Doğum gününüz mübarək olsun, suveren Azərbaycanın memarı – cənab Prezident İham Əliyev

İlham Əliyev — bu ad bu gün ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın memarı, xalqının taleyini uğura çevirmiş qətiyyətli lider kimi tariximizin qızıl səhifələrinə əbədi həkk olunub.

1961-ci il dekabrın 24-də dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsində dünyaya gələn İlham Əliyev, dərin zəka, yüksək məsuliyyət və xalqa xidmət kimi ali dəyərlərlə formalaşan həyat yolu ilə daim uğurlar qazandı. O, həm siyasi fəaliyyətində, həm də şəxsi həyat fəlsəfəsində qətiyyət, əzm və uzaqgörənlik nümayiş etdirərək müasir Azərbaycanın inkişafına mühüm töhfələr verdi. İlham Əliyev hələ Prezident seçilməzdən əvvəl də dövlətçilik yolunda ardıcıl və məsuliyyətli fəaliyyəti ilə seçilirdi. Onun tutduğu vəzifələrdə atdığı hər addım gələcək Liderin xalqa xidmət missiyasını möhkəmləndirirdi. İlham Əliyevin fəaliyyətində vətəndaşa bağlılıq, dövlətə sədaqət və inkişaf strategiyası daim ön planda olub.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyən İlham Əliyev 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. Dünya şöhrətli siyasətçi 1994-cü ildən etibarən Dövlət Neft Şirkətində vitse-prezident, sonradan isə birinci vitse-prezident kimi fəaliyyət göstərərək neft strategiyamızın memarlarından birinə çevrildi. 1995 və 2000-ci illərdə isə millət vəkili seçilən İlham Əliyev xalq arasında böyük nüfuza sahib olduğunu sübut etdi. 1997-ci ildə isə idmanın ruhunu yaşadan bir missiya ilə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. 1999-cu ildən etibarən isə siyasət səhnəsində daha qəti, daha parlaq görünməyə başladı. Əvvəlcə YAP sədrinin müavini, sonra birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilərək, milli liderlik zirvəsinə doğru inamla irəlilədi.

Prezident İlham Əliyev beynəlxalq siyasi arenada da özünü uğurla göstərdi. Belə ki, 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri, 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. Bütün bunlar onun beynəlxalq aləmdə qazandığı etimadın bariz nümunəsidir. Dəyərli siyasət adamı 4 avqust 2003-cü ildə isə Milli Məclisdə təsdiqlənərək Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olundu. Bu, yalnız yeni bir idarəetmə mərhələsinin deyil, həm də xalqın bir Liderə olan inamının təsdiqi idi.

İlham Əliyevin çalışdığı bütün sahələrdə nümayiş etdirdiyi peşəkarlıq və liderlik keyfiyyətləri, eyni zamanda dövlətçilik ənənələrinə sadiqliyi xalqın da qəti seçiminə çevrildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində İlham Əliyev seçicilərin 76 faizindən çoxunun etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu nəticə, sadəcə bir seçki deyil, tarixə çevrilən bir qərar idi. Xalq bu səsi ilə sabitliyə, inkişaf yoluna və Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamına “bəli” dedi. Bu səsdə ümid, inam və gələcəyə olan güvən var idi.

Seçkilərdən öncə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev 1 oktyabr 2003-cü ildə xalqa müraciət edərək demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezidentliyinin ilk illərindən etibarən xalqın etimadını layiqincə doğruldan İlham Əliyev hər seçkidə daha böyük dəstək qazanaraq, dövlət başçısı kimi mövqeyini möhkəmləndirdi. 2008, 2013, 2018-ci illərdə olduğu kimi, 2024-cü il fevralın 7-də keçirilən növbəti Prezident seçkilərində də Azərbaycan xalqı öz Liderinə güvəndiyini bir daha nümayiş etdirdi. Bu seçkilər təkcə siyasi yox, həm də tarixi məna daşıyırdı. Çünki bu, Zəfər seçkisi idi. İlk dəfə olaraq, seçkilər işğaldan azad edilmiş bütün ərazilərimizdə – Şuşada, Xankəndidə, Laçında, Zəngilanda, Qubadlıda, Ağdamda və digər bölgələrdə keçirilmişdi. Seçkilər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunduğunu dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndidə səs verməsi bu seçkilərin rəmzi gücünü daha da artırdı. 122 saylı seçki dairəsinin 14 saylı məntəqəsində verilən bu səs, əslində Azərbaycanın Zəfər yolunun növbəti mərhələsinə atılmış mühüm bir addım idi. Seçici fəallığının 76,43 faiz olduğu seçkilərdə İlham Əliyev 92,12 faiz səslə inamlı qələbə qazandı. Bu, təkcə bir siyasi nəticə deyildi. Bu, xalqın Qalib Sərkərdəsinə verdiyi sarsılmaz dəstəyin, sabitliyə, inkişaf siyasətinə və güclü dövlətə inamının ifadəsi idi.

İlham Əliyevin Prezidentliyi dövürdə yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etməklə yanaşı, Azərbaycanı dünyada tolerantlıq, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanıtmışdır.

İlham Əliyev siyasəti demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoqu özündə birləşdirir. Məhz Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.

Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı olaraq Prezident İlham Əliyevin ən böyük arzusu ermənilər tərəfindən işğal olunan tarixi torpaqlarımızın azadlığına nail olmaq idi. Məhz bu amalla siyasi kursunu şəkilləndirən Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda düşmənin hücumuna cavab olaraq ordusuna əks-hücum əmri verdi. Əməliyyatın başlamasından bir neçə gün keçməmiş döyüşlərin dayandırılması üçün düşmən tərəfi ağ bayraq qaldıraraq yalvarmağa başladı. Bu dəfə də Prezident İlham Əliyev xarakterini ortaya qoyub Şanlı ordusuna dur əmri verərək bildirdi ki: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”. Bununla da, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində qələbə çalaraq ədalətin bərpa olunmasına nail oldu. Artıq 5 ildir Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevlə birlikdə tarixi qələbənin haqlı qürurunu yaşayır.

Sevincli və əlamətdar günlərini daima xalq ilə paylaşan Prezident İlham Əliyev ad günlərində, adətən, sosial obyektlərin açılışında, şəhid ailələri və qazilərlə görüşlərdə, onlar üçün inşa edilmiş yeni evlərin açılışlarında iştirak edir. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Sonuncu ad günündə isə Prezident İlham Əliyev Ağdama səfər edərək bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etmiş və təməlini qoymuşdur.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Prezident İlham Əliyevin xarici siyasətinin əsas prioritetlərindən biridir. Artıq 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Həmçinin 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi ölklərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə gətirib çıxarmışdır.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyətin həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.

Bu gün Azərbaycanın yüksəliş yolunda atdığı hər addımda Prezident İlham Əliyevin müdrik və uzaqgörən liderliyi dayanır. Onun rəhbərliyi ilə ölkəmiz regional gücə çevrilib, milli maraqlara söykənən diplomatiya, iqtisadi inkişaf və hərbi qüdrət vahid bir strateji xəttə çevrilib. Hər bir nailiyyətdə xalqın etimadı, Prezidentin iradəsi, dövlətin gücü əks olunur. Müasir Azərbaycanın bu möhtəşəm inkişaf salnaməsi məhz İlham Əliyevin imzasını daşıyır.  

 

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.” Prezident İlham Əliyev