Culfa rayonunda "Cinsi ayrı-seçkiliyə görə selektiv abortların qarşısının alınması" mövzusunda maarifləndirici tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinın birgə təşkilatçılığı ilə "Cinsi ayrı-seçkiliyə görə selektiv abortların qarşısının alınması" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Səkinə Fərzəliyeva açılış nitqi ilə  açaraq tədbirin əhəmiyyətindən bəhs edib.  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova çıxış edərək qeyd edib ki, cinsi ayrı-seçkiliyə əsaslanan selektiv abortlar cəmiyyətin demoqrafik tarazlığına və sosial dəyərlərinə ciddi zərər vurur. Bu proses gender bərabərliyini pozduğu üçün selektiv abortların qarşısının alınması məqsədilə hüquqi, tibbi və maarifləndirici tədbirlərin gücləndirilməsi vacibdir. Daha sonra çıxış edən Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin həkim ginekoloqu Həqiqət Adıgözəlova vurğulayıb ki, cinsi əsaslarla edilən abortlar əhalinin gələcək strukturuna və psixososial mühitə uzunmüddətli təsir göstərir. Bu proses qız uşaqlarının dəyərsizləşdirilməsinə gətirib çıxarır və gender stereotiplərini dərinləşdirir. Xüsusilə tibb müəssisələrində etik nəzarət mexanizmləri selektiv abortların qarşısının alınmasında mühüm rol oynayır.  Tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə əlaqədar broşurlar paylanılıb.