
Xankəndidə keçirilən III Şuşa Qlobal Media Formu təkcə media əməkdaşlığının deyil, həm də Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və strateji mövqeyinin bariz nümayişinə çevrildi. Prezident İlham Əliyevin forumdakı çıxışı ölkənin daxili və xarici siyasətinin, eyni zamanda informasiya müharibəsi və qlobal çağırışlar fonunda yeritdiyi müstəqil kursun dərin təhlili oldu. Prezident İlham Əliyevin çıxışı, sadəcə siyasi bəyanat yox, Azərbaycanın XXI əsrdə yürütdüyü müstəqil, milli maraqlara əsaslanan və strateji düşüncəyə söykənən siyasətin qısa icmalı idi. Bu çıxış həm daxili auditoriyaya güvən, həm xarici dünyaya ünvanlanmış müsaj idi. Cənab Prezident çıxışı zaman jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi ki, “ Biz “Yaşıl Keçid Proqramı”nı həyata keçiririk. Lakin, eyni zamanda, anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Bizim üçün çətin an və mürəkkəb müzakirələr oldu. Lakin düşünürəm ki, sədrliyimiz yaxşı anlaşmanı təmin etdi. Bir sözlə, öz rolumuzu Qlobal Cənub və Qlobal Şimal arasında körpü kimi gördük. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik. Həmçinin COP29-da mühüm nailiyyətlərdən biri də ondan ibarətdir ki, biz konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik. Bununla da karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olundu. Bu məsələ ən azı son 10 il ərzində müzakirədə qalmışdır. Beləliklə, o, COP29-un ən mühüm və tutarlı nəticəsinə çevrildi. Düşünürük ki, digər mühüm nəticə iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin əvvəlcədən COP29-da nəzərdə tutulmuş 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər artırılması oldu. Bilirik ki, bəzi ölkələr bundan razı qalmadı. Lakin ədalət naminə söyləməliyik ki, biz vəsaitlərin üç dəfə artırılmasına nail olduq. Əlbəttə ki, bizdən sonra öhdəliyi öz üzərinə götürən tərəflər həmin vəsaitlərin artırılması üçün öz işlərini görməli olacaqlar. Çünki həmin və bir çox digər məsələlər irsimiz kimi qalacaq. Biz ondan artıq təşəbbüs irəli sürdük. Ölkələrin tam əksəriyyəti həmin təşəbbüslərə qoşuldu. Düşünürəm ki, təşəbbüslərimizin heç birinə qoşulmayan cəmi iki ölkə oldu. Lakin bu, təşəbbüslərin münasibliyinə deyil, sırf siyasi səbəblərə bağlı idi. İndi isə sual belədir – gələcəkdə nə baş verəcək? Xüsusən də iqlim dəyişmələri ilə bağlı ABŞ Administrasiyasının mövqeyini nəzərə alaraq, nə olacaq? Əlbəttə ki, ABŞ-ın qlobal lider, iqlim dəyişmələrinə ən böyük töhfə verən tərəf və ən böyük investor kimi məsələləri nəzərdə tutulur. Onun rolu, əlbəttə ki, diqqətdən kənarda qala bilməz. Bir sözlə, çox məsələ onlardan asılı olacaq. Buna görə, hamımız böyük ümidlə və müəyyən narahatlıqla bu ilin sonunda keçiriləcək COP30-u gözləyirik”.
Cənab İlham Əliyev jurnalistin sualına cavab olaraq qeyd etdi ki, “Qarabağın bərpası üçün ilk hədiyyəni Özbəkistan verib. Hörmətli Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib. Biz Şavkat Miromonoviç ilə bu məktəbi Füzuli şəhərində açdıq. Bir-iki gün əvvəl yenə Füzulidə oldum, maraqlandım, məncə, orada artıq 500-dən çox uşaq oxuyur. Nəzərə alsaq ki, Füzuliyə keçmiş köçkünlərin qaytarılması prosesi hələ ilkin mərhələdədir, yəni, bu qədər uşaq artıq orada təhsil alır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir. Qeyd etdiyiniz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının artıq burada, Xankəndidə Zirvə görüşü keçirilib. O görüş bu binada, yeni Konqres Mərkəzində keçirildi. Biz həmin Zirvə görüşünü məhz bu zalda keçirdik. Bunun böyük rəmzi mənası var idi. Yeri gəlmişkən, deməliyəm ki, işğal zamanı məhz bu yerdə separatçılar tərəfindən “Parlament” adlandırılan bina tikilmişdi. Mənim buraya ilk səfərlərimdən birində biz bu “şeytan yuvası”nı dağıtmaq qərarına gəldik, məncə, tamamilə düzgün qərar verdik və onun yerində dövlət başçılarını qəbul edən belə gözəl Konqres Mərkəzi tikdik. Yaxınlıqda isə sovet vaxtı orada olan, işğal zamanı dağıdılan hotel tikilir. Konqres Mərkəzinin qarşısındakı meydan indi Qələbə meydanı adlanır. Hazırda Qələbə muzeyinin tikinti işləri aparılır”.
