“Konstitusiya və Suverenlik İli”də humanizim nümunəsi - Aministiya

Müstəqil Azərbaycan dövlətinin yaranması və qorunub möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin qıtiyyətli siyasi iradəsi ilə bağlıdır. Məhz Ulu Öndərin xilaskarlıq missiyası nəticəsində dövlətçilik ənənələri bərpa edilmiş və 1995-ci ildə qəbul olunan Konstitusiya müasir Azərbaycan dövlətinin hüquqi-siyasi təməlini qoymuşdur. Bu Konstitusiya milli iradənin, dövlət müstəqilliyinin və xalq hakimiyyətinin rəmzinə çevrilmişdir. Möhkəm təməl üzərində qurulan dövlət siyasətimiz bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Ölkəmizin suverenliyinin tam bərpa olunması və Konstitusiyanın bütün ölkə ərazisində tətbiqi dövlətimizn gücünü və sabitliyini bir daha təsdiqləyir. 

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması və Prezident İlham Əliyevin bu münasibətlə irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin hüquqi və mənəvi dayaqlarının gücləndirilməsinə yönəlmiş mühüm addımdır. Bu təşəbbüs hüquq və ədalət prinsipləri ilə yanaşı, humanizm və insanpərvərlik kimi ali dəyərlərin dövlət siyasətində mühüm yer tutduğunu bir daha nümayiş etdirir. Həmçinin hər bir azərbaycanlı bilir ki, Prezident İlham Əliyevin siyasətində insan amili hər zaman ön plandadır. Vətəndaş rifahının yüksəldilməsi, sosial ədalətin qorunması və cəmiyyətin sağlam inkişafı əsas məqsədlərindən biridir. Amnistiya təşəbbüsü də bu yanaşmanın tərkib hissəsidir. 

“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya elan edilməsi çox böyük xüsusi məna daşıyır. Belə ki, Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Azərbaycan dövlətinin həyata keçirdiyi amnistiya və əfv siyasəti uzun illərdir ki, ardıcıl və sistemli şəkildə tətbiq olunur. Bu siyasət minlərlə insana ikinci şans verərək onların cəmiyyətə qayıdışına şərait yaradıb, humanizm prinsiplərinin və ədalət anlayışının möhkəmlənməsinə xidmət edib. Belə ki,1995-ci ildən bu günə qədər qəbul edilən 12 amnistiya aktı ümumilikdə 130 mindən çox şəxsə şamil olunub. Təkcə 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya aktı 17 mindən artıq insana tətbiq edilib.

Ümummilli Lider Heydər Əliyev tərəfindən də 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub.

Qeyd etmək lazımdır ki, bu humanist siyasətin formalaşmasında Azərbaycanın Birinci vitse-prezidenti, o dövrdə isə Milli Məclisin deputatı olan Mehriban xanım Əliyevanın da mühüm rolu olub. Onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib.

Qəbul edilən sonuncu amnistiya aktı isə əvvəlkilərdən fərqlənir. Çünki bu dəfə müstəqil Azərbaycan tarixində ən geniş əhatəli amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bu da təkcə həmin şəxslər üçün deyil, onların ailələri üçün də böyük sevinc və ümid deməkdir.

Prezident İlham Əliyevin amnistiya təşəbbüsü güclü və ədalətli dövlətin insanpərvər siyasətinin növbəti təzahürüdür. Bu addım göstərir ki, Azərbaycan dövləti hüquqa söykənən, suverenliyini qoruyan və eyni zamanda vətəndaşına dəyər verən bir dövlətdir.