Müstəqillik günün mübarək Azərbaycan!

Hər bir xalqın ən böyük sərvəti müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik asan əldə olunmur. Bu yol əzm, iradə, istək, mübarizə, fədəkarlıqdan keçir. Necə ki, 1918-ci ildə xalqımızın bu keyfiyyətlərə malik vətənpərvər oğulları xalq adlı gücü də arxalarına alaraq müstəqillik uğrunda mübarizəyə qalxdılar. 1917-ci ildə Rusiyada baş verən inqilab nəticəsində Romanovlar sülaləsinin hakimiyyətinə son qoyuldu və Çar İmperiyası dağıldı. Tarixi fürsətdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etdi. Bununla da şərq dünyasında ilk demokratik, dünyəvi, parlamentli respublika yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Cəmi 23 ay fəaliyyət göstərə bilən bu Cümhuriyyət Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə ehtiva etməklə Azərbaycan xalqının yüksək mədəniyyətə, dövlətçilik ənənələrinə, siyasi iradəyə, milli şüura sahib olduğunu sübut etdi. Belə ki, qısa zaman kəsiyində dövlət atributları təsis olundu, o cümlədən şərq ailəmində ilk dəfə olaraq qadınlara seçki hüququ verildi, qadın-kişi bərabərliyi təmin edildi, ordu, milli valyuta, ana dili haqqında və çoxlu milli maraqları özündə əks etdirən qanunlar, eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul edildi.

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən qurulduğu bir zamanda dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı ölkələri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Azərbaycan Xalq Cümhuriyyəti ziddiyyətli tarixi şəraitdə olduqca fəal xarici siyasət yürüdərək 1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycan haqqında xüsusi qərar qəbul edilməsinə nail oldu. Həmin qərara əsasən, konfrans iştirakçısı olan ölkələrdən Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Belçika, Hollandiya, Yunanıstan, Polşa, İsveçrə, İsveç, Danimarka, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstan Azərbaycanı müstəqil dövlət kimi de-fakto tanıdılar. Həmçinin Ermənistan, Krım və başqa ölkələrlə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaradıldı.

Beləliklə, Azərbaycan Xalq Cumhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq AXC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın xahişi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Ölkə iqtisadiyyatı durmadan inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Həmçinin Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur.

Müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətindir. 1918-ci ildə qaldırılmış üç rəngli dövlət bayrağımız 1920-ci ildə endirildi. Lakin həmin bayraq Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırılmaqla tarixi ədalət bərpa edildi. Artıq Azərbaycan müstəqildir, azaddır, suverendir!