Ölkəmizin başçısı Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən bildirdi ki, “Biz daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq. Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır”.
Cənab Prezident bildirdi ki, “Özbəkistan Prezidentinin səfəri zamanı biz müzakirə etdik ki, yükdaşımaların həcmini artırmalıyıq. Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar”.
Prezident vurğuladı ki, “Biz bilirik ki, bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var və biz bu həcmi artırmağa hazırıq. 2021-ci ildə bu həcm 8 milyard kubmetr idi. Bu gün 13 milyard kubmetrdir. Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır. Yaşıl enerjiyə gəldikdə, Avropa bankları artıq faydalı qazıntı enerji növlərinə maliyyələşmə ayırmır. Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşməni demək olar ki, dayandırmışdır. Buna görə isə əlbəttə ki, biz imkanlarımızı genişləndirmək üçün vəsait cəlb edə bilmərik. Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Onu genişləndirmək üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq tamamlanmış kimi görünən bir məsələ yenidən inkişaf etdirilə bilər. Avropanın Azərbaycan qazına daha çox ehtiyacı var. Onların Azərbaycanın yaşıl enerjisinə ehtiyacı var. Bəli, biz bilirik ki, Avropada olan külək elektrostansiyalarının sayı nə qədərdir və onların planları nədən ibarətdir. Ancaq biz bir yerdə çalışmağı avropalı tərəfdaşlarımıza təklif etdik. Azərbaycanın coğrafi olaraq Avropa və Asiya arasında yerləşən bir məkan kimi nəhəng meqalayihələrin icrasında təcrübəsi, şaxələndirilmiş xarici siyasəti və xarici siyasət gündəliyi sayəsində biz əhəmiyyətli və həlledici rol oynaya bilərik”.
Cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi haqqında danışarkən bildirdi ki,”Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Elə də oldu. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq. Onlar bununla barışmağa məcbur oldular. Daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində. Bununla da barışmağa məcbur oldular. Əvvəldə dediklərim sadə və ya bəhanə kimi görünə bilər. Amma bunun arxasında bizim həm müharibədə, həm danışıqlar masasında, həm də suverenliyimizi tam bərpa etdikdən sonra yaşadıqlarımız dayanır. Əgər xarici aktorların bizə qarşı təhdidləri, təzyiqləri, şantajları barədə danışsam, bu, çox da xoş mənzərə olmaz. Bunu danışmaq üçün ayrıca görüşə ehtiyac var. Amma əvvəl dediyimə qayıdıram: heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq. Baxın, Özbəkistandan olan dostumuz atam haqqında sual verdi. Bilirsiniz, o da bizim hamımız kimi bu günü - Qarabağa qayıtdığımız günü görmək istəyirdi. Amma bu, ona nəsib olmadı. Bu əraziləri azad etməzdən əvvəl mən 17 il Prezident olmuşam. Əgər imkan yaranmasaydı, bəlkə də daha 17 il gözləyəcəkdik. Burada məsələ mənlik deyil. Hesab edirəm ki, bu da ukraynalılar üçün vacibdir. Məsələ şəxsiyyətdə deyil, məsələ ambisiyada deyil. Məsələ ondadır ki, bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik. Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm”.
