Naxçıvanda “Geomining – 2025” Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirilib

Forum, dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssisləri, dövlət nümayəndələrini və elmi dairələri bir araya gətirməklə geologiya və mədənçilik sahəsində əməkdaşlığın genişləndirilməsinə, innovativ yanaşmaların və geoloji potensialın müzakirəsinə imkan yaratdı.

Tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzdülər. Ardınca Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Forum “Naxçıvan Saray”da davam etdirildi. Burada Naxçıvanın filiz və qeyri-filiz faydalı qazıntı yataqlarından götürülmüş süxur və mineral resurslar, tikinti materialları nümunələri, həmçinin regionun təbiət zənginliklərini əks etdirən rəsm əsərləri nümayiş etdirildi. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli forum iştirakçılarını salamlayaraq, muxtar respublikada həyata keçirilən geoloji tədqiqatlar, faydalı qazıntı ehtiyatlarının qiymətləndirilməsi və ətraf mühitin qorunması istiqamətində görülən işlər barədə məlumat verdi. Fuad Nəcəfli qeyd etdi ki, 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramı bu sahədə sistemli yanaşmanı təmin edir və ekoloji tarazlığın qorunması ilə yanaşı, təbii resursların səmərəli istifadəsini prioritet kimi müəyyən edir.

Forumda çıxış edən beynəlxalq nümayəndələr – Türkiyə Respublikası energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Abdurazak Mirzayev, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və digər rəsmi şəxslər forumun əhəmiyyətini vurğuladılar. Bildirildi ki, Naxçıvan regionu Alp-Himalay Orogenik qurşağında yerləşdiyindən zəngin mineral ehtiyatlara malikdir və burada həyata keçirilən geoloji kəşfiyyatlar strateji əhəmiyyət daşıyır. 

Tədbirin sonunda forum iştirakçılarına Naxçıvanın yerli faydalı qazıntılarından hazırlanmış xatirə hədiyyələri təqdim olundu.