
Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Namiq Həsənov, rayon polis şöbəsinin şəxsi heyəti iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Culfa şəhərindəki büstünün önünə gül dəstələri düzüb dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Culfa Rayon Polis Şöbəsində təşkil edilən tədbiri giriş sözü ilə açan Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik etmiş, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində polis orqanlarının müasir maddi-texniki bazaya və güclü infrastruktura malik olduğunu qeyd etmişdir. O, polisin cinayətkarlığın qarşısının alınması, ictimai asayişin mühafizəsi, insanların həyatının, sağlamlığının və qanuni hüquqlarının müdafiəsi funksiyalarını peşəkarlıqla həyata keçirdiyini bildirmişdir. Culfa Rayon Polis Şöbəsinin rəisi dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə icrası naminə bundan sonra da var qüvvələri ilə çalışacaqlarını vurğulamışdır. Daha sonra Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova Azərbaycan polisinin müasir çağırışlara uyğun inkişaf edərək peşəkarlığını daha da artırıldığını, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edildiyini, bu uğurların təməlində isə dövlətimizin hüquq-mühafizə orqanlarına göstərdiyi davamlı diqqətin nəticəsi olduğunu qeyd etmişdir. Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayaqlarından biri, ölkəmizdə qanunun aliliyinin, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan peşəkar qurumdur. Polis əməkdaşları gecə-gündüz fərqi bilmədən məsuliyyətlə xidmət edərək cəmiyyətin əmin-amanlığını qoruyur, cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparır, dövlətimizin və xalqımızın təhlükəsizliyi naminə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Rayon icra hakimiyyəti başçısının müavini Azərbaycan polisinin bundan sonra da Konstitusiyaya, qanunlara və xalqa sədaqətlə xidmət edəcəyini, ölkəmizdə sabitliyin təmin olunmasına öz dəyərli töhfəsini verən polis işçilərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Çıxışların ardından xidməti fəaliyyətində fərqlənən Culfa Rayon Polis Şöbəsinin əməkdaşları Fəxri Fərmanlarla təltif olunmuşlar.