
Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqları, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində parlaq Zəfəri ilə nəticələndi. Ermənistanın 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atması ilə müharibə başa çatdı və bu, yeni bir mərhələnin başlanğıcı oldu.
İşğal dövründə ermənilər Qarabağ və ətraf rayonlarda tariximiz və mədəniyyətimizlə yanaşı şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi də barbarcasına məhv etmişdilər. Minlərlə yaşayış evi, məktəb, xəstəxana, məscid və mədəniyyət ocaqları vandalizmə məruz qalmışdı. Şanlı Ordumuzun şücaəti nəticəsində azad olunan ərazilərimizin bərpası artıq dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən birinə çevrilmişdi. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə "Böyük Qayıdış" proqramı çərçivəsində dərhal bərpa və quruculuq işlərinə başlanıldı. Yeni yollar, elektrik xətləri, su və qaz infrastrukturunun qurulması, ağıllı kənd layihələri, müasir şəhərlər, hava limanları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər sürətli şəkildə inşa edilməyə başlanıldı. Kəlbəcər rayonunda da bu istiqamətdə əsaslı işlər gedir, yeni layihələrə start verilir. Artıq Kəlbəcər şəhərində tikilmiş evlərin açarları sahiblərinə təhvil verilib və kəlbəcərlilər doğma elinə qayıdaraq 30 illik yurd həsrətinə son qoyublar. Kəlbəcər artıq təkcə xatirələrin yox, həm də ümidin, inkişafın və gələcəyin rəmzinə çevrilib.
Kəlbəcərlilərin sevincinə şərik çıxmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birgə Kəlbəcər şəhərində inşa edilən yeni yaşayış kompleksində sakinlərlə görüşərək mənzillərinin açarlarını təqdim ediblər. Görüş zamanı çıxış edən Prezident İlham Əliyev azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışaraq qeyd edib ki, bu layihələr Azərbaycan xalqının qələbəsinin, əzminin və dövlətin gücünün bariz nümunəsidir. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ölkəmizin gücünü və xalqımızın qələbəsini əks etdirir. Cənab Prezident qeyd edib ki, “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz”.
Ölkəmizin başçısı Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal tarixinə nəzər salaraq bildirdi ki, “Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir.
Mənfur cütlük bundan istifadə edərək bir ay sonra məhz Şuşa və Laçın faciəsi üzərində hakimiyyətə gəldi, doğma diyarınızı qoruya bilmədi, ya da qorumaq istəmədi. Ondan sonrakı dövrü hamımız yaxşı xatırlayırıq. Uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə - Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və əminəm ki, qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın. Mən bunu dəfələrlə demişəm və bu, tam həqiqətdir. Lakin Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Yəni bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan ordusunda isə özlərinin dediklərinə görə 12 min fərari olmuşdur. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq biz kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın və bunu etməyə məcbur olmuşdur. Yəni, Kəlbəcər bir güllə atılmadan azad edildi. Siz kəlbəcərlilər bu bölgənin relyefini, iqlimini çox yaxşı bilirsiniz. Mən də çox yaxşı bilirəm, çünki dəfələrlə burada olmuşam və əvvəlki dövrlərdə buraya Ömər aşırımından keçmişəm”.
Cənab İlham Əliyev qeyd etdi ki, “Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi. Bu da çox vacib idi. Çünki Vətən müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi. Çünki biz öz torpağımızda müharibə aparmışıq. Bəzi başqa ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməmişik, etnik təmizləmə aparmamışıq, heç bir ölkənin şəhər və kəndlərini viran qoymamışıq. Biz öz torpağımızda döyüşmüşük, düşməni böyrü üstə qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında. Ancaq buna baxmayaraq, Ermənistana himayədarlıq edən ölkələr bizə qarşı daim hərəkətdə idi və Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində imzalanmış sənədlər bütün bu səylərə də son qoydu”.
Cənab Prezident bir daha diqqətə çatdırdı ki, “Bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq.
Ölkəmizin başçısı ermənilərin xalqımızın başına gətirdiyi bəlalara diqqət çəkərək qeyd etdi ki, “Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzulayıram”.