Məktəblilər muzeydə tarixi irsimizlə tanış olublar

Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gəzintisi təşkil edilib. Şagirdlərdə Vətənə məhəbbət, dövlətçiliyə sədaqət və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin gücləndirilməsi məqsədilə keçirilən gəzinti zamanı məktəblilər xalqımızın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar.

Muzeyin ekskursiyaçısı Səma Nağıyeva şagirdlərə muzeyin fəaliyyəti, burada qorunub saxlanılan tarixi əşyalar və eksponatlar barədə ətraflı məlumat verib. Daha sonra məktəblilər muzeyin müxtəlif bölmələrini ziyarət edərək nümayiş etdirilən eksponatlarla tanış olublar. Ekskursiya çərçivəsində 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan rayon igidlərinin qəhrəmanlıq yolu, eləcə də ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə şagirdlərə geniş məlumat çatdırılıb.