Azərbaycanın yeni iqtisadi perspektivləri

Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsi ölkənin yalnız mövcud imkanlarını qoruyub saxlamaq deyil, həm də iqtisadi istiqamətləri formalaşdırmaq, qeyri-neft sektorunun potensialını genişləndirmək və qlobal iqtisadi proseslərdə daha fəal mövqe tutmaq məqsədi ilə səciyyələnir. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi prioritetlərinə dair geniş təsəvvür yaradır.

Prezident çıxışında vurğulayıb ki, ölkənin son illərdə əldə etdiyi iqtisadi nəticələrin mühüm hissəsini sabit iqtisadiyyat, müstəqil maliyyə sistemi və formalaşdırılmış investisiya mühiti təşkil edir. Onun sözlərinə görə, əlverişli investisiya mühiti nəticəsində son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və bunun təxminən yarısını birbaşa xarici investisiyalar təşkil edib. Bu göstəricilər Azərbaycanın investisiya imkanlarının beynəlxalq biznes dairələrinin diqqətində olduğunu göstərən mühüm amillərdən biridir.

Cənab Prezident qeyd etdi ki, qarşıdakı mərhələdə əsas məqsəd əldə edilmiş nəticələrlə kifayətlənməmək, iqtisadi artımın yeni mənbələrini formalaşdırmaqdır. Bu baxımdan neft-qaz sektorundan kənar sahələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bərpaolunan enerji, logistika və nəqliyyat, mədənçilik, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və insan kapitalı Azərbaycanın gələcək iqtisadi inkişafında ön plana çıxan istiqamətlədir. Xüsusilə bərpaolunan enerji sahəsində Azərbaycanın malik olduğu potensial geniş imkanlar vəd edir. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Quruda Günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi, yeni enerji güclərinin yaradılması və ötürücü şəbəkələrin genişləndirilməsi ölkənin enerji sektorunda yeni mərhələnin formalaşdığını göstərir. Qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin ölkənin müxtəlif ərazilərində daha geniş tətbiqi nəzərdə tutulur. Enerji sahəsində baş verən transformasiya yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşmır. Artan enerji imkanlarının rəqəmsal texnologiyalar, süni intellekt və data mərkəzlərinin inkişafı ilə əlaqələndirilməsi Azərbaycanın yeni iqtisadi imkanlarından biri kimi qiymətləndirilir. Bu istiqamətdə enerji istehsalı ilə yanaşı, ötürücü xətlərin və enerji saxlanc sistemlərinin inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır.

Ölkə başçısı bildirdi ki, Azərbaycanın gələcək iqtisadi inkişafında logistika və nəqliyyat da mühüm yer tutur. Ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onun tranzit imkanlarını genişləndirir. Bunun üçün son illərdə dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və hava nəqliyyatına böyük həcmdə investisiyalar yönəldilib.

Prezident çıxışında Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin artdığını, bu göstəricinin cari ildə 16 milyon tona çatacağını və 2030-cu ilədək 25 milyon tona, hətta daha yüksək səviyyəyə yüksəldilməsinin hədəfləndiyini bildirib. Bu mənada Azərbaycanın nəqliyyat infrastrukturu artıq yalnız ölkədaxili daşımaların təmin edilməsinə xidmət edən sistem kimi deyil, daha geniş regional iqtisadi əlaqələrin mühüm elementi kimi nəzərdən keçirilir. Müasir dövrdə nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti ilə yanaşı, gömrük idarəçiliyinin, rəqəmsal texnologiyaların və logistika proseslərinin də təkmilləşdirilməsi mühüm şərtlərdən biridir.

