Pekindən dünyaya musiqili mesaj - “Ey Vətən!”

Yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycanın siyasi-iqtisadi müstəvidə Çin Xalq Respubliakası ilə atdığı birgə addımlar təkcə regionumuz üçün deyil, həm də şərqlə qərb arasında yeni imkanların əldə edilməsinə böyük töhfə verir. Bu gün 2500 illik tarixə malik qədim ipəkyolunun Çinlə birləşdirdiyi ölkəmiz yeni dövrün tələbinə uyğun, qarşılıqlı maraqlar nəzərə alınaraq, münasibətlərin qurulması yönündə fəal işlər görülür.  Məhz cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı müxtəlif sahələr üzrə imzalanan sənədlər Azərbaycanın Çinlə əlaqələrin genişləndirilməsində nə qədər maraqlı olduğunu göstərir. Eləcə də cənab İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən yüksək qonaqpərvərliklə qarşılnamsı dünya nəhəngi Çinin Azərbaycana verdiyi önəmi və dəyəri sübut edir. İki günülük səfər zamanı Azərbaycan Prezidentinin qarşılanmasından tutmuş yola salınmasına kimi ən incə məqamların nəzərə alınması hələ də dünya mətbuatının manşetlərini bəzəyir. Belə ki, qarşılama mərasimi zamanı uşaqların Çin və Azərbaycan bayraqları ilə nəğmə oxuması, rəqs etməsi ölkələrimizin gələcəkdə də birlikdə olacaqları mesajını verirdi. Həmçinin orkestrin “Ey Vətən!” adlı Azərbaycan musiqisini səsləndirməsi də Çinin ölkəmizə və onun suverenliyinə göstərdiyi etiramın təzahürüdür.

Respublikamızın Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfərinə Çin mediası böyük maraq göstərirdi. Səfərin bütün məqamlarını hər incə ayrıntısına qədər tirajlayan kütləvi informasiya vasitələri Azərbaycan-Çin əlaqələrinin inkişaf perspektivləri haqqında sil-silə verilişlər hazırlayırdılar. Hətta Çinin CGTN telekanalının müsahibə istəyini geri çevirməyən cənab İlham Əliyev verilən sualları cavablandıraraq bir çox məqamlara da aydınlıq gətirdi. Cənab Prezident bildirdi ki, “Altı ildən sonra yenidən Çinə səfər edirəm. Lakin bununla belə, mənim bu vaxta qədər bir sıra tədbirlərdə Sədr Si ilə görüşmək imkanım olub. Sonuncu dəfə biz iyul ayında Strateji Tərəfdaşlıq Haqqında Bəyannaməni qəbul etdiyimiz bir beynəlxalq tədbir çərçivəsində görüşdük. Bir sözlə, həmin görüş əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı. Sonuncu görüşümüzdən bir ildən az vaxtın keçməsinə baxmayaraq, bu gün biz Sədr Si ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfər də, həmçinin. Nəticələrdən çox razıyam. Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninə nəzər yetirsəniz, ikitərəfli əlaqələrin geniş gündəliyini görəcəksiniz. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür.”

Ölkəmizin başçısı Çin Xalq Respublikasının Sədri ilə şəxsi münasibətlərinə də toxunaraq bildirib: “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlif məsələlər ətrafında öz aramızda fikir mübadiləsi apardığımız zaman mənim üçün onun mövqeyini bilmək hər zaman vacibdir, çünki o, çox təcrübəli dövlət xadimidir. Ona böyük hörmətim var. O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradan qoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdə xeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehriban insandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbət edəndə sanki köhnə dostunuzla danışırsınız”.

Cənab Prezident ölkələrimiz arasındakı isti münasibətlərin inkişaf tarixi haqqında danışarkən xalqımızın Ulu Öndəri Heydər Əliyevin bu əlaqələrin qurulmasındakı roluna da toxunub: “Mərhum atam iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı”.

Prezident İlham Əliyev müsahibə zamanı bərpaolunan enerji istehsalı ilə bağlı Azərbaycanda görülən işlərdən və Çin şirkətlərinin bu sahədəki fəaliyyətlərinə də toxunub: “Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, bizim imzaladığımız və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Sadəcə, müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq - 6 min meqavat Günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik. Beləliklə, bizim bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizim strategiyamıza və sizin gündəliyinizə uyğundur.”

Ölkəmizin başçısı Çinlə Azərbaycan arasındakı tranzit daşımalarının önəminə də toxunaraq qeyd edib ki, “Biz artıq qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışıq. Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədəkdir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Bu, yalnız başlanğıcdır. Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq”.

Cənab Prezident həmçinin bildirib ki, “Biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Prezident Si Cinpin məni Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm. Hesab edirəm ki, bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar. Çünki biz Xəzərin qərb sahilində yerləşən ölkəyik. Eyni zamanda, Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır. Biz proaktiv olmağa, yəni, öncədən tədbir görməyə davam etməliyik. Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən mən Qlobal Cənubun maraqlarını müdafiə etdim və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdim. Biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır”.