Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmişdir

16 il bundan öncə Naxçıvan şəhərində əsası qoyulan Türk Dövlətləri Təşkilatı (TDT) artıq dünyanın nüfuzlu təşkilatlarından birinə çevrilib. Burada üzv ölkələrin qarşıya qoyduqları məqsəd XXI əsrin Türk dünyasının firavanlıq əsrinə çevrilməsidir və artıq bu istiqamətdə aktiv iş aparılır. Azərbaycanın Təşkilata  üzv olan dövlətlərlə həm təşkilat çərçivəsində, həm də ikitərəfli münasibətlərdə ən yüksək səviyyədə əlaqələr qurması Prezident İlham Əliyevin türk dünyasına verdiyi önəmi sübut edir.

Təşkilata üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın gələcək inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Hazırda nüfuzu günü-gündən artan TDT dünya ölkələri tərəfindən mötəbər təşkilat kimi tanınır.

May ayının 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Təşkilatının 2-ci Qeyri-rəsmi Zirvə görüşndə iştirak edən respublikamızın Prezidenti cənab İlham Əliyev çıxışında  qeyd etmişdir ki, “Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm.

Cənab Prezident bildirmişdir ki, “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Həmçinin hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir”.

Ölkəmizin başçısı xatırlatmışdır ki, “Təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır. COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur.