Culfa rayonunun Ərəzin kəndində yay şumu və təkrar əkinlərlə bağlı maarifləndirici tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ərəzin kəndində “Taxıl biçinindən sonra yay şumunun, torpaq analizlərinin aparılması, torpağın təkrar əkinlər üçün hazırlanması və muxtar respublika şəraitinə uyğunlaşan yüksək keyfiyyətli, məhsuldar taxıl sortları haqqında məlumatlandırma” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə “Aqrar Xidmətlər Mərkəzi” PHŞ-nin nümayəndələri, Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun əməkdaşları və Aqrar Sığorta Fondunun Naxçıvan MR filialının rəhbəri iştirak ediblər. Tədbir zamanı fermerlərə taxıl biçinindən sonra torpaqda düzgün yay şumunun aparılmasının əhəmiyyəti, təkrar əkinlər üçün torpağın necə hazırlanmalı olduğu, həmçinin torpaq analizlərinin məhsuldarlığa təsiri barədə geniş məlumat verilib. Çıxış edən mütəxəssislər bölgə üçün uyğunlaşmış yüksək məhsuldar taxıl sortları haqqında məlumatlar paylaşaraq, onların aqrotexniki qulluq qaydalarını iştirakçılarla bölüşüblər. Bildirilib ki, düzgün torpaq hazırlığı və elmi əsaslara söykənən əkin texnologiyası gələcək məhsuldarlığın artırılmasında əsas rol oynayır.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, əkinçilik sahəsində yeniliklərə dair fikir mübadiləsi aparılıb. Maarifləndirici görüş fermerlər tərəfindən maraqla qarşılanıb və əkinçilikdə tətbiq ediləcək faydalı bilgilərlə yadda qalıb.