Ölkəmizin başçısı Azərbaycanın xarici siyasəti haqqında danışarkən bildirdi ki, “Milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir. Əlbəttə ki, hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq. Yəni, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır. Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun. Həmçinin Çin Xalq Respublikası ilə əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirirəm. Son dövrlərdə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Bu il dövlət səfərim zamanı və ötən il beynəlxalq sammit çərçivəsində görüşlərimiz baş tutub, həmçinin iki mühüm sənədi qəbul etdik və imzaladıq. Ötən il bu sənəd “Strateji tərəfdaşlıq haqqında Bəyanat”, bu il isə “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” olmuşdur. Bu sənədlər dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirir. Çin Xalq Respublikası ilə bu səviyyədə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmağımız bizi çox sevindirir.
Cənab Prezident vurğuladı ki, “Ermənistan ilə Azərbaycanın maraqlarının üst-üstə düşə biləcəyinə heç bir etirazım yoxdur. Amma məsələ burasındadır ki, Ermənistan bunu həmişə başqa cür görüb. Əgər işğal olmasaydı, azərbaycanlıların vəhşiliklə, dağıntılarla, soyqırımları ilə deportasiyası baş verməsəydi, Cənubi Qafqazda vəziyyət tamamilə başqa cür olardı. Cənubi Qafqaz iqtisadi, siyasi, nəqliyyat və hər şeydən əvvəl, enerji baxımından çoxdan inteqrasiya olunmuşdu. Hər şey yaxşı olardı, bu qədər vaxt itirilməzdi. Səbəb bizdə deyil, səbəb Sovet İttifaqı dağılandan bəri Ermənistanı idarə edən rejimlərin işğalçı xarakterindədir. Onların heç biri azərbaycanofobiyası və Azərbaycana qarşı motivi olmayan təcavüzü ilə bir-birindən xüsusilə fərqlənmirdi. Siz ilk dəfə deyil ki, burada olursunuz və yəqin dini ziyarətgahlarımızın həm dağıdılmasına, həm də təhqir olunmasına diqqət yetirmisiniz. Mən burada olanda tez-tez baş çəkirəm, vaxtaşırı öz-özümə sual verirəm: axı, biz sovet dövründə onlara pis heç nə etməmişik, qətiyyən. Onlar burada dinc yaşayırdılar, yarımuxtar quruma malik idilər. Respublika yox, amma muxtar vilayət idi. Bu muxtar vilayətə erməni millətindən olanlar rəhbərlik edirdilər. Bu bina ilə üzbəüz, dediyim kimi, keçmiş vilayət komitəsinin binası var. Orada vilayət komitəsinin birinci katibi otururdu - erməni idi. İcraiyyə komitəsinin sədri də erməni olub. Dağlıq Qarabağ Muxtar Vilayəti vilayət komitəsi bürosunun 9 üzvü var idi və onların arasında yalnız bir azərbaycanlı olub. O da ki, Şuşa rayon komitəsinin birinci katibi idi və sadəcə, vəzifəsinə görə orada olmalı idi, olmasaydı, onu da oraya daxil etməzdilər. Hansı sıxışdırma barədə danışırdıq? Heç bir sıxışdırma yox idi”.
Rusiya ilə münasibətə aid jurnalistin sualına cavab olaraq cənab İlham Əliyev bildirdi ki, “siz təyyarə qəzasını qeyd etdiniz. Təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir. Bizim pilotlar cəsarət və peşəkarlıq göstərərək təyyarəni qəza enişinə yönləndirdilər və tam heyət, bütün sərnişinlər həlak olmadı. Biz dərhal oraya - Aktauya heyət göndərdik. Onlar çəkiliş aparırdılar və gördülər ki, təyyarənin füzulyajı dəlmə-deşik edilmişdir və hətta təyyarədə olanların iki nəfəri də qəlpə yarası almışdır. Guya, Ukrayna dronu bizim təyyarəmizlə toqquşmuşdur. Bu gülünc bir iddia, təklif, versiya idi. Təyyarəmizə qarşı iki dəfə hücum olub. Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni, bu uşaq bağçası səviyyəsində hekayədir, biz bilirik nə baş verib. Bundan başqa, Rusiya hava məkanı bağlanmamışdı. Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışdır və bu da məsuliyyətdir. Həmin o şəxslər “xalça əməliyyatı”nı vaxtından gec elan ediblər. Bu, gün qədər aydındır. Ancaq yeddi aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın İstintaq Komitəsinə məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır”.
PS: Jurnalistlərin verdiyi sualları səmimi cavablandıran Prezident İlham Əliyev bir daha göstərdi ki, medianın və jurnalistlərin yaxın dostudur.