
Sağlam həyat tərzinin təşviqi, gənclərin və uşaqların asudə vaxtlarının səmərəli təşkili, həmçinin məhəllə infrastrukturunun yenilənməsi məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində regionlarda yeni idman meydançaları salınır. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında da müvafiq işlər davam etdirilir. Culfa şəhərində Cəlil Məmmədquluzadə və Ə. Xaqani küçələrinin kəsişməsində yerləşən ərazidə “Sağlam məhəllə” layihəsi üzrə tikinti işlərinə başlanılıb. Layihəyə uyğun olaraq, açıq havada idmanla məşğul olmaq üçün müasir və rahat şərait yaradılacaq. Belə ki, sakinlər minifutbol, basketbol, stolüstü tennis və şahmat oynamaqla yanaşı, müxtəlif trenajor avadanlıqlarından da istifadə edə biləcəklər. Qeyd edək ki, layihə çərçivəsində nəzərdə tutulan işlərin növbəti ilin yanvar ayında yekunlaşdırılması planlaşdırılır.