Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvanda anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunda təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1944-cü ildən təhlükəsizlik orqanlarında çalışan dahi şəxsiyyət Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilir. Heydər Əliyev 1982-ci ildən SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olub və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. Büronun baş katibi Mixail Qorbaçovun siyasətinə etiraz olaraq, Ulu Öndər 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib. Xalqımızın Ümummilli Lideri 20 yanvar 1990-cı ildə sovet qoşunlarının Bakıda törətdiyi faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək xalqa qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Qarabağda yaranmış vəziyyətlə bağlı etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. Dahi şəxsiyyət Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini vəzifələrini tutub. Müasir Azərbaycanın qurucusu Heydər Əliyev 1993-cü və 1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev 12 dekabr 2003-cü ildə ABŞ-nin Klivlend Klinikasında vəfat edib. Ümummilli lider Bakıda, I Fəxri xiyabanda dəfn olunub.