"Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə birincilik keçirilib

Dekabrın 17-də "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar dövlət qurumlarının əməkdaşları arasında "Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə "Suverenlik Kuboku" uğrunda birincilik keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışmada 26 komanda iştirak edib. Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov bildirib ki, birincilik dövlət qurumlarının əməkdaşları arasında intellektual potensialın inkişafı və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Belə yarışlar əməkdaşların dünyagörüşünün genişlənməsinə, analitik düşünmə bacarıqlarının artırılmasına və komanda ruhunun möhkəmlənməsinə mühüm töhfə verir. Məcid Seyidov eyni zamanda intellektual oyunlara marağın ildən-ilə artdığını vurğulayaraq bunun sevindirici hal olduğunu qeyd edib və bütün iştirakçılara uğurlar arzulayıb. Yarışın nəticələrinə əsasən Maliyyə Nazirliyinin "Financer" komandası birinciliyin qalibi, Təhsil Nazirliyinin "Maarifçilər" komandası ikinci yerin qalibi, Culfa Rayon İcra hakimiyyətinin "Culfa" komandası isə üçüncü yerin qalibi olub. İlk üç yerin sahibləri diplom və hədiyyələrlə, eyni zamanda qalib "Financer" komandası baş mükafat olan "Suverenlik Kuboku" ilə mükafatlandırılıb.