
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Camaldın kəndində Vətən müharibəsi şəhidləri Babayev Şamil Baloğlan oğlunun və Qasımov Hafis Cavanşir oğlunun ailələrini ziyarət edib. İlk olaraq şəhidlərin məzarları ziyarət olunub, məzarları üzərinə tər gül dəstələri düzülüb. Daha sonra şəhid ailələri ilə görüş keçirilib. Görüş zamanı ailələrin qayğı və problemləri dinlənilib, onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin ailələri dövlət tərəfindən daim xüsusi diqqət və qayğı ilə əhatə olunub. Şəhid ailələrinin mütəmadi ziyarət edilməsi, onların qayğılarının öyrənilməsi və qarşılaşdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi dövlət qayğısının mühüm göstəricilərindəndir. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər