Konstitusiya Günün mübarək Azərbaycan!

Azərbaycan dövlətçiliyinin inkişafında 12 noyabr tarixi xüsusi əhəmiyyət daşıyır. Bu gün ölkəmizin hüquqi dövlətinin əsası, xalqın iradəsini, azadlıq və ədalət arzularını ifadə edən Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu sənəd Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının hüquqi bünövrəsini qoydu.

 

Ulu Öndər Heydər Əliyev deyirdi:

“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”

 

Ölkəmizin konstitusiya quruluşunun əsası XX əsrin əvvəllərinə gedib çıxır. 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətçilik tariximizin başlanğıcı olsa da, o dövrdə əsas qanunu qəbul etmək mümkün olmamışdı. İlk Konstitusiyamız 1921-ci ildə Sovet dövründə qəbul edildi və növbəti illərdə – 1925, 1927, 1937 və 1978-ci illərdə yenilənərək sovet ideologiyasına uyğunlaşdırıldı. Lakin həmin sənədlərdə xalqın suveren iradəsi, milli dövlətçilik və müstəqillik ideyası öz əksini tapmamışdı.

 

Azərbaycan SSRİ-nin sonuncu dəfə 1978-ci il aprelin 2-də yeni Konstitusiyası qəbul olunan zaman Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə mühüm bir qərar verildi. Məhz onun təklifi ilə Konstitusiyanın 73-cü maddəsinə "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəası daxil edildi. Bu, həmin dövr üçün olduqca cəsarətli və strateji bir addım idi. Çünki sovet ideologiyasının hökm sürdüyü bir şəraitdə milli dilə rəsmi status vermək, əslində, milli kimliyi, dili və mədəniyyəti qorumağın hüquqi əsasını yaratmaq demək idi. 1978-ci ildə qəbul olunmuş bu Konstitusiya müstəqil Azərbaycanın 1995-ci ildə yeni Konstitusiyası qəbul edilənə qədər qüvvədə qaldı.

 

1991-ci il 18 oktyabrda qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə xalqımız öz azadlığını bərpa etdi. Amma bu dövrdə dövlət idarəçiliyi böhran içində idi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi və yeni Konstitusiyanın hazırlanması istiqamətində əməli işlər gördü. Nəticədə müstəqil Azərbaycanın Konstitusiyası hazırlandaı və 1995-ci ilin noyabrında keçirilən referendumda seçicilərin 91,9 faizi Konstitusiyanın qəbulunun lehinə səs verdi. 27 noyabr tarixində qüvvəyə minən bu sənəd ölkəmizin hüquqi dayağına çevrildi. Konstitusiyanın qəbulu ilə Azərbaycan dövlət quruculuğunda yeni mərhələyə qədəm qoydu. Ölkədə hüquqi dövlətin əsasları formalaşdı, vətəndaş cəmiyyəti quruculuğuna şərait yarandı. 1998-ci ildə Konstitusiya nəzarəti orqanı kimi Konstitusiya Məhkəməsi yaradıldı. Bu, hüquqi dövlətin vacib institutlarından biri olaraq ədalət və qanunun aliliyinin təminində mühüm rol oynadı. Zaman keçdikcə sosial-siyasi reallıqların tələblərinə uyğun olaraq Konstitusiyamızda bir neçə dəfə referendumla dəyişikliklər edilib – 2002, 2009 və 2016-cı illərdə. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, vətəndaş hüquqlarının daha geniş təmininə və müasir idarəetmə modelinin yaradılmasına şərait yaratdı.

Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin bölünməsi prinsipinə əsaslanır, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında tarazlığı təmin edir. İnsan hüquq və azadlıqları Konstitusiyanın mərkəzində dayanır. Əsas Qanunun 48 maddəsi birbaşa insan hüquqlarına həsr olunmuşdur.

 

Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar Azərbaycanın tam suverenliyinin bərpa olunduğu, Konstitusiyanın hüquqi qüvvəsinin bütün ərazilərimizdə bərqərar edildiyi dövrdə xüsusi mənəvi məna daşıyır.

 

Prezident İlham Əliyev Konstitusiyanın əhəmiyyətini belə dəyərləndirib:

“Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”

 

“1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”