Culfa şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir və bayram konserti keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov, şəhid Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov, Vətən müharibəsi qazisi Ceyhun Bayramov çıxış etmişlər. Çıxışlarda qeyd eilmişdir ki, 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmiş, ölkəmizin iqtisadiyyatına milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

2020-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlatması barədə qərar verildiyi andan Azərbaycan əsgəri və zabiti yalnız bir amalla vuruşurdu, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.  Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-də Qarabağda başlayan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kənd və bir neçə strateji yüksəkliyi işğaldan azad etdi. 

Ali Baş Kamandan İlham Əliyevin qətiyyəti, qəhrəman hərbçilərimizin şücaəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. 

İşğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının suverenliyinin bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-si müvafiq şərtlər altında əməliyyatın dayandırılması barədə razılıq əldə olunmuşdur. Antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırmışdır.

Prezidenti İlham Əliyevin 2020-ci il 26 noyabr tarixli Sərəncamı ilə qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” və başqa medallar təsis olunub. Ölkə başçısı tərəfindən imzalanmış sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsinin, ümumilikdə, 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. 

Ölkə Başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü, 2024-cü il 19 sentyabr tarixli Sərəncami ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Çıxış edənlər Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzaladığından və Böyük Qayıdışı gerçəkləşdirmək istiqamətində Qarabağ və Şərqi Zəngəzurda misilsiz bərpa-quruculuq işlərindən söhbət açmışlar. 2025-ci il oktyabrın 1-dək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 4.826 ailənin qayıdışı təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvləri, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan tələbələr də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59.565 nəfər təşkil edib. Sonda isə 8 Noyabr Zəfər Günü, 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbriklər səslənmişdir.

Çıxışlardan sonra Vətən müharibəsinin 5-ci il dönümü münasibətilə şəhidlərimizin xatirəsinə Culfa Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış portretlər ailə üzvlərinə təqdim edilib. Eyni zamanda, Gənclər və İdman Nazirliyinin Fəxri Fərmanları Vətən müharibəsində şücaət göstərmiş qazilərə təqdim olunub.

Rəsmi tədbirdən sonra Zəfərimizi tərənnüm edən vətənpərvərlik ruhunda mahnılar və rəqslərin ifasında bayram konserti nümayiş etdirilib.