Cəbrayıl – Zəfərdən böyük qayıdışa uzanan yol

Cəbrayıl Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və xalqımızın dövlətçilik ənənələrini özündə yaşadan yurd yerlərindən biridir. Arazın sahilində yerləşən bu qədim torpaq əsrlər boyu özünün təbii sərvətləri, münbit torpaqları, tarixi-mədəni abidələri və zəhmətkeş insanları ilə seçilib. Cəbrayılın adı bu gün həm ağır işğal illərinin acı xatirəsi, həm də 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərin parlaq səhifələrindən biri kimi Azərbaycan tarixində xüsusi yer tutur.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Həmin dövrdə rayonun tərkibinə bir şəhər, dörd qəsəbə və 92 kənd daxil idi. İşğal nəticəsində 1050 kvadratkilometr ərazini əhatə edən, 52 min nəfər əhalinin yaşadığı Cəbrayılın yaşayış məntəqələri, sosial infrastrukturu, tarixi-mədəni irsi və iqtisadi potensialı ağır dağıntılara məruz qaldı. İşğalın yaratdığı böyük dağıntılar nəticəsində rayonun məktəbləri, xəstəxanaları, mədəniyyət müəssisələri, tarixi abidələri və digər sosial obyektləri məhv edildi. Cəbrayıl rayonunun Birinci Qarabağ müharibəsində 362 sakini şəhid oldu, 191 nəfər əlillik qazandı. Altı rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

İşğal yalnız torpaqların itirilməsi ilə məhdudlaşmadı. Cəbrayıllıların doğma yurdlarından didərgin düşməsi, ailələrin parçalanması, minlərlə insanın uzun illər ərzində məcburi köçkün həyatı yaşaması milli yaddaşımızda dərin iz buraxdı. Cəbrayıllı məcburi köçkünlər Azərbaycanın müxtəlif rayonlarının yaşayış məntəqələrində, yataqxanalarda, yük vaqonlarında və digər müvəqqəti məskunlaşma yerlərində yaşamağa məcbur oldular. 

Cəbrayılın işğaldan əvvəlki həyatı onun zəngin iqtisadi və sosial potensialından xəbər verirdi. Rayonun əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu. Burada sənaye müəssisələri, kolxozlar, heyvandarlıq və quşçuluq təsərrüfatları fəaliyyət göstərirdi. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələri də inkişaf etmişdi. 72 ümumtəhsil məktəbində 1660-dan çox müəllim çalışır, üç musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, kitabxanalar və digər mədəniyyət müəssisələri əhaliyə xidmət göstərirdi. Rayon tarix-diyarşünaslıq muzeyində 20 mindən artıq eksponat qorunurdu.

Cəbrayıl həm də zəngin təbii sərvətlərə malik ərazi kimi tanınırdı. Rayon ərazisində sement, mərmər, mişar daşı və digər tikinti materiallarının ehtiyatları ilə yanaşı, dəmir filizi və digər faydalı qazıntı yataqlarının mövcudluğu məlum idi.

Ermənistanın işğal siyasətinin ağır nəticələrindən biri də Cəbrayılın çoxəsrlik tarixi-mədəni irsinə qarşı törədilən vandalizm aktları oldu. Dağtumas kəndi yaxınlığındakı “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki arxeoloji abidələr, Diri dağındakı Mazannənə və Mərmər nənə məqbərələri, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Çələbilər kəndindəki məscid kompleksi, Sultan Məcid hamamı, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki türbələr, Xudafərin körpüləri və digər tarixi abidələr işğal illərində dağıntılara və vandalizmə məruz qaldı. Bu dağıntılar yalnız daş abidələrin məhv edilməsi deyildi. Burada Azərbaycan xalqının tarixinin, mədəni yaddaşının və çoxəsrlik irsinin izlərini silməyə yönəlmiş siyasətin ağır nəticələri özünü göstərirdi.

Cəbrayılın azadlığına gedən yolun mühüm səhifələrindən biri Cocuq Mərcanlı və Lələtəpə ilə bağlıdır. 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. 2016-cı ilin Aprel döyüşləri zamanı isə strateji Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu hadisələr Cocuq Mərcanlıda həyatın yenidən canlanmasına, doğma torpaqlara qayıdışın real imkanlarının yaranmasına şərait yaratdı. Cocuq Mərcanlıya qayıdış sonrakı illərdə işğaldan azad edilmiş digər ərazilərə Böyük Qayıdışın başlanğıcı oldu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl rayonunun yaşayış məntəqələri bir-birinin ardınca işğaldan azad edildi. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri azad olundu. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri ilə yanaşı Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Beləliklə, 27 ildən sonra Cəbrayıl şəhəri və rayonun yaşayış məntəqələrinin böyük hissəsi Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Cəbrayıl uğrunda döyüşlər Azərbaycan əsgərinin qəhrəmanlığının, fədakarlığının və hərbi peşəkarlığının daha bir nümunəsi oldu. Düşmənin ərazidə yaratdığı çoxsaylı istehkamların yarılması böyük iradə və qəhrəmanlıq tələb edirdi. Cəbrayılın azad edilməsi sonrakı hərbi əməliyyatlar üçün də mühüm imkanlar yaratdı və Azərbaycan Ordusunun Xocavənd, Hadrut, Zəngilan, Qubadlı və Laçın istiqamətlərində irəliləməsinə şərait formalaşdırdı.

