
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü region dövlətləri arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm hadisə olub. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyub.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsini tarixi qərar kimi səciyyələndirib. Prezident İlham Əliyev bu qərarı yekdilliklə dəstəkləyən həmkarlarına təşəkkürünü bildirərək Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsünü xüsusi qeyd edib. Azərbaycanın bu platformada tamhüquqlu iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin daha geniş institusional çərçivədə inkişafına, ortaq maraqların uzlaşdırılmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev siyasi münasibətlərin möhkəmlənməsinin iqtisadi əməkdaşlığa da müsbət təsir göstərdiyini bildirib. Dövlətimizin başçısı Azərbaycan-Türkmənistan münasibətlərinə toxunaraq qeyd edib ki, ötən ildən etibarən ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi tərəflər arasında siyasi dialoqun intensivliyini və qarşılıqlı əlaqələrin inkişafına verilən önəmi nümayiş etdirir.
Çıxışda qardaş xalqlar arasında tarixi dostluq və mənəvi bağlılığın konkret təzahürləri də diqqətə çatdırılıb. Prezident İlham Əliyev Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsini xüsusi vurğulayaraq bu təşəbbüsü xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın ifadəsi kimi dəyərləndirib. Bununla yanaşı, Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına göstərilən qardaş dəstəyinin bariz nümunələri kimi qeyd edilib. Bu layihələr yalnız tikinti və infrastruktur təşəbbüsləri deyil, həm də ortaq tarixi yaddaşın, mədəni əlaqələrin və xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm addımlardır. Azərbaycanın azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində dost ölkələrin iştirak etməsi regional həmrəyliyin əməli nəticələrini nümayiş etdirir.
Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişlənməsini əməkdaşlığın mühüm göstəricilərindən biri kimi qeyd edib. Dövlətimizin başçısının diqqətə çatdırdı ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərir. Bu rəqəmlər qarşılıqlı iqtisadi maraqların gücləndiyini, investisiya əlaqələrinin genişləndiyini və biznes dairələri arasında əməkdaşlıq üçün əlverişli imkanların yarandığını göstərir.
Dövlətimizin başçısı Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondlarının potensialından daha fəal istifadə olunmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyev bildirdi ki, əməkdaşlıq yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmamalı, birgə investisiyaların yatırılmasını, yeni istehsal müəssisələrinin yaradılmasını və beynəlxalq bazarlara birgə çıxışı da əhatə etməlidir. Bu strategiya region ölkələrinin iqtisadi imkanlarının birləşdirilməsi, sənaye əlaqələrinin inkişafı və əlavə dəyər yaradan istehsal sahələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə nəqliyyat və logistika sahəsində əməkdaşlıq da əsas müzakirə istiqamətlərindən biri olub. Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycanla Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafında getdikcə daha mühüm rol oynadığını bildirib. Ölkəmizin limanlara, hava limanlarına, dəmir və avtomobil yollarına yatırdığı sərmayələr beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına, yükdaşımaların səmərəliliyinin artırılmasına və Azərbaycanın tranzit imkanlarının genişləndirilməsinə xidmət edir.
Dövlətimizin başçısı Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayaraq bu marşrut üzrə tranzit yükdaşımaların həcminin ötən il 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artdığını qeyd edib. Bu artım Asiya ilə Avropa arasında alternativ və etibarlı nəqliyyat bağlantılarına tələbatın yüksəldiyini göstərir. Azərbaycanın coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və regional tərəfdaşlarla əlaqələri ölkəmizin beynəlxalq logistika sistemində rolunu daha da gücləndirir.
Prezident İlham Əliyev rəqəmsal bağlantıların inkişafının da gələcək əməkdaşlıq üçün mühüm istiqamət olduğunu bildirib. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində görülən işlər regionun rəqəmsal inteqrasiyasının gücləndirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi və müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir.
Energetika sahəsində əməkdaşlıqdan bəhs edən dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm tranzit mövqeyinə malik olduğunu diqqətə çatdırıb. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəqlinin həcminin artması bu sahədə əməkdaşlığın genişləndiyini təsdiqləyir. Eyni zamanda, Qazaxıstan və Özbəkistanla bərpaolunan enerji sahəsində aparılan birgə işlər gələcəkdə yaşıl enerji dəhlizinin yaradılması üçün mühüm zəmin formalaşdırır.
Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü çərçivəsində Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın inkişafına yönəlmiş iki mühüm sənəd imzalanıb:
Bu sənədlər tərəflər arasında çoxtərəfli dialoqun davam etdirilməsi, əməkdaşlıq mexanizmlərinin möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətin institusional əsaslarının inkişafı baxımından əhəmiyyətlidir.