
Əcdadlarımızın nəfəsi, ulu babalarımızın izləri ilə yoğrulmuş bir yurddur Laçın. Qürurlu, məğrur dağların qoynunda qərar tutan bu şəhərin adı belə könüllərdə ucalıq, vüqar oyadır. Laçın deyəndə hər bir azərbaycanlının gözündə sıldırım qayalar üstündə dayanaraq zamanın çətinliklərinə meydan oxuyan müqəddəs bir yer canlanır. Bu şəhər 30 ilə yaxın düşmən tapdağı altında qalsa da heç vaxt sınmadı, əyilmədi, ümidini itirmədi. Çünki bilirdi Azərbaycan əsgəri onu tək qoymayacaq. Bilirdi ki, bir gün igid ərənlər onu əsirlikdə xilas edəcək. O gün 2020-ci ilin 1 dekabrında gəldi. Bir güllə belə atılmadan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan əsgərinin qətiyyəti nəticəsində Laçın azad edildi.
Bu gün Laçın azadlığının beşinci ildönümünü böyük qürurla qeyd edir. Uzun illərin həsrətindən sonra bu doğma yurd öz sahiblərinə qovuşub. Laçın artıq yenidən dirçəlir, yenidən ucalır.
Bir zamanlar Abdallar adı ilə tanınan Laçın 1930-cu ildən rayon mərkəzidir. Şəhərə Laçın adı isə təsadüfən verilməyib. O “uca duruş”, “məğrurluq” kimi mənaları ifadə edir. Zəngin təbiəti, qırmızı dəmirağac meşələri, nadir bitki növləri, müalicəvi mineral suları və qiymətli yeraltı sərvətləri ilə Laçın ölkəmizin strateji və təbii resurslarla zəngin bölgələrindən biridir. Bu diyar təkcə coğrafi deyil, həm də mənəvi, tarixi baxımdan böyük dəyərə sahibdir.
1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Laçın şəhəri uzun illər boyu ağır və amansız vandalizmə məruz qaldı. Tarixi abidələr, məscidlər dağıdıldı, evlər talan edildi. Lakin Azərbaycan xalqı işğalla heç vaxt barışmadı. Bu haqq savaşının bir gün başlanacağını Ali Baş Komandan dəfələrlə bəyan etmişdi və 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti təxribatına cavab olaraq əmr verildi: “İrəli!”. Azərbaycan əsgəri illərin həsrətini, qəzəbini bir yumruğa topladı. Xalqın birliyi, Ordunun gücü, Ali Baş Komandanın qətiyyəti bütün dünyaya Azərbaycan iradəsinin sarsılmaz olduğunu göstərdi. “Dəmir yumruq” düşməni ağ bayraq qaldırmağa məcbur etdi.
Laçın şəhəri siyasi masa arxasında Azərbaycanın qəti mövqeyi sayəsində azad olundu. Hətta 30 il ərzində şəhərə qeyri-qanuni şəkildə gətirilərək yerləşdirilmiş erməni əhalisinin təhlükəsiz şəkildə çıxarılması üçün humanist addımlar atıldı. Lakin bu humanistliyin qarşılığında ermənilərin geri çəkilərkən evləri yandırması bir daha göstərdi ki, işğalçı xisləti dəyişmir. Hansı ki, 1992-ci ildə Laçın işğal olunarkən əhali öz evlərindən zorla qovulmuş, qırğına məruz qalmışdılar.
Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli quruculuq, minalardan təmizləmə, yolların, məktəblərin, xəstəxanaların tikintisi bu torpaqlara yeni nəfəs gətirib. Azərbaycanın “Böyük Qayıdış” Proqramı çərçivəsində laçınlılar öz doğma yurdlarına dönür, 30 illik həsrətin yerini sevinc, ümid və quruculuq alır.
Laçın bu gün sanki ömrünün ikinci baharını yaşayır. Dağların, bulaqların, meşələrin üzünə yenidən gün doğub. Beş illik azadlıq sevinci təkcə Laçının deyil, bütün Azərbaycan xalqının sevincidir.
Gözün aydın Azərbaycan!
Gözün aydın, Laçın!
Gözünüz aydın, laçınlılar!