Ölkəmizin enerji təhlükəsizliyinə xidmət edən meqa layihə - “8 Noyabr” Su Elektrik Stansiyası

Dünən Azərbaycanın enerji sektorunda daha bir mühüm hadisənin şahidi olduq. Belə ki, “8 Noyabr” Su Elektrik Stansiyasının rəsmi açılışı keçirildi və bu layihə ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, ekoloji təmiz enerji mənbələrinin inkişaf etdirilməsi və azad olunmuş ərazilərin bərpası istiqamətində atılmış strateji addımlardan biridir. Stansiya, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin simvolik tarixi olan Zəfər Gününün adını daşıması ilə xüsusi əhəmiyyət kəsb edir. “8 Noyabr” Su Elektrik Stansiyası müasir texnologiyalar əsasında inşa olunub və ildə 1800 megavatt/saat elektrik enerjisi istehsal etmək gücünə malikdir. Bu isə həm regionun elektrik təminatını yaxşılaşdıracaq, həm də ümumrespublika enerji balansına müsbət təsir göstərəcək. Yeni stansiyanın istifadəyə verilməsi Azərbaycanın yaşıl enerji siyasətinin davamı olaraq, bərpa olunan enerji resurslarının inkişafına, ətraf mühitin mühafizəsinə və enerji müstəqilliyinə mühüm töhfə verəcək.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev, bu layihənin həm iqtisadi, həm də siyasi baxımdan önəmli olduğunu vurğulayaraq bildirdi ki, bərpa olunan enerji potensialı azad edilmiş ərazilərin inkişafının əsas dayaqlarından biri olacaq. Cənab Prezident qeyd etdi ki, “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir”.

Ölkəmizin başçısı bildirdi ki, “Mingəçevir 1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdır. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır. Həmçinin ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik.

Prezident qeyd etdi ki, bu layihənin qısa müddət ərzində icra edilməsi rekord nəticə sayıla bilər. Çünki təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir - bəlkə də üç il, dörd il, beş il, bəlkə daha da çox. Misal üçün, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yəni, yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik.

Cənab İlham Əliyev bildirdi ki, “Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanmışdır və mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Mənim aprel ayında Çinə dövlət səfərim zamanı lazım olan razılaşmalar əldə edildi. Onu da bildirməliyəm ki, Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni, bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi, siyasi əlaqələr çox yüksək səviyyədədir və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Həmçinin bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkə Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik. Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq, - halbuki bu gün də kifayət qədər yüksək səviyyədədir, - və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.

Cənab Prezident sonda qeyd etdi ki, “Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq”.