Milli sözün 150 illik salnaməsi

Hər bir xalqın tarixində onun milli şüurunun formalaşmasına, mənəvi inkişafına və gələcəyə inamla addımlamasına təkan verən hadisələr vardır. Azərbaycan xalqı üçün belə əlamətdar tarixlərdən biri də 22 iyuldur. Məhz bu gün, 1875-ci ildə Həsən bəy Zərdabinin böyük fədakarlığı nəticəsində Azərbaycan dilində ilk qəzet – "Əkinçi" işıq üzü gördü. Bununla da milli mətbuatımızın əsası qoyuldu və xalqın maariflənməsi yolunda yeni bir səhifə açıldı.

O dövrdə cəmiyyət savadsızlığın, geriliyin və müxtəlif sosial problemlərin təsiri altında yaşayırdı. Belə bir şəraitdə Həsən bəy Zərdabi xalqın tərəqqisinin yalnız elm, təhsil və düzgün məlumatlandırma yolu ilə mümkün olduğuna inanırdı. Onun yaratdığı "Əkinçi" qəzeti sadəcə xəbərlər dərc edən nəşr deyildi. Bu qəzet insanları düşünməyə sövq edən, onları yeniliyə, biliyə və milli həmrəyliyə çağıran bir maarif məktəbi idi.

"Əkinçi"nin səhifələrində kənd təsərrüfatından tutmuş elmə, təhsilə, səhiyyəyə, milli-mənəvi dəyərlərə qədər cəmiyyət üçün vacib olan mövzular işıqlandırılırdı. Qəzet xalqın ana dilində danışır, onun problemlərini özününkü hesab edir, inkişafın əsas yolunu maariflənmədə görürdü. Məhz buna görə də "Əkinçi" qısa müddətdə oxucuların böyük rəğbətini qazandı.

Bu müqəddəs missiyada Həsən bəy Zərdabi tək deyildi. Dövrünün qabaqcıl ziyalıları onun ətrafında birləşərək milli oyanış uğrunda qələmləri ilə mübarizə aparırdılar. Onların birgə fəaliyyəti Azərbaycan milli mətbuatının gələcək inkişafı üçün möhkəm təməl yaratdı.

Hakim dairələrin tətbiq etdiyi məhdudiyyətlər və senzura nəticəsində "Əkinçi" cəmi iki il fəaliyyət göstərdi. Lakin onun cəmi 56 nömrəsi Azərbaycan tarixində yüzlərlə kitabın görə bilmədiyi işi gördü. "Əkinçi" xalqın düşüncə tərzini dəyişdi, milli mətbuat ənənəsinin əsasını formalaşdırdı və sonrakı nəsil ziyalılar üçün örnəyə çevrildi.

Sonrakı dövrlərdə "Ziya", "Kəşkül", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin" kimi mətbuat orqanları məhz "Əkinçi"nin açdığı yolla irəlilədi. Onlar cəmiyyətin maariflənməsində, milli özünüdərkin güclənməsində və ictimai fikrin inkişafında mühüm rol oynadılar.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafı yeni mərhələyə qədəm qoydu. Dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev söz və mətbuat azadlığının demokratik cəmiyyətin əsas prinsiplərindən biri olduğunu daim vurğulayırdı. Onun siyasi iradəsi nəticəsində 1998-ci ildə kütləvi informasiya vasitələri üzərində dövlət senzurası ləğv edildi. Bu tarixi qərar Azərbaycan mediasının sərbəst fəaliyyət göstərməsi üçün mühüm hüquqi zəmin yaratdı.

Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət tərəfindən media sahəsində həyata keçirilən islahatlar, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir informasiya texnologiyalarının tətbiqinə yaradılan imkanlar və media institutlarının inkişafına göstərilən dəstək ölkəmizdə peşəkar jurnalistikanın daha da möhkəmlənməsinə xidmət edir.

Müasir dövr informasiya texnologiyalarının sürətli inkişafı ilə xarakterizə olunur. Xəbərlər saniyələr ərzində bütün dünyaya yayılır, informasiya cəmiyyətin əsas təsir vasitələrindən birinə çevrilir. Belə bir şəraitdə jurnalistin üzərinə düşən məsuliyyət daha da artır. Dəqiq, obyektiv və operativ məlumatın çatdırılması, milli maraqların qorunması, dezinformasiyanın qarşısının alınması və ictimai etimadın möhkəmləndirilməsi peşəkar medianın əsas missiyasıdır.

Həsən bəy Zərdabinin yandırdığı maarif çırağı bu gün də sönmədən yolumuza işıq salır. Onun ideyaları milli jurnalistikanın əsas dəyərləri kimi yaşayır və gələcək nəsillərə örnək olur.

Milli Mətbuat Günü münasibətilə ölkəmizin bütün media nümayəndələrini təbrik edir, onlara möhkəm cansağlığı, yüksək peşəkarlıq, yaradıcılıq uğurları və Azərbaycan dövlətçiliyinin inkişafı naminə fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.