Cənab Prezident qeyd ki, digər mühüm istiqamət mədənçilik və metallurgiya sahəsidir. Yeni dövlət proqramının qəbul edilməsi bu sahədə fəaliyyətin genişləndirilməsi üçün institusional əsasların formalaşdırılması baxımından diqqət çəkir. Mədənçilik sahəsində mövcud potensialdan səmərəli istifadə edilməsi qeyri-neft sektorunun şaxələndirilməsinə və yeni istehsal imkanlarının yaradılmasına xidmət edə bilər. Bununla yanaşı, neft və qaz sektoru Azərbaycanın iqtisadiyyatında mühüm rolunu qoruyub saxlayır. Prezident çıxışında yeni müqavilələrin imzalanmasını, o cümlədən “Exxon” və “Total” şirkətləri ilə əməkdaşlığın genişləndirilməsini diqqətə çatdırıb. Abşeron yatağının işlənilməsinin növbəti mərhələsi çərçivəsində qaz hasilatının artırılması imkanları da qeyd olunub. Bununla yanaşı, enerji sektorundan əldə olunan gəlirlərin digər iqtisadi sahələrin inkişafına yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident çıxışında ölkənin valyuta ehtiyatlarının xarici borcu əhəmiyyətli dərəcədə üstələdiyini, dövlət borcunun nisbətən aşağı səviyyədə olduğunu və milli valyutanın uzun müddətdir sabit məzənnə ilə fəaliyyət göstərdiyini qeyd edib. Bu göstəricilər investisiya mühitində uzunmüddətli planlaşdırma və maliyyə dayanıqlılığı baxımından mühüm amillər kimi təqdim olunub. İnvestisiya mühitinin formalaşdırılmasında siyasi və iqtisadi sabitliklə yanaşı, hüquqi və inzibati mühit, proqnozlaşdırıla bilən qaydalar, nəqliyyat və enerji infrastrukturu da mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın son onilliklər ərzində formalaşdırdığı infrastruktur investorlar üçün yeni imkanların yaranmasına şərait yaradan əsas amillərdən biri kimi çıxış edir.

Prezidentin çıxışında ərzaq təhlükəsizliyi məsələsinə də xüsusi diqqət yetirilib. Qlobal miqyasda iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudlaşması, quraqlıq və təchizat zəncirlərində yarana biləcək problemlər kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırır. Azərbaycanda daxili istehsal imkanlarının genişləndirilməsi və idxaldan asılılığın azaldılması bu istiqamətdə əsas məsələlərdən biri kimi təqdim olunur. Bu isə kənd təsərrüfatı, müasir suvarma sistemləri, aqrotexnologiyalar və ərzaq emalı sahələrinə yeni investisiya imkanları yaradır.

Ölkə başçısı bildirdi ki, rəqəmsal transformasiya Azərbaycanın gələcək inkişaf gündəliyində ayrıca istiqamət kimi nəzərdən keçirilir. Süni intellekt, data mərkəzləri, kibertəhlükəsizlik, fiber-optik infrastruktur və rəqəmsal xidmətlər bu sahənin əsas komponentlərindəndir. Azərbaycanın coğrafi mövqeyi, enerji imkanları və rəqəmsal bağlantıları ölkənin regional rəqəmsal mərkəzlərdən birinə çevrilməsi üçün müvafiq imkanlar yaradır. Bütün bu istiqamətlərin inkişafında insan kapitalının rolu xüsusilə böyükdür. Müasir iqtisadiyyat yalnız maliyyə və texnologiya deyil, həm də yüksək ixtisaslı, peşəkar və innovativ düşüncəyə malik kadrlar tələb edir. Prezident çıxışında xaricdə təhsil proqramlarının və kadr hazırlığının əhəmiyyətini vurğulayaraq, ölkənin gələcək inkişafında insan kapitalının həlledici rolunu önə çəkib. 

Vurğulandı ki, Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də iqtisadi artımın strukturunun daha da şaxələndirilməsidir. ÜDM-də qeyri-neft sektorunun payı 70 faizdən çox olsa da, ixrac strukturunda neft və qazın xüsusi çəkisi hələ də yüksəkdir. Bu baxımdan qarşıdakı dövrdə qeyri-neft və qeyri-qaz məhsullarının ixracının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və rəqabətqabiliyyətli məhsulların dünya bazarlarına çıxarılması xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın iqtisadi inkişafının yalnız bir istiqamətlə məhdudlaşmadığını göstərir. Enerji, nəqliyyat və logistika, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, süni intellekt, infrastruktur və insan kapitalı bir-birini tamamlayan əsas inkişaf istiqamətləri kimi təqdim olunur.