Ona görə bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir. Xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və biz elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da dediyim kimi, böyük enerji güclərini tələb edir. Fiber-optik bağlantılarla əlaqədar qeyd etdiyim kimi, enerji infrastrukturunun yanında bu kabellər də çəkilib. Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, ümid edirəm ki, bu il başa çatacaq. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik. Təbii ki, bugünkü müşavirədə müzakirə ediləcək məsələlərin həlli üçün bu da başlıca məsələlərdən biridir. Ölkə başçısı çıxışı zamanı bildirdi ki, bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Keçən il isə Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalamışıq. Yəni bu, bizim üstünlüyümüzdür. Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsan. Ona görə bundan istifadə etməmək tamamilə qəbuledilməzdir. Bütün bunları nəzərə alaraq, artıq bir müddət bu istiqamətdə işlərin vahid koordinasiyası ilə bağlı məsələlər müzakirə edilir, mənim göstərişimlə bu məsələlər ətrafında fikir mübadiləsi aparılır, bu gün isə mənim sədrliyimlə. Nəzərə alsaq ki, bu məsələ qeyd etdiyim kimi, prioritet təşkil edir, biz görüləcək işlərlə bağlı konkret fəaliyyət planının hazırlanmasına başlamalıyıq. Tezliklə onu başa çatdırmalıyıq və beləliklə, bu sahəyə daha güclü təkan verməliyik. Birinci növbədə, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planını hazırlayaraq təqdim etməlidir. Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır. Prezident İlham Əliyev qeyd etdi ki, dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin. Cənab Prezident xüsusilə vurğuladı ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər. Özəl sektora gəldikdə, burada eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Biz özəl sektora bu sahədə hansı formada daha böyük diqqət göstərilməsini təşviq edə bilərik. Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır. Təbii ki, artıq qeyd etdiyim kimi, bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Hesab edirəm ki, bugünkü müşavirə və bu məsələnin Prezidentin nəzarəti altında olması bizim bir çox tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Bizdə olan imkanlar nədən ibarətdir? Mənim sadaladığım üstünlüklər xarici tərəfdaşlarımıza da çatdırılmalıdır. Sadalamadığım üstünlüklər də çatdırılmalıdır ki, biz bu sahəyə güclü təkan verək.