Cəbrayılın azadlığı ilə bağlı ən yaddaqalan tarixi hadisələrdən biri qədim Xudafərin körpülərində Azərbaycan bayrağının ucaldılması oldu. Cəbrayıl ərazisində yerləşən bu tarixi körpülər Azərbaycan xalqının dövlətçilik tarixinin mühüm yadigarlarından biridir. Azərbaycan bayrağının Xudafərində dalğalanması tarixi torpaqlarımızın azadlığının rəmzlərindən birinə çevrildi. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalının təsis edilməsi də bu tarixi Qələbənin əbədiləşdirilməsi istiqamətində mühüm addımlardan biri oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl şəhəri Günü kimi müəyyənləşdirildi. Bu tarix artıq Cəbrayılın işğaldan azad edildiyi gün olmaqla yanaşı, xalqımızın Zəfər tarixinin, milli iradəsinin və doğma torpaqlara qayıdışının rəmzi kimi qeyd olunur.

Cəbrayılın azad edilməsindən sonra qarşıda yeni vəzifə – dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi vəzifəsi dayanırdı. Bu gün Cəbrayıl ərazisində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Yeni yollar, yaşayış məhəllələri, məktəblər, tibb müəssisələri, inzibati və sosial obyektlər inşa olunur. Şəhər və kəndlərin gələcək inkişafı müasir şəhərsalma prinsipləri əsasında planlaşdırılır. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi bu prosesin sistemli və uzunmüddətli xarakter daşıdığını göstərir. Baş plana əsasən, şəhərin mərhələli şəkildə bərpası, yaşayış və sosial infrastrukturun yaradılması, əhalinin məskunlaşdırılması və şəhər mühitinin müasir tələblərə uyğun formalaşdırılması nəzərdə tutulur.

Cəbrayılın gələcək inkişafında sənaye və logistika imkanları da xüsusi əhəmiyyət daşıyır. Rayon ərazisində yaradılmış “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı regionun iqtisadi potensialının artırılmasına, yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun təmin edilməsinə hesablanıb. Sənaye Parkında logistika və ticarət mərkəzlərinin, anbar komplekslərinin, topdan və pərakəndə satış obyektlərinin, TIR parkının, gömrük və digər xidmət sahələrinin yaradılması nəzərdə tutulur. Bu layihələr Cəbrayılın gələcəkdə mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanlar formalaşdırır.

Cəbrayılın bərpası enerji infrastrukturu istiqamətində də genişmiqyaslı layihələrlə müşayiət olunur. “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi rayonun elektrik təchizatının möhkəmləndirilməsinə mühüm töhfə verib. Bununla yanaşı, günəş enerjisindən istifadəyə yönəlmiş layihələr də Cəbrayılın yeni enerji potensialını formalaşdırır. Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının yaradılması, “Şəfəq” Günəş Elektrik Stansiyası ilə bağlı həyata keçirilən layihələr azad edilmiş ərazilərin yaşıl enerji potensialının inkişafına yönəlib. Rayonun nəqliyyat infrastrukturu da yenidən qurulur. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu və digər nəqliyyat layihələri Cəbrayılı Qarabağ və Şərqi Zəngəzurun digər əraziləri ilə birləşdirən mühüm nəqliyyat arteriyalarına çevrilir.

Cəbrayıl rayonunda Böyük Qayıdış yalnız şəhərin deyil, kəndlərin də yenidən qurulmasını əhatə edir. Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərində genişmiqyaslı tikinti işləri aparılır. Yeni yaşayış məhəllələri ilə yanaşı, məktəb və uşaq bağçaları, inzibati binalar, tibb, idman və digər sosial obyektlərin yaradılması nəzərdə tutulur. Horovlu və Şükürbəyli kəndlərində artıq yeni yaşayış məhəllələri formalaşdırılıb. Müasir evlər, məktəblər, uşaq bağçaları, tibb və sosial obyektlər kənd həyatının yenidən qurulmasına xidmət edir. Bu kəndlərdə yaradılan infrastruktur Böyük Qayıdışın yalnız insanların doğma torpaqlarına köçürülməsi deyil, onların burada təhlükəsiz, rahat və müasir həyat şəraitinin təmin edilməsi məqsədi daşıdığını göstərir.

İllərlə doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan cəbrayıllılar artıq öz yurdlarına dönürlər. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması bu tarixi prosesin mühüm mərhələlərindən biri oldu. Artıq Cəbrayıl şəhərində 680 ailə – 2974 nəfər, Horovlu kəndində 321 ailə – 1326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə – 2749 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 1600 ailə, 7022 nəfər doğma torpaqlarına qayıdaraq yeni həyatına başlayıb. Cəbrayıl yaşayış kompleksində yaradılan şərait də qayıdış prosesinin miqyasını göstərir. İlk yaşayış kompleksində 33 çoxmərtəbəli bina və 712 mənzil inşa edilib. Növbəti yaşayış komplekslərində də yüzlərlə mənzilin tikilməsi nəzərdə tutulur. Vaxtilə dağıdılmış və xarabalığa çevrilmiş Cəbrayılın yerində yeni şəhər yüksəlir. Bir zamanlar məcburi köçkün həyatı yaşayan ailələr öz evlərinə qayıdır, məktəblər və sosial obyektlər yenidən qurulur, iqtisadi həyat canlanır.

Cəbrayılın tarixində 4 oktyabr artıq xüsusi məna daşıyır. Bu tarix ümidlərin gerçəkləşməsinin, doğma yurda qayıdışın və yeni həyatın başlanğıcının rəmzidir.